“Avrovision” mahnı müsabiqəsi olanda Avropada və dünyada ancaq Azərbaycandan danışırdılar. İndi mən “Euronews” kanalına baxıram və hər gün orada Azərbaycanın reklamı gedir, Avropa Oyunları haqqında danışılır. Bu, mühüm təbliğatdır. Hətta mən oxumuşam ki, Ermənistandan gəlib xahiş ediblər ki, yayım həyata keçirək. Bu, elə-belə məsələ deyil. Səninlə müharibə şəraitində olan dövlət gəlib s xahiş edir ki, bizə imkan yaradın oyunları canlı yayımlayaq. Deməli, onlar da başa düşürlər ki, sən artıq irəlidəsən”.
Bunu Teleqraf.com-a müsahibəsində professor Əli Abbasov bildirib. Müsahibəni təqdim edirik:
- Əli müəllim, I Avropa Oyunlarının keçirilməsinə az müddət qalır. Bu mötəbər yarışın ölkəmizdə keçirilməsini necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Avropada ilk dəfə olaraq Yay Oyunları təşkil edilir. İlk tədbir də məhz Azərbaycana salınıb. Bu o deməkdir ki, ilk oyunların Azərbaycanda təşkil edilməsi tarixdə qalacaq. Əlbəttə, bunu təşkil etmək asan deyildi. Bütün hallarda Azərbaycan üçün yaxşı dividendlər olacaq.
- Nələri nəzərdə tutursunuz?
- Adi bir misal çəkim. Hər kəs bilir ki, ilk Olimpiya Oyunları Yunanıstanda keçirilib və ya təşkil edilib. Bundan sonra isə dünyaya yayılıb. İndi də dörd ildən bir Olimpiya Oyunları təşkil edilir. Olimpiya Oyunları deyiləndə hər kəs bilir ki, bu, Yunanıstanla bağlı məsələdir. İndi də hər dörd ildən bir Avropa Oyunları keçiriləndə deyiləcək ki, ilk dəfə Bakıda olub. Yəni, hər zaman xatırlanacaq. Əlbəttə, məsələnin başqa tərəfləri də var. Nəzərə alın ki, Olimpiya Oyunlarını keçirmək bizim üçün çətin olardı. Çünki təcrübəmiz yoxdur, üstəlik Olimpiya Oyunlarını böyük dövlətlərə verirlər. Ancaq Avropa Oyunlarını ölkəmizə gətirə bilmişik və bu, mühüm hadisədir. Mən bunu dəstəkləyirəm.
- Gələcəkdə Bakıda Olimpiya Oyunları təşkil etmək mümkündürmü?
- Hazırda I Avropa Oyunları keçirilir. Avropa Oyunlarından sonra Bakıda islam ölkələrinin beynəlxalq idman tədbiri təşkil ediləcək. Bu da, mühüm tədbirdir və artıq qərar verilib. Böyük ehtimalla bundan sonra OİK ölkələri üçün Bakıda keçiriləcək tədbir bir növ baza rolunu oynayacaq. Vaxtilə Avropa futbol çempionatı bir ölkədə deyil, iki ölkədə keçirilib. Məsələn, bir müddət əvvəl Avropa çempionatı Ukrayna və Polşada təşkil edildi. Əlbəttə, gələcəkdə də bu formada oyunları Bakıya sala bilərlər. Bunun üçün artıq infrastruktur bazası formalaşdırılıb.
- I Avropa Oyunlarının Azərbaycanda turizm inkişafına müsbət təsiri ola bilərmi?
- Şübhəsiz ki, olacaq. Yarışlarda Avropanın 49 dövləti iştirak edəcək. Demək həm də, otuzdan çox ölkənin rəhbəri Bakıya gələrək açılış mərasimində iştirak edəcək. Dövlət başçıları ilə yanaşı, çoxlu sayda turistlər gələcək. Onlar üçün də xüsusi tədbirlər nəzərdə tutulur. İnanıram ki, bütün bunların Azərbaycanda turizmin inkişafı üçün böyük təsiri olacaq. Azərbaycan turizm baxımından cəlbedici ölkədir. Ancaq turizmi inkişaf etdirmək istəyən ölkələr çalışır ki, qiymətlər bir qədər aşağı olsun. Qiymətlərin aşağı olması turistlər üçün cəlbedici görünür. Azərbaycanda isə xidmət sahələrinin qiyməti bir qədər bahadır. Məncə, gələcəkdə bu məsələyə diqqət edilməli, qiymətlər aşağı salınmalıdır. Bu zaman bizə çoxlu sayda turistlər gələ bilər. İndi Avropa Oyunlarıdır və xərcləri biz çəkirik. Ancaq gələcəkdə digər oyunlar olacaq və bura gələnlər öz hesabına qalacaqlar. O zaman bizim xidmət sahələrimiz çalışmalıdır ki, qiymətlərinə bir qədər liberal yanaşsınlar. Kafelər, otellər bir qədər ucuz olmalıdır. İmkanımız var ki, Cənubi Qafqazda ən çox əcnəbi bizim ölkəmizə gəlsin. Hesab edirəm ki, bu məsələyə də diqqət ayrılacaq. Çünki bizim bunları etməyimiz üçün resurslarımız daha çoxdur.
- I Avropa Oyunlarından informatik baxımından uduşumuz nə ola bilər?
- Xatırlayırsınızsa, “Avrovision” mahnı müsabiqəsi olanda Avropada və dünyada ancaq Azərbaycandan danışırdılar. İndi mən “Euronews” kanalına baxıram və hər gün orada Azərbaycanın reklamı gedir, Avropa Oyunları haqqında danışılır. Bu, mühüm təbliğatdır. Hətta mən oxumuşam ki, Ermənistandan gəlib xahiş ediblər ki, yayım həyata keçirək. Bu, elə-belə məsələ deyil. Səninlə müharibə şəraitində olan dövlət gəlib s xahiş edir ki, bizə imkan yaradın oyunları canlı yayımlayaq. Deməli, onlar da başa düşürlər ki, sən artıq irəlidəsən.
- Sizcə, belə mühüm bir tədbir Ermənistanda və ya Gürcüstanda keçirilə bilərdimi?
- Yox! Bu oyunlar külli miqdarda maliyyə tələb edir. Ermənistan və Gürcüstanın isə belə imkanları yoxdur. Əlbəttə, bu ölkələr də istəyərdi ki, oyunlara ev sahibliyi etsin. Amma resurslar və imkanlar yoxdur. Görürsünüz ki, bizdə yeni infrastruktur tikildi. İnfrastruktur gözəldir, üstəlik də bu işlərə nəzarət olunur, beynəlxalq standartlara uyğundur.
- I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Dağlıq Qarabağ münaqişəsinə təsir göstərirmi?
- Təbii ki, göstərir. Oyunlar zamanı həm də çalışılacaq ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlar verilsin, problemin əsl kökləri haqqında informasiya ortaya çıxsın, gələnlər də görsün ki, ölkənin hansı problemləri var və onun səbəbləri nədir. Niyə Qarabağ işğal edilib və s. Bir var Bakıda əyləşirsən, bu problem haqqında yazıb harasa göndərirsən, bir də var ki, konkret olaraq bura gəlib reallığı görürlər. Biz də ağıllı reklam və informasiya siyasəti qurmalıyıq.
- Erməni idmançıları da yarışlara qatılacaq. QAT sədri Akif Nağı bunun əleyhinə çıxış edir. Siz bu haqda nə düşünürsünüz?
- Buna nə qiymət vermək olar? Ermənilər çox vaxt Bakıda keçirilən idman yarışlarına qatılmırdı. İndi isə gördülər ki, I Avropa Oyunları alınıb. Bəlkə də, inanırdılar ki, Azərbaycan bu yarışı keçirə bilməyəcək, amma gördülər ki, tədbir alınır. İndi özlərinə də maraqlıdır ki, gəlib iştirak etsinlər. Bildiyim qədər, böyük komanda göndərirlər. Buyurub, gəlsinlər. Bu, idman yarışıdır. Akif Nağı ilə də söhbət etmişəm. Bu dövlətin tədbiridir, özü də beynəlxalq əhəmiyyət daşıyır, qitə miqyaslıdır. Odur ki, Akif Nağının nəsə deməsinə imkan olmayacaq. Olimpiya Oyunları zamanı müharibələr dayandırılırdı, düşmən də, gəlib bu yarışlarda iştirak edirdi. Buna təbii baxmaq lazımdır.
- Bu Oyunlar Azərbaycanı Avropaya yaxınlaşdıracaqmı?
- Azərbaycan Avropa ilə əməkdaşlıq edir. Biz Avropa Birliyi ilə Gürcüstan, Moldova və Ukraynanın qatıldığı format çərçivəsində əməkdaşlıq etmirik. Azərbaycan Avropa Birliyi ilə ikitərəfli əməkdaşlıq edəcək.
- TAP və TANAP layihəsi sanki reallaşır. Faktiki olaraq Serbiya və Makedoniya Türk Axını layihəsindən imtina etdi...
- Bu məsələdə çoxlu oyunlar aparırlar, çünki Rusiyanın xətti də var. Rusiya istəmir ki, enerji təhlükəsizliyi ilə bağlı monopoliya əlindən çıxsın. Həm də müəyyən təkliflərlə çıxış edirlər. İndi cürbəcür müqavilələr imzalanıb. Nəzərə alın ki, bu daha çox siyasi məsələdir. Düzdür, müqavilə imzalanıb, ancaq təməli qoyulanda görəcəyik ki, reallaşmağa start verildi. Şəxsən mən TAP və TANAP-ın əhəmiyyətini qeyd edirəm. Fikrimcə, belə layihələrin reallaşdırılması maraqlarımıza xidmət edir.
- Neçə müddətdir ki, mətbuatda görünmürsünüz. İctimai-siyasi fəaliyyətlə məşğulsunuzmu?
- Azərbaycan Milli Elmlər Akademiyasında işləyirəm. Eləcə də, ictimai fəaliyyətim var. Milli Şuranın üzvü olsam da, aktiv fəaliyyətim yoxdur. Ancaq hərdən gedib tədbirlərində otururam.
- Qarşıdan gələn seçkilər haqqında nə düşünürsünüz?
- Seçkidə iştirak etmək lazımdır. Bu məsələdə ikili mövqe ola bilməz. Mən boykot qərarlarını heç vaxt müsbət qarşılamamışam. Seçki varsa, orada iştirak olmalıdır.
- Özünüz namizəd olacaqsınızmı?
- Xeyr. İndiyə qədər namizəd olmamışam. Mən siyasətə bağlı insan deyiləm. Çalışıram ki, imkanım daxilində xalqa xidmət edim. İnsanlar var ki, siyasətdə bişiblər, deputat olmağı bacarırlar. Məndə buna maraq yoxdur. Odur ki, namizəd kimi seçkidə iştirak etmək niyyətim yoxdur. Akademiya sistemi üzrə işləyirəm. Bundan sonra da fəaliyyətimi davam etdirəcəyəm.
Nemət