Elmar Qasımov: “Azərbaycan I Avropa Oyunlarına tam hazırdır”
Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Elmar Qasımov müsahibə verib. O, “Bakı-2015” I Avropa Oyunları ilə bağlı da münasbət bildirib. Rektor ölkəmizin dəfələrlə mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə ev sahibliyi etdiyini və Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq olduğunu vurğulayıb:
“Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir və ötən zaman Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu olub.
Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması beynəlxalq münasibətlər sisteminin müstəqil subyektləri tərəfindən mütləq surətdə qəbul edilir, əldə edilən uğurlar təqdir olunur. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Bu gün Bakı, sözün əsl mənasında, Qafqazın siyasi, iqtisadi, mədəni paytaxtına çevrilib.
Digər tərəfdən, ölkəmizdə mövcud olan zəngin infrastruktur mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan verir. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının da Azərbaycana etibar edilməsi ilk növbədə bu məqamdan xəbər verir. Başqa sözlə, ölkəmizin I Avropa Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Eyni zamanda, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın Avropa ailəsinin nüfuzlu və bərabərhüquqlu üzvü olmasını göstərir”.
Elmar Qasımov bildirib ki, hazırda dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb: “Ümumilikdə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda I Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Qeyd edim ki, ölkəmiz bu mötəbər beynəlxalq idman yarışının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işlərini intensiv şəkildə uğurla aparıb və əminliklə qeyd edilə bilər ki, Azərbaycan I Avropa Oyunlarına tam hazırdır”.
Rektor ötən müddət ərzində I Avropa Oyunlarına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirildiyini deyib: “İlk növbədə, Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, yarışların iqtisadi baxımdan ölkəmizə böyük dividendlər gətirəcəyi də şəksizdir. Bu baxımdan, birinci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idman və digər infrastruktur obyektlərinin uzun illər bundan sonra da xalqımıza xidmət edəcəyini xüsusi vurğulamaq gərəkdir. Bununla yanaşı, birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür. Ölkəmiz geniş turizm potensialına malikdir, respublikamızda turizmin müxtəlif növləri sürətlə inkişaf edir, paytaxt Bakıda və bölgələrdə çoxlu sayda yüksək səviyyəli turistyerləşdirmə obyektləri istifadəyə verilib. Yarışlar zamanı ölkəmizə gələn turistlərin sayının çox olacağı proqnozlaşdırılır.
Güman olunur ki, birinci Avropa Oyunları keçirilən dövrdə yayımlardan və ölkəmizə gələn tursitlərin xərclərindən böyük məbləğdə vəsait əldə etmək mümkün olacaq. Yarışların gəlirləri yalnız yarış ərəfəsində ölkəyə gələn turistlərin xərcləyəcəyi vəsaitlə məhdudlaşmayacaq. Yarışlar zamanı ölkəmizin turizm potensialı ilə tanış olan qonaqlar, təbii ki, sonrakı illərdə də respublikamıza gəlməyə can atacaqlar. Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə olmaqla yanaşı, Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq. Eyni zamanda, bu oyunlar Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirəcək”.
Elmar Qasımov I Avropa Oyunları ərəfəsində anti-Azərbaycan və ermənipərəst dairələr təfəindən aparılan “qara piar” kampaniyası barədə də fikir bildirib. O, bu cür hallara dəfələrlə rast gəlindiyini xatırladıb:
“Azərbaycanın uğurlarını qəbul edə bilməyən qüvvələr, ermənipərəst dairələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, yanlış beynəlxalq ictimai rəy formalaşdırmaq üçün “qara piar” kampaniyası aparır, həqiqətə uyğun olmayan fikir və bəyanatlarla çıxış edirlər. Xatırlayırsınızsa, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı da biz bu cür hallara rast gəldik və o zaman istər anti-Azərbaycan dairələr, istərsə də ölkə daxilindəki “beşinci kolon” nümayəndələri yüksək canfəşanlıq edirdilər. Bu, olduqca təəssüf doğursa da, əslində, heç də təəccüblü deyil.
Ümumiyyətlə, Azərbaycana qarşı təzyiq cəhdləri ölkəmizin müstəqil siyasətini – siyasi iradəsini qəbul edə bilməmək səbəbindən irəli gəlir. Bir məqamı xatırlatmaq istəyirəm: hələ 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində bəzi xarici dairələr ölkəmizə təzyiq etmək, hərc-mərclik yaratmaq üçün çevriliş cəhdləri etdilər, amma ümummilli lider Heydər Əliyevin sayəsində bütün bu dağıdıcı aktların qarşısı alındı. O zaman da, bu gün də ermənilər, ermənipərəst qüvvələr və anti-Azərbaycan dairələri ölkəmizin müstəqil siyasətinə mane olmaq üçün bütün vasitələrə istinad edirdilər. Amma Azərbaycan bu cür dağıdıcı ssenarilərin təsirinə məruz qalmadan inkişaf yoluna çıxdı, ölkədə əmin-amanlıq, sabitlik təmin olundu.
Məhz bu gün Azərbaycana qarşı bu cür dağıdıcı aktlarla təzyiq etmək mümkün olmadığı üçün anti-Azərbaycan və ermənipərəst dairələr təblğat və “qara piar” kampaniyası kimi vasitələrlə ölkəmizə təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. İlk Avropa Oyunları ərəfəsində bu kampaniyanın elementləri aşkar hiss edilir, amma əminliklə deyə bilərəm ki, bu cür cəhdlər birmənalı olaraq heç bir nəticə verməyəcək”.
Naibə QURBANOVA