22 May 2015 17:04
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: “Ölkəmiz həm yarışların təşkilindən, həm də yarışların özündən yüksək bal alacaq”

“İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən çox böyük etimaddır. Çünki Avropa Oyunları müstəqilliyini qazanmasından çox da uzun illər keçməyən və qısa müddət ərzində böyük uğurlara imza atan ölkədə keçirilir. Digər tərəfdən bu, Azərbaycanın dünya arenasına çıxması və beynəlxalq münasibətlərdə aktiv rol oynaması üçün yaranmış çox gözəl bir fürsətdir. Yəni, Avropa Oyunlarını yüksək səviyyədə hazırlayıb keçirən Azərbaycan özünü təbliğ nöqteyi-nəzərindən mühüm bir sınaq imtahanı vermiş olur, beynəlxalq ictimai rəydə özünə kifayət qədər yüksək reytinq qazanır və bu reytinqin hesabına dünya siyasətində fəal rol oynamağa başlayır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ən müsbət tərəfi o olacaq ki, Dağlıq Qarabağ kimi bir problemi həll etmək üçün Azərbaycan indi beynəlxalq münasibətlər sistemində daha dinamik və çevik siyasət yeritməyə başlayacaq. Böyük ehtimalla güman edirəm ki, bu isə Azərbaycanın qarşısına qoyduğu məqsədə çatmağa şərait yaradacaq”.

Bu fikrləri Teleqraf.com-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan Rusiya da daxil olmaqla, postsovet məkanında yeganə ölkədir ki, belə mürəkkəb və miqyaslı yarışları keçirib və uğurla, yüksək səviyyədə, keyfiyyətlə keçirmək potensialına malikdir:

“Düzdür, Rusiya böyük dövlətdir və orada saysız-hesabsız böyük idman qurğuları var. Amma idman qurğularının yeniliyi, onların qısa bir müddətdə istifadəyə verilməsi, eləcə də, idmançıların həm gediş-gəlişi, həm rahat yaşayıb məşq etməyi və öz uğurlarını nümayiş etdirmələri üçün Azərbaycanda yaradılan şəraiti şişirtmədən və başqalarının nüfuzuna toxunmadan deyə bilərəm ki, heç bir ölkə yarada bilməzdi. Azərbaycan bu gün artıq Avropa oyunlarının bütün növləri üzrə idman qurğularını tikib istifadəyə verib, hətta sınaqdan keçirib. Azərbaycan ölkəyə gələcək turistləri yerləşdirmək üçün lazım olan otel və infrastruktur qurğularının hamısını saz vəziyyətdə sınaqdan keçirib və necə deyərlər, böyük bir inamla yarışların başlanacağı günü, yəni iyunun 12-ni gözləyir. Bu yarış birinci yarış olsa da, Avropanın tarixinə qızıl hərflərlə yazılacaq. Çünki ilk dəfədir ki, belə bir yarış keçirilir. İlk dəfə olaraq belə bir yarış imperiya tərkibinə daxil olmuş bir ölkədə keçirilir. Amma bütün bunlara baxmayaraq, çox yüksək səviyyədə təşkil edilib və həm gələn idmançılar, həm də yarışları izləmək üçün gələn turistlər burada qarşılarında çox gözəl bir paytaxt, çox gözəl qayda-qanun, hər şeyin ən yüksək səviyyədə təşkil edildiyi bir vəziyyətin şahidi olacaqlar. Ən başlıcası isə idman yarışlarını izləməklə yanaşı gözəl istirahət etmək, ölkənin gəzməli yerləri ilə tanış olmaq, bir sözlə özlərinin yay istirahətlərini ən yüksək səviyyədə keçirmək şansları qazanacaqlar”.

Politoloq qeyd edib ki, bizim üçün ən vacib olan odur ki, əvvəla biz idman yarışlarında ən yüksək yerlə üçün mübarizə aparacaq: “Çalışacağıq ki, idmançılarımız bu yarışlarda idmanın bütün növləri üzrə medallar qazansınlar, ən yaxşı yerləri tutsunlar və doğma Azərbaycanımızı yarışlar təsnifatında imkan daxilində ən yüksək yerə çıxarsınlar. Bu, həm də Azərbaycanın başqa bir formada, Azərbaycanda idmana qayğı, idmanın möhkəm maddi-texniki bazasının olması, idmanın dövlət tərəfindən ciddi himayə altına alınması kimi amili üzrə çıxarmaq üçün çox gözəl bir imkan ola bilər. Mən əminəm ki, bunların hamısı baş verəcək. Yəni, yarışlar gözəl təşkil edildiyindən Azərbaycana Avropanın və dünyanın həm turistləri, həm də media mənsubları axışıb gələcəklər. İdman yarışları çox yüksək səviyyədə təşkil olunacaq və idmançıların, turistlərin, tamaşaçıların daşınması prosesi yüksək səviyyədə təşkil olunacaq və yarışları başa çatdıqdan sonra doğma vətənimizi də yarış iştirakçıları arasında ən yüksək yerlərdən birini tutmuş ölkələr sırasında görəcəyik”.

Müsahibimiz bildirib ki, bu, bizim üçün ikiqat bayram olacaq: “Birincisi, Avropa Oyunlarının keçirilməsi sahəsindəki imtahandan yüksək bal alacağıq. Daha sonra isə idman yarışlarının özündən yüksək bal alacağıq. Bunların hər ikisi Azərbaycanın ilk Avropa oyunlarında uğurunun əsasını təşkil edəcək. Azərbaycan xalqı bunu səbirsizliklə gözləyir”.

Səxavət HƏMİD


Müəllif: