"Bakı bulvarı genişləndirildikdən sonra onun ərazisi artıq 16 km-ə çatıb. Paytaxta gələn qonaqlar 16 km sahəsi olan bulvarda - Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel”dən başlayıb Bakı Kristal Zalı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər".
Bunu Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.
N.Məcidovun sözlərinə görə, yeni istifadəyə verilmiş Bakı Ağ Şəhər bulvarında kafe, restoran, əyləncə yerləri olmasa da, orada basketbol, voleybol və iki futbol meydançası olmaqla, ümumilikdə dörd yeni meydança və açıq trenajor meydançası var: “Bulvar ərazisində yarışların keçiriləcəyi 3 idman zalı - Bakı İdman Zalı, Bakı Kristal Zalı və Su İdman Sarayı yerləşir. Nəzərə alaq ki, Bakı Bulvarı böyük idman arenasına oxşayır. Ona görə də burada idmançıların, onlarla gələn heyətlərin, qonaqların sayının nə qədər çox olacağı aydındır. Bulvar öhdəsinə düşən bütün işləri - qonaqların və turistlərin rahatlığı, əylənməsi üçün lazımi işləri görüb. Bakı bulvarı Avropa Oyunlarına çox ciddi hazırlaşıb və artıq idman yarışı zamanı qonaqları qəbul etməyə hazırdır”.
N.Məcidov deyib ki, idarənin bütün işçiləri, eləcə də mühafizə xidmətinin, atraksionların, kafe və restoranların işçiləri artıq gücləndirilmiş iş rejimində işləyirlər.
İdarə rəsmisi qeyd edib ki, bulvarda qatarların hərəkəti üçün daha bir marşrut xətti istifadəyə verilib. Qatarlar yeni marşrut xətti üzrə Ağ Şəhər bulvarındakı “Bulvar Hoteli”nin qarşısından başlayıb Su İdman Sarayına qədər olan ərazidə 16 dayanacaqda dayanmaqla hərəkət edir. Bu marşrut üzrə hərəkət edən qatarlara minən şəxslər əlavə qatara minmədən bütün bulvar ərazisini görə bilirlər. Buna qədər isə bulvarda qatarlar 3 marşrut üzrə - Bakı Beynəlxalq Dəniz Vağzalından “Saat qülləsi”nə, “Saat qülləsi”ndən “Azneft” meydanına və Bakı İdman Zalından Dövlət Bayrağı Meydanına qədər hərəkət edib.
Həmin istiqamətlər üzrə qatarların bundan sonra da hərəkət edəcəyini deyən N.Məcidov qeyd edib ki, hazırda ziyarətçilər 3 gəzinti gəmisi vasitəsilə dənizdə gəzintiyə çıxa bilirlər. Gəmilər artıq gücləndirilmiş iş rejimində işləyir. Onlar tələbatdan asılı olaraq, səhər saatlarında daha tez işə başlayıb gecə də işlərini nisbətən geç bitirirlər.
N.Məcidov deyib ki, bulvar ərazisində çalışan işçilərin ingilis dili biliklərinin artırılması üçün də işlər görülüb. Bulvarın mühafizə xidmətinin 32 əməkdaşı üçün 3 ay davam edən ingilis dili kursları yekunlaşıb: “İdarənin ingilis və rus dillərini bilən işçiləriminin sayı kifayət qədərdir. Əlavə olaraq isə 32 nəfər əməkdaş da ingilis dili kurslarına cəlb edildi. Artıq hər restoranda, kafedə, hər bir obyektdə ingilis və rus dilini bilən işçilər var. Son günlərdə bulvara gələn turistlərin sayı artıb. Bu günə qədər heç bir problem yaranmayıb. Oyunlar zamanı da belə problemlərlə üzləşməyəcəyik”.