27 May 2015 11:14
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu hər dəfə görəndə harasa tələsir. Gah teatra, gah serial çəkilişinə, gah da dərs dediyini universitetə... Buna görə də onu görən kimi o dəqiqə suallar ünvanlamağa başlayıram.

Söhbət Xalq artisti, gözəl aktrisa Həmidə Ömərovadan gedir.

- Gələn ay ölkəmizdə İlk Avropa Oyunları start götürəcək. Bu oyunların Azərbaycan üçün əhəmiyyətini nədə görürsünüz?
- “Bakı-2015" Birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti çox böyükdür. Bu oyunlar təkcə idmanımızı deyil, Azərbaycanı bütün dünyada tanıtdırmaq məqsədi daşıyır. Avropa Oyunlarına dövlətimiz və xalqımız səylə, əzmlə hazırlaşır. Hesab edirəm ki, Azərbaycanı tanıtdırmaq üçün bu kimi tədbirlərin keçirilməsi böyük və gözəl ənənədir. Mənə elə gəlir ki, bu ənənə davam edəcək. Digər tərəfdən Avropa Oyunları Azərbaycanda ilk dəfə keçirilir və biz buna görə çox sevinməliyik. Bu tarixdə hər zaman qalan və xatırlanan hadisə olacaq. Bizim dövlətimiz, xalqımız, idmançılarımız xeyli vaxtdır ki, bu oyunlara çox ciddi hazırlaşır. Burda başqa məsələ Avropa Oyunları zamanı ölkəmizə gələcək olan çoxlu sayda insanlarla bağlıdır. Bunların arasında jurnalistlər, idmançılar, habelə turistlər olacaq. O turistlər ki, həm ölkəmizi tanıyacaq, həm də sevdikləri idman yarışlarında izləyici kimi iştirak edəcəklər. Bilirsiniz, Azərbaycanda bu cür gözəl tədbirin keçirilməsi istər-istəməz bütün dünyada əks-səda doğuracaq. Və bütün ölkələr Azərbaycanda keçiriləcək oyunları canlı olaraq öz televiziya kanallarında nümayiş etdirəcəklər. Təbii ki, idman yarışları arasında reklamlar olacaq ki, bu zaman ölkəmizin görməli yerləri o kadrlarda əks olunacaq. Ölkəmizə gələnlər Azərbaycan xalqının qonaqpərvərliyini görəcəklər. Bu illər ərzində Azərbaycan haqda bədnam qonşularımızın dedikləri fikirlər tamamilə alt-üst olacaq. Çünki bizim xalqımız çox qonaqpərvər və dünyaya açıq xalqdır.

- Sizin idmanla aranız necədir?
- Belə bir söz var: kim sevirsə, idmanı, poladdan olar canı (gülür). Mən hər səhər bir saat Nitşe sistemi ilə idman edirəm. Və bu sistemi hamıya məsləhət görürəm. Burda yoqa elementləri də var amma əsasən bu sistem sağlamlıq haqda çox gözəl, dolğun sistemdir.

- Həmidə xanım, siz də Azərbaycanda çəkiləcək hind filmində rol alacaqsınız. Rolunuz bəllidirmi?
- Bu, çox gözəl layihədir. Çünki kino sahəsində Hindistanla Azərbaycan arasında reallaşacaq ilk layihədir. Bu vaxta qədər belə bir layihə olmamışdı. Əgər bu layihə gerçəkləşsə, hər iki tərəfdən - həm Hindistan, həm də Azərbaycandan tanınmış kinematoqrafçılar çəkiləcəklər.

- Hind filmlərini sevirsiniz?
- Uşaqlıqda kim hind filmlərini sevməyib ki...Biz hamımız ənənəvi hind melodramaları ilə böyümüşük: “Zita və Gita”, “Ram və Şam”, “Avara” və s. Burada kimdən soruşsanız onlar klassik hind kinerejissorlarını, aktyorlarını yaxşı tanıyacaqlar. Bilirsiniz ki, Hindistanın kino mərkəzi Bollivuddur. O Yaxın Şərqdə də çox tanınmış kinoindustriyasıdır. Və bu kinoinsdustuyanın çox məşhur, istedadlı kinematoqrafçıları var: Rac Kapur, onun ailəsi, eləcə də, sonralar kinoda parlayan yeni ulduzlar- aktyorlar, aktrisalar, rejissorlar. Onlardan biri də Priyardaşandır. O, 89 bədii film, 168 reklam çarxı lentə alıb. Çox sevinirəm ki, belə bir rejissor Azərbaycanda film çəkir. O, Avropa üslubu ilə qədim Şərq üslubunu özündə birləşdirən, texnikanın son nailiyyətlərindən bacarıqla istifadə edən sənətkardır. Bu layihə xalqlarımız arasında dostluğu daha da möhkəmləndirəcək.
Yadıma gəlir ki, bir vaxtlar AzTV-nin efirində “Retro” kino verilişini aparanda tamaşaçılardan çoxlu məktublar alırdım. O məktublarda məndən ən çox hind filmlərini nümayiş etdirməyimi istəyirdilər. Təsəvvür edin ki, 22 il o verilişi aparmışam, o illər ərzində ən çox göstərdiyimiz film - “Zita və Gita” olub. Təxminən 5 dəfə o filmi televiziya vasitəsilə nümayiş etdirmişik.

- Hansı kinematoqrafiya sizə daha yaxındır?
- Mən əvvəl Avropa kinosuna çox böyük maraq göstərirdim. Amma son illər İran, Türkiyə, Çin, Koreya kinosunun uğurlarını izləyib, orada istehsal olunan filmləri görəndən sonra düşünürəm ki, Şərq kinosu sürətlə inkişaf edir. Hətta bəzi nümunələri beynəlxalq festivallarda mükafatlar qazanırlar. Yəni son illər Şərq kinosunun nüfuzu artır, hətta qərb ölkələrinin tanınmış rejissorları belə Şərq mövzusunda film çəkirlər. Əlbəttə, bu ənənəni Bernaldo Bertoluççi başlamışdı. Hazırda da bu ənənəni bir çox tanınmış rejissorlar davam etdirirlər.

- Hər dəfə sizə zəng vuranda çox işləriniz olduğunu deyirsiniz. “Bir ailəm var” serialı deyəsən, vaxtınızın çoxunu alır.
- Serialda gərgin çalışırıq. Amma işim bununla bitmir, mən həm də Mədəniyyət və İncəsənət Univeristetində dərs deyirəm. Eyni zamanda, Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzündə” tamaşasında rol alıram.

- Serial bu sezon bitəcəkmi? Yeni təkliflər varmı?
- Onu heç birimiz bilmirik. Hazırda serial davam edir. “Bir ailəm var”dakı müqaviləmə əsasən, başqa seriallardan təklifləri qəbul edə bilmərəm. Bu serial üçün keçərlidir. Amma bu hind filmindən əlavə bir yerli film təklifi də almışam.

- “Bir ailəm var”ın reytinqləri necədir?
- “Bir ailəm var” serialında hadisələr çox həyəcanla davam edir və reytinqlərimiz də çox yaxşıdır.

- Əvvəl mən də izləyirdim, sonra çox kriminal elementlərlə yükləndiyindən daha baxmadım.
- Daha o xətt yoxdur. Amma, görünür, bu, onunla bağlıdır ki, həqiqətən həyatda kriminal hadisələr çox baş verir. Nədənsə insanların kriminal, dedektiv, triller izləmək xoşuna gəlir. Heç uzağa getməyim, öz oğlum gecələr trillerə baxır, sonra deyir, qorxuram (gülür).

- Özünüz izləyə bilirsiniz?
- Özüm həyatda yəni çəkiliş prosesində çox izləyirəm.

- İndi çəkilən serialda kastinqlərin düzgün aparılmaması problemi gündəmdədir. Siz bu barədə nə düşünürsünüz?
- Azərbaycanda serialların çəkilməsi çox yenidir. Yadınıza salım ki, dublyaj sahəsi də əvvəllərdə çox böyük təndiqlərə məruz qalırdı. Sonra “Həzrəti Yusif” və digərləri sübut etdi ki, biz iranlılardan da, türklərdən də yaxşı dublyaj edirik. Bu, təbii prosesdir.
Nə qədər çox serial olsa, tamaşaçı pisi, yaxşıdan ayırmağı bacaracaq. Serialların çəkilməsi aktyorların daha bir qazanc yeridir. Şükürlər olsun ki, seriallar var və aktyorlarımız çəkilişlərlə məşğuldurlar. Demək olar ki, işsiz aktyor yoxdur.
Bir dəfə türk serialında çalışan bir sənətçi dedi ki, Azərbaycan serialları çox sürətlə inkişaf edir və belə getsə, 5 ildən sonra Türkiyə seriallarını keçəcək. Seriallarımız geniş tamaşaçı auditoriyası toplaya bilir, yüksək reytinq də qazanır.
Doğrudur, bu sahədə nöqsanlarımız da var, amma inkişaf gedir. Seriallar baxılmasaydı, bu qədər tamaşaçı marağına səbəb olmazdı. Hər zaman insanlar seriallardakı hadisələri soruşurlar. Mənə deyirlər ki, “Siz niyə ”Bir ailəm var" serialında gəlininizlə yola getmirsiniz? Nə olar, yoldaşınızla barışın". Hacı İsmayılov serialımızda Uğur obrazını canlandırır və keçən dəfə deyir ki, bu qədər filmə çəkilmişəm, teatrda işləyirəm. Amma harasa gedəndə Uğur müəllim deyə çağırırlar. Bunu da nəzərə almaq lazımdır ki, gənc nəsil, balaca uşaqlar bizi tanımırlar. Amma hazırda məktəbdən çıxanda məni Əsmər xanım deyə çağrırırlar.

- “Hasarın o üzü” tamaşası Sizi teatr səhnəsinə qaytardı. Bəlkə də çoxları bilmir, Siz bir neçə il öncə Tədris Teatrında “Əqrəb bürcü” tamaşasında baş rol oynayırdınız. Bundan sonra teatr fəaliyyətiniz davam edəcəkmi?
- Yeni təklif var. Başqa bir teatrda hazırlanacaq tamaşadan təklif almışam. Amma hələ ki, heç cür bir yerə yığışıb məşq prosesini gerçəkləşdirə bilmirik. Çünki həmin tamaşada iştirak edən üç Xalq artistinin o qədər işləri var ki, tamaşaya vaxt qalmır.

- Həmidə xanım, hər dəfə sizi görəndə bunu soruşuram. Yazdığınız serial - ssenari necə oldu?
- Bu, mənim yaralı yerimdir. Yazıq qadınların hər işləri çətinliklə başa gəlir. Ona görə bəxtləri gətirmir. 6 il bundan əvvəl bu ssenarini yazmağa başlamışam, amma hələ də tamamilə yekunlaşdıra bilmirəm. Ssenarini bitirmişdim, kompüterdə sonuncu epizodunu yazanda birdən düşündüm ki, hər şeyi tamamlayan şəxs haqda çox az məlumat var, amma çox maraqlı fiqurdur. Bir il də onun haqqında yazmağa başladım və 180 səhifə ona həsr olundu. Demək olar ki, o ssenari də hazırdır. Kompüterə köçürməklə məşğul idim ki, “Bir ailəm var” serialına dəvət aldım. İndi də vaxt tapdıqca o işlə məşğul oluram. Amma çox az vaxtım qalır. Bu ssenaridə bütün sənət adamları əksini tapır. Orada öz obrazım da var. Bir sirri açım ki, orada ən maraqsız obraz elə özüməm, çünki özümü kənardan görə bilmirəm.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər