“Millət vəkilləri fərqli siyasi qüvvələri təmsil etsələr də, şəxsi müstəvidə heç bir problem yoxdur. Əli Babayev isə Gürcüstan azərbaycanlıları demək deyil. Biz normal münasibətdəyik, burada çoxlu sayda qeyri hökumət qurumları fəaliyyət göstərir və onlar arasında da xüsusi bir narazılıq müşahidə edilmir. Konkret olaraq düşmənçilik münasibəti haqqında danışmağa belə dəyməz. Cəmiyyətlərimiz, gəliş-gedişimiz, xeyir və şər işimiz birdir. Gürcü dilini bilənlər, XXI əsrdə yetişən gəncliyimiz var ki, onlarla fəxr edə bilərəm”.
Bunu Teleqraf.com-a müsahibəsində Gürcüstan parlamentinin üzvü Azər Süleymanov bildirib. Müsahibəni təqdim edirik:
- Azər müəllim, hazırda Gürcüstanda daxili situasiya, iqtidar-müxalifət münasibətləri necədir?
- Gürcüstanda siz təsəvvür etdiyiniz hökumət yoxdur, bu səbəbdən iqtidar-müxalifət münasibətləri haqqında danışmaq olmaz. Faktiki olaraq ölkədə siyasi böhran yaşanır. İndi hakimiyyətdə olan qüvvə müxalifəti görmək istəmir. Gürcüstan dövlətində siyasi, iqtisadi böhran yaşanır, devalvasiya mövcuddur, gələcəyə ümid yoxdur. “Gürcü Arzusu” bloku hakimiyyətə gələndə çoxlu sayda öhdəliklər götürmüşdü, böyük vədlər vermişdi. Ancaq son üç il göstərdi ki, onların verdiyi vədlər nağıldan savayı bir şey deyil. Ancaq uzun müddət xalqı nağıla inandırmaq mümkün deyil. Durum bundan ibarətdir. Müxalifət partiyasının irəli sürdüyü təklifləri eşitmirlər. Hökumətin devizi bundan ibarətdir.
- Müxalifətin durumu necədir, nə düşünürsünüz?
- Biz müxalifət düşərgəsini təmsil edirik. Müxalifət nə düşünə bilər ki? Əsas hakimiyyətdə olan qüvvə düşünməlidir. Biz müxalifət olaraq iqtidarın buraxdığı səhvləri qeyd edə bilərik, görmədiyi işləri göstərə bilərik. İndi müxalifətin elə rıçaq və resursları yoxdur ki, bu haqda iş aparsın. Hazırda Gürcüstandakı müxalif siyasi partiyalar qarşıdan gələn seçkilərə hazırlaşır. Biz tələb edirik ki, bəzi qanunlar dəyişdirilsin, vaxtından əvvəl parlament seçkilərinə keçirilsin. Bununla da, dövlət böhrandan çıxarılsın. Təbii ki, biz müxalifət olaraq yaşanan böhrandan çıxış yollarını da göstərdik. Lakin hakimiyyətdə olan komanda buna getmədi. Təsəvvür edin ki, onlar ölkəni iqtisadi böhrandan çıxarmaq üçün irəli sürdüyümüz təklifləri belə eşitmək istəmirlər. Əgər növbədənkənar parlament seçkiləri keçirilsə, biz bu seçkilərdə iştirak edəcəyik. Əks təqdirdə seçkilər 2016-cı ildə keçiriləcək. Biz də bu seçkiyə ciddi hazırlaşırıq. Hesab edirik ki, bu seçkilərdə gürcü xalqı lazım olan siyasi qüvvəyə səsini verəcək.
- İndiyə qədər sizin də təmsil olunduğunuz Vahid Milli Hərəkat Partiyası bir neçə dəfə mitinq keçirib. Yaxın dövrdə mitinqlər planlaşdırılırmı?
- Hələlik mitinqlər gözlənilmir. Ancaq Gürcüstanın müxtəlif regionlarında hər gün mitinqlər, etirazlar olur. Qaçqınlardan tutmuş sadə insanlara qədər aksiyalar keçirirlər. Bu aksiyalar daha çox sosial problemlərlə bağlı olur. Təbii ki, biznesmenlərin də problemləri ortaya çıxır. Çünki malları dollarla alıb lariyə satılmasında problemlər mövcuddur. Yəni vəziyyət müxtəlif cürdür. Xırda problemlər çoxdur. Həm də ən pis məqam odur ki, bir çox yerlərdə savadı olan insanları işdən azad edir, yerlərinə universiteti bitirməyən insanları təyin edirlər. İndi əgər hakimiyyətdə təmsil olunan yüksək çinli məmurun qohumusansa, çox asanlıqla yaxşı vəzifə tuta bilərsən. Bu da irinlənmiş yara kimi bir şeydir və fəsadı ola bilər.
- Siz, Gürcüstanda hər şeyin pis olduğunu deyirsiniz, amma “Gürcü Arzusu” blokundan deputat seçilən şəxslər hər şeyin əla olduğunu ifadə edir. Elə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev də ölkənin inkişaf etdiyini vurğulayır...
- Öncə onu nəzərinizə çatdırım ki, Gürcüstanda siz dediyiniz bir konqres yoxdur. Əli Babayevin özü “Gürcü Arzusu”ndan qovulub. Əslində o heç blokda ali şuranın üzvü də deyildi. Əli Babayevin bir məqsədi var: Gürcüstanda irəlidə gedən insanları vurmaq, onlara şər-böhtan atmaq. Başına da 2-3 adam toplayıb. “Gürcü Arzusu”nu tərifləməklə ağız bala batmır. İkincisi, həm Əli Babayev, həm də digərləri ortaya konkret fakt qoysun və desin ki, filan istiqamətdə ciddi irəliləyiş əldə edilib. Ortaya fakt qoymadan nəsə demək ciddi qarşılanmaz. Üçüncüsü, bu gün Gürcüstanda Azərbaycan məktəbləri bağlanır. Biz bunu SOS siqnal kimi qeyd edirik və bunun qarşısını almağa çalışırıq. Elə bu proseslərin də arxasında duran Əli Babayevdir. Əslində, keçmiş prezident Mixail Saakaşvilinin partiyasını pisləməklə, soydaşlarımızın öndə gedənlərini dışlamaqla zənn edirlər ki, özləri tərifə layiq görüləcəklər. Buyurun, işləyin və insanlar da bunun müqabilində sizi tərif etsinlər. Əli Babayev millət vəkili deyil. Bildiyim qədər cəmiyyət sədri də deyil və onun fikirləri bizim üçün o qədər əhəmiyyətli də hesab olunmur.
- Əli Babayev özünü Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri olaraq təqdim edir...
- Konqres deyəndə ki, bir özüdür, bir də qələmi. Başqa heç nə. Gürcüstanda belə bir konqres tanınmır. Yəni konqres özündən ibarətdir. Gürcüstan azərbaycanlılarının üç millət vəkili, ictimaiyyəti, ziyalıları var. Məndə onun konqresində bir ziyalının təmsil olunması haqqında informasiya yoxdur.
- Niyə Gürcüstanda yaşayan azərbaycanlıların tanınmış şəxsləri bir-birinin ayağını qazır?
- Əslində, belə bir məsələ yoxdur. Burada hər kəs bir-birilə gözəl münasibətdədir, can deyib, can eşidirlər. Bu sarıdan heç bir problem yoxdur. Millət vəkilləri fərqli siyasi qüvvələri təmsil etsələr də, şəxsi müstəvidə heç bir problem yoxdur. Əli Babayev isə Gürcüstan azərbaycanlıları demək deyil. Biz normal münasibətdəyik, burada çoxlu sayda qeyri hökumət qurumları fəaliyyət göstərir və onlar arasında da xüsusi bir narazılıq müşahidə edilmir. Konkret olaraq düşmənçilik münasibəti haqqında danışmağa belə dəyməz. Cəmiyyətlərimiz, gəliş-gedişimiz, xeyir və şər işimiz birdir. Gürcü dilini bilənlər, XXI əsrdə yetişən gəncliyimiz var ki, onlarla fəxr edə bilərəm. Bir daha qeyd edirəm ki, siyasi baxımdan fərqli fikirlər ola bilər, amma şəxsi müstəvidə hamımız mehribanıq və bundan qürur duymaq olar. Bir Əli Babayevə görə demək olmaz ki, Borçalıda qurumlar arasında problemlər və ya düşmənçilik mövcuddur. Biz hamımız Gürcüstan vətəndaşıyıq, bu dövlət uğrunda hər şeyə hazırıq. Çünki bura bizim vətənimizdir. İki qardaş arasında da fikirlər bəzən fərqli olur, amma bunun da sivil şəkildə həlli imkanları var.
- Siz etiraf etməsəniz də, Gürcüstanda bəzi soydaşlarımız var ki, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin ölkəyə buraxılmamasına görə sevinirlər. Bunu necə qiymətləndirmək olar?
- Bu hadisəyə Əli Babayevdən başqa heç kəs sevinmir. Onu da qeyd edim ki, bu hadisə Gürcüstanda hakimiyyət dəyişəndə sonra baş verdi və onun da arxasında Əli Babayevin tanışları durur. Siz Gürcüstan mətbuatını, elə Azərbaycan mediasına da baxsanız görərsiniz ki, buradakı ziyalılar, millət vəkilləri, qeyri hökumət təşkilatları Gürcüstan dövlətinə müraciət edib və bildirib ki, Zəlimxan Məmmədli bu dövlətə heç vaxt düşmən olmayıb, keçirdiyi tədbirlərdə dövlətin bütövlüyünə xidmət edib, özü də bunu dəfələrlə elan edib. Ola bilsin ki, bu kimi hallar Əli Babayevin xoşuna gəlmir. Nüfuz isə bazarda satılmır ki, gedib pul verib alasan. Bunu qazanmaq lazımdır. Çox təəssüflər olsun ki, Əli Babayev bunu qazana bilmədi, əvəzində Zəlimxan Məmmədli kimi insanları qısqandı. Mən buna təəssüf edirəm.
- Azərbaycanla-Gürcüstanın münasibətləri necədir?
- Azərbaycanda mənim 10 milyon bacı-qardaşım yaşayır. Hər an fəxr edirik ki, Azərbaycan kimi dövlətimiz, ikinci vətənimiz var. Üstəlik ölkə gündən-günə inkişaf edir. Azərbaycan-Gürcüstan münasibətlərinə gəldikdə, bu iki müttəfiq və strateji tərəfdaş dövlətdir, xalqlarımız dostdur. Ola bilsin ki, dövlətlər arasında kiçik problemlər olsun. Bu kimi hallar dövlətlər arasında asanlıqla çözülür. Bu mənada bizim Azərbaycana münasibətimiz hər zaman müsbətdir.
- Bir neçə gündən sonra Azərbaycanda I Avropa Oyunları start götürəcək. Bu beynəlxalq idman tədbirinin Azərbaycanda keçirilməsini necə qiymətləndirirsiniz?
- Bu idman yarışı idman sahəsinin inkişafından başqa, Azərbaycana böyük uğurlar gətirəcək. Çünki bütün Avropa Azərbaycan, onun inkişafı, mədəniyyəti, qonaqpərvərliyi, xalqımızın tarixi haqqında geniş məlumat əldə edəcək. Şübhəsiz ki, yarışlar zamanı Azərbaycana çoxlu sayda turistlər axın edəcək, əksər medianın diqqəti Azərbaycana yönələcək. Mən Gürcüstan vətəndaşıyam, azərbaycanlı olsam da, əslində əcnəbiyəm, baxmayaraq ki, orada yaşayanlar mənin bacı-qardaşlarımdır. Hər dəfə Azərbaycana gələndə inkişafın, böyük işlərin getdiyinin şahidi oluram. Bu inkişafı dünyaya göstərmək lazımdır. I Avropa Oyunları da bu baxımdan yaxşı fürsətdir. Mən internetdən oxudum ki, ermənilər də bu yarışa gəlib baxmaq istəyirlər. Buyurub, gəlsinlər. Həm Azərbaycana, həm də öz ölkələrinə baxsınlar. Getsinlər dağılan Ermənistanda danışsınlar ki, Azərbaycan necədir, hansı səviyyədədir. Arzu edirəm ki, yarışlar zamanı da qələbəmiz və uğurumuz çox olsun.
Nemət