4 İyun 2015 12:47
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarına çox sevindik. Çünki Azərbaycan bizim üçün ən yaxın dost ölkədir. Dostumuza verilən qiymət elə bizə verilən qiymətdir. Ümumiyyətlə, bu qərarın qəbulu təbii idi. Azərbaycanda idmanın inkişafı üçün mükəmməl baza yaradılıb.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili deyib.

E.Berişvili bildirib ki, bu gün nəinki Bakıda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında idman kompleksləri tikilir, beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilir. İnanırıq ki, Azərbaycan ev sahibi kimi ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək.

Gürcüstan idmançılarının ilk Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan E.Berişvili deyib: “Bakı-2015” bizə həm də ən güclü idmançılarımızı seçib Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlamağa kömək edəcək”.

Birinci vitse-prezident qeyd edib ki, Gürcüstan “Bakı-2015” ilk Avropa Oyunlarında 105 idmançı ilə təmsil olunacaq. Onların arasında cüdo üzrə dünya və Avropa çempionları Avtandil Çirikişvili, Varlam Liperteliani, dəfələrlə yüksək mükafatlara sahib olmuş Laşa Şavdatuaşvili, güləş üzrə idmançılardan Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı Vladimir Xinçeqaşvili, Avropa çempionatlarının qalibi Qeno Petriaşvili, güllə atıcılığı üzrə dəfələrlə dünya və Avropa çempionu Nino Salukvadze və başqaları var.

Ümumiyyətlə, ilk Avropa Oyunları ilə əlaqədar Bakıya Gürcüstandan 200-dək nümayəndə səfər edəcək. İdmançıların birinci qrupu Azərbaycana iyunun 11-də yola düşəcək.

E.Berişvili bildirib ki, ilk Avropa Oyunlarının açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Baş nazirin müavinləri, nazirlər, Tbilisinin meri və digər rəsmi şəxslər iştirak edəcəklər.


Müəllif:

Oxşar xəbərlər