“Bakı-2015" I Avropa Oyunlarına Avropa ölkələri ən güclü idmançılarını göndərmək niyyətindədir.
Albaniya I Avropa Oyunlarına ikisi olimpiya təcrübəsinə malik, ümumilikdə 28 idmançı göndərəcək. Albaniyalı idmançılar doqquz idman növü üzrə mübarizə aparacaqlar. Yüngül atletikada Albaniya 15 idmançı ilə təmsil olunacaq.
Albaniya komandasında olimpiya təcrübəsinə sahib atıcı Adriatik Hokha London 2012 Olimpiya Oyunlarında güllə atıcılığı üzrə mübarizə aparıb. Qırx yeddi yaşlı atıcı Arben Kucana həmin Olimpiya Oyunlarında 10 metrdən hava tapançası ilə və 50 metrdən tapança ilə atəş kateqoriyaları üzrə yarışıb.
Beynəlxalq uğura imza atmış digər albaniyalı idmançı Luiza Geqa 2013-cü ildə keçirilmiş Aralıq Dənizi Oyunlarında 1500 metr məsafəni dəf edərək gümüş medala, həmin il baş tutmuş Universiadada isə eyni məsafədə bürünc medala sahib olub.
Polşa təcrübəli cüdoçularını Bakıya göndərir
"Bakı-2015"-də Polşanı dağ velosipedi idmanı üzrə Olimpiya medalçısı Maya Vloşovska və təcrübəli cüdoçulardan ibarət heyət təmsil edəcək.
Polşa Olimpiya Komitəsi birinci Avropa Oyunlarına 214 idmançıdan ibarət heyətlə gəlir. Onların arasında velosipedçi, Bakıya yollanan idmançı heyətinin səfiri Vloşovska da var.
Polşa komandasının heyətinə güclü cüdoçular daxil edilib. Daria Poqorçelets 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında iştirak edib. Katarzina Ktis 2008 və 2012-ci ildə baş tutmuş Olimpiya Oyunlarında yarışıb, həmçinin 2014-ci ildəki Dünya çempionatının bürünc və Avropa çempionatının iki gümüş medalına layiq görülüb.
Arleta Podolak 2013-cü ildə 21 yaşa qədər gənclər arasında keçirilmiş dünya çempionatının qalibi olub. Damian Svarnovietski 2012-ci ildə 20 və 23 yaşa qədər idmançılar arasında keçirilmiş Avropa çempionatlarının qızıl medalını əldə edib.
Digər iki cüdoçudan biri 2013-cü ildə 21 yaşa qədər gənclər arasında keçirilmiş dünya çempionatının bürünc medalçısı Patrik Ciexomski, digəri isə 2014-cü ildə 23 yaşa qədər Avropa çempionatının gümüş medalçısı Lukas Kietbasinskidir.
Litva yığmasının tərkibində kimlər var?
Olimpiya medalçıları Suklin və Petrauskas "Bakı-2015"-də Litvanı təmsil edəcək 72 idmançı sırasındadırlar. Petrauskas 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında yüngül çəkili boksçuların yarışında bürünc medal qazanıb. Avarçəkmə üzrə üçqat Avropa çempionu Suklin isə həmin Olimpiya Oyunlarında 200 metr məsafəyə Kanoe qayıqları ilə təkbətək yarışında gümüş medal əldə edib. Litva Milli Olimpiya Komitəsinin "Bakı-2015" üçün elan etdiyi komandanın heyətində beynəlxalq uğurlara imza atmış bir çox idmançının adı var.
Aurimas Lankas və Edvinas Ramanauskas 200 metr məsafəyə Kayak qayıqlarında cütlük üzrə Avropa Avarçəkmə yarışında iki bürünc medal qazanıb. Avarçəkən Ignas Navakauskas 2015-ci ildə keçirilmiş Avropa Cempionatında 200 metr məsafəyə Kayak təkbətək yarışında bürünc medala yiyələnib.
Ruta Paskauskiene isə I Avropa Oyunlarına 38 yaşında qoşulur, lakin karyerası ərzində stolüstü tennis üzrə Avropa Cempionatında yeddi dəfə qızıl medal və ümumilikdə Avropa yarışları üzrə 16 medal qazanıb.
Vilma Rimsaite 2013-cü ildə keçirilmiş Avropa Cempionatında BMX velosiped idman yarışı üzrə gümüş medala sahib olub. Marius Paskevicius isə cüdo üzrə keçmiş Avropa və Dünya çempionatlarının gümüş medalçısıdır. Gənc cüdoçu Karolis Bauza Avropa çempionatında iki dəfə bürünc medala layiq görülüb.
Olimpiya Oyunlarında iştirak etmiş güləşçi qardaşlar Edgaras Venckaitis və Valdemaras Venckaitis Dünya çempionatında bürünc medala sahib çıxıblar. Güləşçi Aleksandr Kazakevic isə 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında Litvanı təmsil edib.
Nəhayət, çimərlik voleybolu üzrə 20 yaşlı Ieva Dumbauskaite və Monika Povilaitytedən ibarət duet 2012-ci ildə keçirilmiş Gənclər arasında Dünya Cempionatının qalibi olub.
NƏRGIZ