Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metropolitenində həm xarici qonaqlara, həm də yerli sərnişinlərə lazımi xidmət göstərmək üçün elan olunan könüllü seçimi başa çatıb. Bakı Metropoliteninin müvafiq stansiyalarına təhkim olunacaq 90-a yaxın könüllünün bilik və bacarığının artırılması məqsədilə treninqlər keçilib.
Metropolitendən verilən məlumata görə, treninqlər zamanı bütün könüllülərin iş qrafiki, xidmət intizamı barədə müfəssəl təlimatlandırılması, siyasi baxışından, milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq, bütün sərnişinlərlə onlar üçün vacib olan davranış qaydaları barədə geniş məlumat verilib.
Onlara nə öyrədiblər?
Treninqlər aşağıdakı istiqamətlərdə aparılıb:
Milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı bilgilərin verilməsi;
Paytaxtda keçiriləcək olimpiya oyunları obyektlərinin dəqiq ünvanları, bu obyektlərə istər metro stansiyaları, istərsə də digər ictimai nəqliyyat vasitələri ilə yetişmək barədə, tamaşaçıları həmin obyektlərə yetişdirəcək xüsusi avtobusların hərəkət saatları haqqında, həmçinin metro daxilində bələdçiliklə, hərəkət istiqamətləri, hərəkət qrafikləri, qatarlararası intervallarla bağlı müfəssəl bilgilər;
Metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmi, ödənişin həyata keçirilməsi, turniketdən keçid qaydası barədə ətraflı bilgilər, eyni zamanda, müvafiq metro stansiyalarının rəhbər işçiləri ilə əlaqə imkanlarının başa salınması;
Yanğınla, ictimai təhlükəsizliklə bağlı, təhlükəsizlik texnikası, ilkin tibbi yardımın göstərilməsi ilə əlaqədar, həmçinin digər fövqəladə hallar zamanı zəruri olan hərəkət və bilgilər;
Könüllülər üzərində "Ask me" yazısı olan köynək (mayka), papaq, üzərində "Ask me" yazısı olan bayraqcıq, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, müvafiq metro stansiyasının vəzifəli şəxsləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri ilə, paytaxtın sxemi, metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmini, ödənişi həyata keçirməyi, turniketdən keçid qaydasını özündə əks etdirən yaddaş kitabçası ilə təmin olunacaqlar.
Metropolitenin treninqlərində bilik və bacarığının artırılması məqsədilə könüllü seçilən tələbələrlə söhbətləşdik.
Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi Aytac Xəlilzadə deyir ki, I Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizə müsbət təsir göstərəcək: "Azərbaycana turistlərin gəlişi, bu oyunun Azərbaycanda keçirilməsi ölkəmizin Avropa və dünya ölkələrində daha çox tanınmasına kömək edəcək. I Avropa Oyunlarına könüllü olaraq qoşulmağımın səbəbi turistlərlə birbaşa ünsiyyətdə olaraq ingilis dili bilgimi daha da inkişaf etdirmək, bir sıra yeni dostlar qazanmaq, iş təcrübəsi toplamaqdır. Bu oyunlarla əlaqədar bir neçə treninqdə oldum. Xarici vətəndaşlarla ünsiyyət və davranış qaydaları, ilk tibbi yardım, metroda mühafizə sistemi, Azərbaycanın tarixi memarlıq abidələri və bir sıra görməli yerləri haqda ətraflı məlumat topladım. Fikrimcə, bu treninqlərdə qazandığım biliklər təkcə I Avropa oyunları zamanı deyil, həm də bundan sonrakı həyatımda mənə kömək edəcək".
"Turistlərlə yanaşı, mütəxəssislər də gələcəklər"
Digər metropoliten könüllüsü, Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbəsi Hicran Bayramova isə deyir ki, I Avropa Oyunları hər bir tələbənin dünyagörüşünün artması üçün vacib amildir: "Mən könüllü olmaq üçün özüm müraciət edim. Düşündüm ki, I Avropa Oyunlarında ölkəmizə turistlərlə yanaşı, mütəxəssislər də gələcəklər. Onlarla ünsiyyət biz tələbələrin məlumatlanmasına müsbət təsir edəcək.
Metropolitenin könüllüsü olaraq treninqlərdə seçildim. Könüllü olmaq mənim dərslərimdə heç bir problem yaratmır. I Avropa Oyunlarının treninqləri dərsdən sonra keçirilirdi. Oyunların Azərbaycanda keçirilməsi böyük uğurdur. Hazırda təhsil aldığım universitetdə yüzlərlə könüllü tələbə müxtəlif qrupların tərkibində fəaliyyət göstərəcək. Seçildiyimiz könüllülərlə birlikdə qonaq gələcək əcnəbilərə hər cür köməklik göstərə biləcəyimizə inanıram".
İlhamə