5 İyun 2015 14:55
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Muzey Mərkəzində “Nikolya” Şokolad Muzeyinin nümayişi çərçivəsində “Bakı 2015” Avropa Oyunlarına həsr edilən şokolad tablosunun təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, dünyada ən böyük şokolad tablosu hesab olunan və çəkisi 200 kiloqram olan əsərin təqdimatında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Amerikanın Azərbaycandakı səfiri Robert Cekuta, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, müəllif Nikolay Popov və başqaları iştirak edib.

Əbülfəs Qarayev bildirib ki, əsərdə I Avropa Oyunları əks olunaraq tədbirin mahiyyətini özündə ehtiva edib: “Muzey Mərkəzində şokoladdan təqdim olunan bütün əsərlərdə Bakının ruhu, mühiti, abidələri doğru və dəqiq göstərilib. Mən sevinirəm ki, biz bu əsərin təqdimatını keçirə bildik və ümid edirəm, əsər I Avropa Oyunlarına bizim gözəl töhfəmiz olacaq. Oyunlarla bağlı ölkə ərazisində olan bütün mədəniyyət müəssisələrində müxtəlif mədəni tədbirlər keçiriləcək. Eyni zamanda oyunların başa çatmasına az qalmış muzeylərə sərbəst giriş təmin olunacaq ki, qonaqlar mədəniyyət müəssisələri haqqında geniş bilgiyə sahib olsunlar”.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleq şokolad tablosunun idman tədbirinə aid edilməsini müsbət qiymətləndirib: “Sərginin açılışında iştirak etməkdən məmnunam. Bu, Bakı Oyunlarını əhatə edən vacib tədbirdir. Növbəti üç həftədə bütün dünyanın gözü Azərbaycanda olacaq. Bu tədbirə mədəniyyət sahəsinin də töhfə verməsi əlbəttə, bizi sevindirir”.

Qeyd edək ki, şokolad ustası Nikolay Popov sərgi üçün Azərbaycana və paytaxt Bakıya həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq Qız Qalası, Hökumət evi, Muzey Mərkəzi, Akademik Opera və Balet Teatrı, “Alov qüllələri”, meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb.

Sərgi iyunun 28-dək davam edəcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər