25 May 2015 16:47
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işləri qrafikə uyğun aparılır. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “EurActiv” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, idman infrastrukturu, həmçinin hotellər artıq hazırdır: “Hələ də davam edən yeganə iş təhlükəsizliyin yoxlanması, generatorlar və informasiya texnologiyaları üçün nəzərdə tutulmuş xüsusi çadırlar kimi müvəqqəti obyektlərin tikintisidir. Belə işlər son günə qədər davam edəcək və bu, normal haldır”.

Nazir qeyd edib ki, Avropa Oyunları bütün iştirakçı ölkələrə özlərinin güclü tərəfini göstərmək üçün yaxşı imkandır: "Axı Olimpiya Oyunlarında iştirak etmək istənilən idmançının karyerasında zirvə hesab edilir və hərdən elə olur ki, bu fürsət ələ bir dəfə düşür".

A.Rəhimov həmçinin bildirib ki, idman siyasət deyil və bu iki anlayışı qarışdırmaq lazım deyil, bununla yanaşı, idman tədbirləri bir çoxlarının diqqətini cəlb edir: “Müxtəlif təşkilatlar, əsasən, QHT-lər, diqqəti aşkar etdikləri müəyyən problemlərə cəlb etmək istəyirlər. Bu, yalnız Soçidə (2014-cü il) Rusiyaya və ya Tibetə görə Pekində Olimpiya Oyunları zamanı (2008-ci il) Çinə qarşı baş verməmişdi. Hətta Londonda Olimpiya Oyunları zamanı (2012-ci il) dağıdılan binalar, evlərindən köçürülən insanlarla bağlı çoxlu etirazlar olmuşdu. Deyərdim ki, normal prosesdir. Ancaq Avropa Oyunlarını boykot etmək çağırışları məntiqli deyil, belə ki, bu tədbir insanları birləşdirmək üçün yaxşı imkandır. Bu, dostluğun festivalı, bir yerə toplanmış insanların bayramıdır. Bu, sağlam həyat tərzi, idman üçün yaxşı təbliğatdır”.

Daha sonra nazir vurğulayıb ki, Ermənistan da daxil olmaqla 50 ölkə Avropa Oyunlarında öz iştirakını təsdiqləyib: “Ermənistan da iştirak edəcək və Ermənistan televiziyası Oyunların nümayişi hüququnu əldə edib. Heç bir ölkə heç vaxt Avropa Oyunlarını boykot etmək və ya tədbirdə iştirak etməmək kimi məsələləri müzakirə etməyib. Təqribən 6200 idmançı gələcək. Onları 3000 nəfərlik nümayəndə heyəti müşayiət edəcək”.


Müəllif:

Oxşar xəbərlər