Rumıniyanın “Agerpres” xəbər agentliyinin saytında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin əlaqələndiricisi Ümid Abuzərlinin müəllifi olduğu “Bakı-2015 ilk Avropa Oyunları Azərbaycanın xoşbəxt gələcəyini qurur” sərlövhəli məqalə yerləşdirilib.
Teleqraf.com-un məlumatına görə, məqalədə bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, gələcəyə hesablanan idman siyasətinin Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı və hərtərəfli dəstəyi ilə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi nəticəsində bu sahədə tərəqqinin əsası qoyulub.
Müəllif vurğulayıb ki, Olimpiya, dünya və qitə miqyaslı mötəbər idman tədbirlərinə ev sahibliyi barədə qərar qəbul edilərkən həmin ölkədə siyasi, ictimai, sosial, mədəni və digər sahələrdə vəziyyət nəzərə alınır. Avropa Olimpiya Komitəsi (AOK) məhz bu kompleks amilləri nəzərə alaraq birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib. Ü.Abuzərli birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə dünyanın bir çox ölkəsində “Bakı-2015”-in təqdimat mərasimlərinin və s. mötəbər tədbirlərin təşkil olunduğunu vurğulayıb.
Yazıda Oyunlar barədə məlumat verən müəllif, eyni zamanda, bu mötəbər yarışlar ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrin çirkin niyyətlərindən əl çəkmədiklərini vurğulayıb.
Sonda müəllif Avropanın idman tarixində yeni səhifənin başlanğıcı olacaq bu böyük tədbirin Azərbaycanda uğurla keçirilməsinə gənclərin gücü dəstək olacaqlarına və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə unudulmaz tarixin yazılmasını səbirsizliklə gözlədiyini bildirib.