“Avropa Oyunları tarixdə ilk dəfə keçirildiyi üçün ona çox böyük maraq var. Belə bir yarışın ölkəmizdə keçirilməsi Azərbaycanın siyasi nüfuzunun, iqtisadi qüdrətinin göstıricisidir. Və ən əsası Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətinin təzahürüdür".
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətini qiymətləndirərkən qeyd edib.
A.Hüseynovun sözlərinə görə, I Avropa Oyunlarının Azərbaycan üçün iqtisadi əhəmiyyəti daha böyükdür: "Burada iqtisadi mənfəət heç də digərlərindən az deyil. Bu cür yarışlara ev sahibliyi etmək uğurunda ölkələr arasında yarış, mübarizə gedir. Azərbaycan bu yarışda qalib çıxıb. 17 gün ərzində dünyanın diqqəti Azərbaycana yönələcək. Nüfuzlu telekanallar ölkəmizdə gedən yarışları canlı yayımlayacaq, xəbərlər verəcəklər. Təkcə Rusiyanın 50-dən artıq telekanalı bu yarışlar barədə gün ərzində 10 saata yaxın sujet verəcəklər. Deməli, bizin şansımız var ki, bu imkandan yüksək səviyyədə yararlanaq, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıraq”.
A.Hüseynov bildirdi ki, Birinci Avropa Oyunları təkcə Azərbaycanda deyil, həm də dünya səviyyəsində möhtəşəm bir hadisədir: "Bu Oyunlar yalnız Azərbaycanın deyil, həm də dünya ölkələrinin marağındadır. Bu, Azərbaycanın dünyada artan nüfuzuna müsbət təsir edəcək. Azərbaycan ilk Avropa Oyunlarına hazırlıq işini sürətlə və uğurla yekunlaşdırıb. Artıq bir çox ölkələr ilk Avropa Oyunlarına ən güclü heyətlə qatılacaqlarını bəyan ediblər. Həmin ölkələrin rəhbər şəxsləri də ilk Avropa Oyunlarının tarixi əhəmiyyətini və mötəbərliyini dəfələrlə vurğulayıblar. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsindən narahat olan bəzi qüvvələr var ki, onlar Azərbaycanın inkişafına qısqanırlar. Onlar təbliğat aparırlar ki, Azərbaycan bu yarışlara hazırlaşa bilməyəcək, oyunlar yüksək səviyyədə keçirilməyəcək. Amma indi onlar yanıldıqlarını görüb məyus olublar. Hər kəs görür ki, Bakı ilk Avropa Oyunlarına tam hazırdır. İlk Avropa Oyunlarına qarşı həyata keçirilən çirkin kampaniyalar bizi yolumuzdan döndərə bilmədi. Əgər kimsə bu oyunlara qarşı çıxırsa, onu boykot edirsə, onların ruhu sağlam deyil".
Ayxan