26 May 2015 12:54
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əlirzayev: "Bu prosesin iqtisadi əhəmiyyəti daha böyükdür"

Pərviz Heydərov: "İnvestisiya axın üçün əlverişli imkan yaranacaq"

Bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək çoxnövlü idman yarışı - I Avropa Oyunlarının ölkə üçün gözlənilən faydalarını bir çox ekspertlər vurğulayırlar. Ümumiyyətlə, qitə səviyyəli bu cür kütləvi tədbirlərin əhəmiyyəti hamıya məlumdur. İqtisadi yüksəlişə və siyasi sabitliyə nail olmuş hər bir ölkənin belə tədbir və yarışların ev sahibliyinə çalışması da bundan irəli gəlir.

I Avropa Oyunlarının önəmindən danışarkən ilk növbədə iqtisadi amillər yada düşür. "Bakı-2015"in Azərbaycana divident qazandıracağı fikrini yerli ekspertlərlə bərabər xarici analitiklər də təsdiqləyir. Bildirilir ki, oyunların uğurlu nəticələri konkret bir sahəni, daha dəqiq desək, yalnız idman sahəsini əhatə etməyəcək, siyasi, iqtisadi, mədəni baxımdan da ölkəmizə uğur gətirəcək.

Artıq Olimpiya Oyunları ilə bağlı ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artdığı, bir sıra vacib layihələrin reallaşdırıldığı bildirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil edib.

"Bakı-2015"-dən sonra bu rəqəmlərin daha da yüksələcəyi, investisiya qoyuluşunun artacağı bildirilir.
İqtisadçı Əli Əlirzayev deyir ki, beynəlxalq tədbirlərin keçirilməsinin istənilən ölkə üçün müsbət tərəfləri var: "Belə tədbirlərə çoxlu sayda insan qatılır, bu, ölkənin təbliği üçün zəruridir. Əlbəttə, beynəlxalq tədbirlərdə yerli maraq daha üstün olur. Biz göstərməliyik ki, bu sahədə hegemon, aparıcı həlqəyik, çox şey edə bilirik. Əldə etdiyimiz nəticələri bu cür tədbirlərdə ortaya qoyur, yeni mənbələr axtarırıq.
I Avropa Oyunlarının siyasi, iqtisadi, inteqrasiya tərəfləri var. İlk öncə nəzərə almaq lazımdır ki, bu oyunlara minlərlə insan qatılacaq. Biz bu müddətdə gələn turistləri cəlb etməliyik ki, onlar yenidən bizim ölkəyə gəlsinlər. Otellərdə qalan turist də pul ödəyəcək və bu zaman otellər işlək olur, müştərisi çoxalır, əlavə işçilər tələb olunur. Məsələn, tələbələri dəvət ediblər ki, könüllülər dəstəsində təmsil olunsunlar. Tələbələr 2-3 ay müddətində bu prosesdə iştirak edəcək, onların yeməyi, istirahəti olacaq. Bütün bunlar çox əhəmiyyətlidir.

Oyunlarla bağlı biletlər satılacaq və bu da iqtisadiyyata dəstək olacaq. Bu da maliyyə mənbəyidir. Bütövlükdə götürəndə bu prosesin iqtisadi əhəmiyyəti daha böyükdür. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan tanınacaq. Bizi sevməyən, düşmən olan ölkələr var. Onlar da görəcəklər ki, Azərbaycan inkişaf edir, belə gözəl şərait qurulub, ölkənin potensialı, milli sərvətləri var".

Tədbirin daha çox turizmin inkişafına təsir edəcəyini deyən Əli Əlirzayev bunun gələcəkdə daha çox özünü göstərəcəyini vurğulayır: "İndi turistlərin axını daha çox I Avropa Oyunlarına görədir. Həmin turistlərin qohumlarının, yaxınlarının gələcəkdə turist qismində bura gəlməsinə səbəb olacaq. Yəni bu, zəncirvari prosesdir. Bir daha qeyd edim ki, oyunların özü idman tədbiri olmaqla yanaşı turizm tədbiridir. Tikilən komplekslər gələcəkdə turistlər üçün əhəmiyyət kəsb edəcək. Azərbaycan həm də dünya tarixində ilk Avropa Oyunlarının məkanı kimi qalacaq".

Ekspert "Bakı-2015"in ölkəyə investisiya qoyuluşunu aktivləşdirəcəyini deyir: "I Avropa Oyunları iqtisadi mühiti, kapital qoyuluşu sahəsindəki potensialı üzə çıxaracaq. Ona görə də investorlar özləri kapital qoyuluşunda maraqlı olacaq. Bu, həm də psixoloji məqamdır, çünki böhran vaxtında Azərbaycanın bu cür genişmiqyaslı tədbirə ev sahibliyi etməsi də güclü potensiala malik olması deməkdir. Bu isə öz növbəsində dünya investorlarının diqqətindən yayına bilməz.

Tikilənlər, yaradılanlar ölkənin ehtiyatı, sərvətidir, gələcək üçündür. Təbii ki, gələcəkdə istifadə olunduqca qazanc gətirəcək. Vaxtilə neft sənayesi yaradıldı və bu, bizim durumumuzu yaxşılaşdırdı. Ola bilər ki, indi yaradılan infrastruktur gələcəkdə bizə xeyli qazanc gətirsin. Bu komplekslər başqa ölkələrə icarəyə verilə bilər, müxtəlif oyunlar burada keçirilə bilər. Üstəlik, bizdə yaxşı işçi qüvvəsi var. Gələcəkdə bu şəraitdən istifadə ediləcək və həm də kommersiya məqsədi də güdüləcək.

Regionlarda yaradılan infrastruktur layihələri də bura əlavə etmək olar. Hesab edirəm ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi bir sıra istiqamətlər baxımından uğurludur, lazımlıdır. Bu, həm də Azərbaycanın bir təcrübə toplaması anlamını verir".

İqtisadçı-ekspert Pərviz Heydərov da I Avropa Oyunlarının Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcəyini düşünür: "Bura turizm, xidmət sektoru, bank xidməti, rabitə, ticarət daxildir. Bütün bunlar isə son nəticədə ümumi daxili məhsulun artması ilə nəticələnəcək. Ancaq, hər bir sfera üzrə konkret nə qədər gəlir götürüləcəyini indidən söyləmək çətindir və başqa sözlə desək, mümkün deyil. Lakin bir cəhət aydındır ki, bütün qeyd olunan sahələrdə dövriyyə sürətlənəcək, artım əldə olunacaq. Ölkəyə valyuta axını müşahidə ediləcək ki, nəğd pul, ümumiyyətlə, maliyyə bazasının artması qeydə alınacaq.

İndiki məqamda bunun nə demək olduğu kifayət qədər aydındır. Bundan əlavə, elə sahələrdə dövriyyə sürətlənəcək ki, bunun nəticəsi sonra üzə çıxacaq. Buna misal olaraq, reklam işlərini göstərmək olar. Yəni, məlumdur ki, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarında hazırda bir durğunluq hökm sürür və istehsalı artırmaq - ixracı artırmaq üçün yollar axtarılır. Bizim ölkə isə bu mənada çox əlverişli bazardır. Bu baxımdan, biz çalışmalıyıq ki, Avropa Oyunları zamanı ölkəmizin cəlbediciliyinə nail olduğumuz zaman hazır məhsul idxalına deyil, məhz investisiya axınlarına nail olaq".

Ekspert hesab edir ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi nəticəsində taktiki və cari deyil, strateji xarakterli iqtisadi səmərə daha çox olacaq.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər