Rəna Mirzəzadə: "Bu, Azərbaycan dövlətinin həm xarici, həm də daxili siyasətinin uğurudur"
Məhərrəm Zülfüqarlı: "Riqa sammitindən sonra qarayaxmaların azaldığını görürük"
Cəmi bir həftə sonra Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Vətəndaş Cəmiyyəti nümayəndələrinin bu möhtəşəm idman tədbirinə dəstəyi isə davam edir.
"Gender və İnsan Hüquqları Araşdırma" Birliyinin sədri Rəna Mirzəzadə bildirib ki, I Avropa Oyunları qlobal bir hadisədir. Onun sözlərinə görə, Yunanıstanda keçirilən Olimpiya Oyunları kimi I Avropa Oyunları da tarixə düşəcək: "Bakı növbəti dəfə tarix yazacaq bir şəhər olacaq. I Avropa Oyunları mədəni, siyasi aksiyadır. Dünya modernləşən, dini konfessiyalara tolerant olan, multikultural dəyərləri dialoqla tənzimləyən Azərbaycanı tanıyacaq. Bu Oyunlara hazırlıq zamanı böyük bir könüllülər hərəkatı yarandı. Onlar Azərbaycan gəncliyinin ən aktiv hissəsi olan tələbələr idi. Bu gənclər İlk Avropa Oyunlarının simasına çevrildi. O cümlədən I Avropa Oyunlarında qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri çox aktiv bir təbliğatçı oldular".
R.Mizəzadə qeyd edib ki, I Avropa Oyunlarını idman yarışları, idman həyatının insana bəxş etdiyi dəyərlər çərçivəsi kimi qəbul etmək lazımdır: "I Avropa Oyunları Azərbaycana xeyli müsbət dividendlər gətirəcək. CNN kimi dünyanın məşhur telekanalında hər gün Azərbaycanın, Bakının adı çəkilir. Məhz belə məşhur kütləvi informasiya vasitələrində ölkəmiz haqqında məlumatın verilməsi Azərbaycanın dünyada tanıdılması deməkdir. Avropa Oyunları məşəlinin bütün ölkə üzrə səyahət etməsi yeni bir idman mədəniyyəti, idman hərəkatı yaratdı. Diqqət etsək, görərik ki, rayonlarımızda uşaqdan böyüyə hamı məşəlin gəlişinə sevinir.
Oyunların Bakıda keçirilməsi həm də ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycanın beynəlxalq nüfuzunun olması ölkə Prezidentinin xarici siyasətinin qələbəsidir. I Avropa Oyunlarının keçirilməsi ilə bağlı ölkə əhalisindən böyük dəstək gəldi və Azərbaycan vətənpərvərliyi modeli yarandı. Bu Oyunlar zamanı tolerantlığımızı, qonaqpərvərliyimizi, sülhsevər olduğumuzu göstərməliyik. Bununla dünyaya bəyan edə bilərik ki, biz Qarabağ probleminin həllində də sülhsevər mövqe tutmuşuq və Azərbaycan qonşusu kimi işğalçı bir dövlət deyil. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin həm xarici, həm də daxili siyasətinin uğurudur".
"İctimai Problemlərin Tədqiqi" Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı bildirib ki, I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti bir neçə cəhətdən qiymətləndirilməlidir: "Birincisi, Azərbaycanın bu Oyunlara ev sahibliyi etməyi iqtisadi və bütövlükdə dünyada nüfuzunun artmasının göstəricisidir. Azərbaycanın daxil olduğu regionda elə bir dövləti təsəvvür edə bilmirəm ki, bu Oyunları keçirməyi öz öhdəsinə götürsün. Digər tərəfdən bu idman yarışı gələcəkdə Azərbaycanın imicinin artmasına köməklik edəcək. Bundan başqa, Azərbaycanda turizmin inkişafına böyük dəstək olacaq".
M.Zülfüqarlı əlavə edib ki, növbəti illərdə böyük idman yarışlarının keçirilməsi üçün böyük infrastruktur yaradılıb: "Bu da Azərbaycan üçün gələcəkdə ciddi çətinliklər yaratmayacaq. Eyni zamanda, I Avropa Oyunlarından Azərbaycan iqtisadiyyatına böyük mənfəət gözlənilir. Bütün bunlar Azərbaycan dövlətçiliyinin inkişafına bir stimuldur ki, hər bir ölkə vətəndaşı da buna dəstək verməlidir. Azərbaycan inkişaf etdikcə ölkəmizi istəyən qüvvələr olduğu kimi, istəməyənlər də var. Həmin istəməyən qüvvələr müəyyən vaxtlarda Azərbaycanın zəifliyindən istifadə edərək, öz maraqlarını həyata keçirməyə çalışıblar. Məhz həmin mərkəzlər Azərbaycanın güclənməsində maraqlı deyil. Ona görə də indi də qara piar kampaniyası aparırlar, xüsusilə bu prosesdə qeyri-hökumət təşkilatlarından istifadə edirlər. Ölkəmiz artıq 90-cı illərin Azərbaycanı deyil və bu cür qara piar kampaniyasına öz cavabını verir. Biz Riqa sammitindən sonra qarayaxmaların azaldığını görürük. Bu da onu göstərir ki, Azərbaycan tam şəkildə həmin mərkəzlərin layiqli cavabını verib".
BƏXTİYAR