23 May 2015 09:37
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya ilk Avropa Oyunlarında idmanın 20 növü üzrə 133 atletlə təmsil olunacaq. Bu ölkəni “Bakı-2015”də təmsil edəcək idmançılar yarışlarda yüksək nəticələr göstərmək üçün bütün güclərini səfərbər edəcəklər.

AZƏRTAC xəbər verir ki, Avarçəkmə idman növü üzrə ilk Avropa Oyunlarında mübarizə aparacaq Nikolina Moldovan medallara böyük ümid bəslədiyini və yarışlara ciddi hazırlaşdığını deyib: “İlk Avropa Oyunlarına böyük ümidlərlə gedirik və ən yaxşı nəticələri göstərmək istəyirik. Əsas məqsədimiz Bakıdakı yarışlara fiziki baxımdan tam hazır olmaqdır. “Bakı-2015”in Olimpiya Oyunları səviyyəsində təşkil olunacağını artıq bilirəm”.

2012-ci ildə keçirilmiş London Yay Olimpiya Oyunlarında taekvondo üzrə yarışlarda qızıl medal qazanmış, “Bakı-2015”də Serbiya yığmasının bayraqdarı seçilmiş Milica Mandiç isə təəssüratlarını bu sözlərlə ifadə edib: “Açılış mərasimində Serbiya bayrağını daşıyacağım üçün qürurlanıram. Avropaya məxsus yeni idman yarışlarının təşkili məni çox məmnun edir. İlk Avropa Oyunlarında yüksək nəticələr göstərəcək idmançılar üçün gələcək turnirlərdə yaxşı imkanlar yaranacaq. Güclü rəqiblərlə mübarizə aparacağıq, yarışlar gərgin keçəcək. Nəzərə alsaq ki, “Bakı-2015” Olimpiya Oyunları səviyyəsində təşkil olunacaq, o zaman heç vaxt Olimpiya Oyunlarında iştirak etməyən idmançılar üçün bu hərəkatın ruhunu hiss etmək fürsəti yaranacaq”.

Atıcılıq üzrə Serbiya yığmasının üzvü Damir Mikec əsas hədəfinin ilk Avropa Oyunlarının finalınadək irəliləmək və medallar qazanmaq olduğunu deyib: “İndiyədək qazandığım nailiyyətlərlə kifayətlənmək istəmirəm, daha böyük emosiyalarla, yeni həyəcanla ilk Avropa Oyunlarına hazırlaşıram. “Bakı-2015”də yarışlar heç də asan keçməyəcək, ancaq mən hər zaman özümdən daha artıq nəticə gözləyirəm”. O bildirib ki, bu yarışlar “Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlıq baxımından da yaxşı fürsətdir: “Əslində “Bakı-2015” də Olimpiya Oyunlarını xatırladır: məşəlin alovlanması, atletlər kəndinin qurulması və digər məqamlar”.

London Yay Olimpiya Oyunlarının gümüş medalçısı, atıcılıq üzrə serbiyalı atlet İvana Maksimoviç də Bakıdakı yarışlara tam hazır olduğunu deyib: “Nəzərə alsaq ki, Avropa Oyunları ilk dəfədir keçirilir, bu cür böyük idman tədbirindən mütləq medallarla qayıtmaq lazımdır. Hesab edirəm ki, yaxşı nəticələr göstərməyə qadirəm. Bakıda möhtəşəm idman atmosferi və uğurlu nəticələr bizi gözləyir. Hazırda bütün diqqətimi bu yarışlara kökləmişəm. Medal qazanmaq və tarixə düşmək istəyirəm”.

Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zarko Paspalj isə milli komandanın vətənə çoxlu medallarla və yüksək nəticələrlə qayıdacağına ümidvar olduğunu deyib.


Müəllif:

Oxşar xəbərlər