5 İyun 2015 23:21
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Esmira Orucova: “Xarici investorlar Azərbaycana sərmayə qoymaq üçün can atacaq”

İlqar Orucov: “Azərbaycan haqqında dünya ictimaiyyəti daha məlumatlı olacaq”

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına bir neçə gün qalır. Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları nümayəndələrinin bu möhtəşəm idman tədbirinə dəstəyi isə davam edir.

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, I Avropa Oyunları Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu oyunlar ilk dəfə keçirildiyi üçün ölkəmizin adı tarixə həkk olunacaq: “Bundan sonra keçiriləcək Avropa Oyunlarında Azərbaycanın adı hər dəfə çəkiləcək və dünyanın diqqəti ölkəmizə yönələcək. Eyni zamanda bu mötəbər idman yarışı iqtisadi cəhətdən mühüm əhəmiyyətə malikdir. Belə ki, oyunlar ərəfəsində və ondan sonra xarici investorlar Azərbaycana sərmayə qoymaq üçün can atacaq. Bundan başqa I Avropa Oyunları ölkənin turizm sektorunun inkişafı üçün də stimul olacaq. Yəni, idman yarışından sonra ilbəil Azərbaycana gələcək turistlərin sayı artacaq. Bütün bunlar isə ölkəyə əlavə maliyyə vəsaiti gətirəcək.

Çox yaxşı haldır ki, I Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat Komitəsi tərəfindən görülən işlər nəticəsində cəmiyyətdə canlanma müşahidə edilir. Bakı qısa zaman ərzində çox gözəlləşib. Şəhərdə aparılan abadlıq-quruculuq işləri həqiqətən təqdirəlayiq haldır. Eyni zamanda hazırlıq işləri zamanı gənclərin cəlb edilməsi Azərbaycan gəncliyinin bütün sahələrdə mövcud real potensialını ortaya qoymuş oldu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan həqiqətən Cənubi Qafqaz regionunun lider dövlətidir”.

E.Orucova I Avropa Oyunlarının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu gün Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşüb. O cümlədən hələ də Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir, girov götürülənlərin və itkinlərin taleyinə aydınlıq gətirilməyib. Bütün bunları nəzərə aldıqda, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün I Avropa Oyunları böyük bir imkandır. Ölkəmizə gələn qonaqları elə istiqamətləndirmək lazımdır ki, onlar Şəhidlər Xiyabanını görsün, məcburi köçkünlərin mövcud şəraiti, onlara öz evlərinə qayıtması istəklərini müşahidə edə bilsinlər. Bu, Azərbaycan həqiqətləridir və dünyanın bu həqiqətləri qəbul etməsi üçün bütün əlverişli imkanlardan istifadə etməliyik. Əlbəttə, Prezident İlham Əliyev tərəfindən yürüdülən xarici siyasət nəticəsində son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük işlər görülüb. Hesab edirəm ki, bundan başqa bir dövlət olaraq əlimizə düşən bütün imkanlardan yararlanmalıyıq”.

“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov deyib ki, I Avropa Oyunlarının Azərbaycan üçün bir neçə aspektdən əhəmiyyəti var. Onun sözlərinə görə, ilk növbədə bu oyunlar Azərbaycanın tanıdılması baxımından önəmlidir: “Ölkəmizdə keçirilən “Avroviziya” yarışmasından sonra xarici səfərlər zamanı Azərbaycanla bağlı insanların məlumatlı olduğunun şahidi olduq. Hesab edirəm ki, bu idman yarışından sonra Azərbaycan haqqında dünya ictimaiyyəti daha məlumatlı olacaq. Digər bir tərəfdən inkişafda olan ölkə kimi Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. O cümlədən Avropada və digər Qərb ölkələrində belə bir fikir var ki, guya müsəlman ölkələri terroru dəstəkləyir, inkişafdan geri qalırlar. Amma əminəm ki, Avropa insanı bura gələrkən Azərbaycanı müasir, sivil bir ölkə kimi görəcək. Təbii ki, biz bununla onların düşündüyünün əksinin ortaya qoymuş olacağıq”.

İ.Orucov deyib ki, bu idman yarışları ilə ölkəmizin turizm imkanları üçün şanslar əldə edəcəyik: “Bu baxımdan əminəm ki, Azərbaycan Avropa insanında çox xoş hisslər oyadacaq. Adətən, xaricdə dostlarımız bizə deyir ki, əl çantalarınızı qoruyun. Amma Azərbaycanda heç bir əcnəbi bunun şahidi olmayacaq. Digər tərəfdən Avropa Oyunları ilk dəfə keçirilir və Azərbaycan öz standartlarını ortaya qoyacaq. Növbəti illərdə bu oyunlar başqa ölkələrdə keçiriləcək, lakin əminəm ki, Azərbaycanda tətbiq olunan standartlar həmin ölkələr üçün nümunə olacaq. Yeni idman kompleksləri tikildi, stadionlar istifadəyə verildi. Əlbəttə, oyunlar bitəcək, lakin bu idman kompleksləri illərlə Azərbaycan xalqına, gəncliyinə xidmət edəcək. Eyni zamanda bütövlükdə Bakıda abadlıq işləri həyata keçirildi və bu da Azərbaycan insanı üçün də mühüm əhəmiyyət kəsb edir.

I Avropa Oyunlarının iqtisadi tərəfindən başqa, siyasi tərəfini də yaxın vaxtlarda hiss edəcəyik. Başqa cür mümkün deyil. Artıq 25 ildir müstəqilik əldə etmiş bir ölkəyik, lakin buna baxmayaraq, Azərbaycan həm müxtəlif humanitar forumların, idman yarışlarının, elmi toplantıların həyata keçirildiyi bir məmləkət kimi Avropada və dünyada tanınır. Əminəm ki, insanlar görəcək ki, Azərbaycan təkcə neft ölkəsi deyil, eyni zamanda mədəniyyətlərin qovuşduğu yerdir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər