29 May 2015 17:35
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Nazirliyin birlik və müəssisələrinin I Avropa Oyunlarına hazırlıq üzrə RYTN-BAOƏK arasında rəhbər komitənin sayca XIX - sonuncu iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda giriş sözü ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyətindən danışıb.

Nazir oyunlara hazırlıq dövründə BAOƏK-in tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyini və başa çatdırıldığını, RYTN-in rabitə birlik və müəssisələrinin, digər əlaqədar strukturların birgə səmərəli fəaliyyət göstərdiklərini qeyd edib.

Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə, dövlət və strateji internet saytlarının mühafizəsinə, informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, "Azerspace-1" peykinin Oyunların yayımında istifadəsinə dair məlumatları dinlənilib.

Eyni zamanda Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın "Global Wireless Solutions" şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edilib.

Bundan başqa, mobil operatorların rəhbərlərinin monitorinqin nəticələri və Oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənilib.

Nazir yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təmin edilməsi, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı və radiotezliklərlə təminatı üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd edən nazir bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

İLHAMƏ


Müəllif: