9 İyun 2015 13:41
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənsum İbrahimov: "O hadisənin iştirakçısı olmaq böyük xoşbəxtlikdir

İyun ayının 7-də "Bakı-2015" İlk Avropa Oyunlarının məşəli paytaxta gətirilib. Məşəlin Bakıdakı səyahətində tanınmış sənətçilər də iştirak edib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı "Sadko" limanında Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.

Daha sonra məşəl estafeti Ağ Şəhər bulvarından başlayaraq Neftçilər prospekti və Dövlət Bayrağı Meydanınadək davam edib. Məşəl yürüşündə Xalq artistləri Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Aygün Bayramova, Nəzakət Teymurova, Amaliya Pənahova, Fidan və Xuraman Qasımovalar, İlhamə Quliyeva, Aygün Kazımova, "Eurovision" mahnı müsabiqəsindəki təmsilçilərimiz Səbinə Babayeva, Dilarə Kazımova, Eldar Qasımov, Avropa Oyunlarının Ulduz Elçiləri aparıcı Hacı Nuran, "Parni İz Baku" komandasının üzvü Cabir İmanov yer alıb. Onlar məşəl daşımamışdan öncə və sonra bir-biriləri ilə çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşıblar. Teleqraf.com isə sənət adamlarının məşəl təəssüratlarını xəbər alıb:

"Bir daha fəxr etdim ki, Azərbaycanda doğulmuşam"

Xalq artisti, xanəndə Arif Babayev: "İyun ayının 7-də məşəlin Bakıya gətirilməsi mərasiminə bütün dünya baxırdı. Belə başa düşürəm ki, bu ölkənin suyunu içib, çörəyini yeyən insan Azərbaycanı sevməlidir. Görürsünüz, necə səliqə-səhmanla təşkil olundu məşəl daşıma mərasimi, hamı bizə heyran qaldı. Azərbaycanlılar böyük ruh yüksəkliyi, gülərüzlə "Bakı-2015"-in məşəlini Bakıda qarşıladılar. Mən də muğama ömrünü vermiş bir insan kimi Mehriban xanım Əliyevanın məşəlini yandırdım. Bu da bir tarixdir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın məşəlini yandırmaq mənim üçün qürurdur, şərəfli tarixdir. Bu, yaşlı bir sənətkar kimi mənə olan diqqətdir, hörmətdir. Mən bunu heç vaxt yadımdan çıxarmayacağam. Və mən o an bir daha fəxr etdim ki, Azərbaycanda doğulmuşam. Səmimi deyim ki, məşəli daşıma mərasimində həyəcanlı idim. Tək mən yox, hamı həyəcanlı idi. Çünki o məşəlli daşımaq çox çətin idi. Şükür Allaha ki, özümü itirmədim, Mehriban xanım Əliyevanı gördüm və məşəli yandırdım. Çox maraqlı anlar yaşandı. Elə orada da mən onu, o da məni təbrik etdi. İndi bizim bircə dərdimiz var. O gün olsun bu bayraqlarımız Qarabağda sancılsın. Ən ucada...Hamımızın dərdi budur. Mən inanıram ki, Prezidentimizin gücü, qüvvəsi sayəsində Qarabağımız alınacaq. İnanıram ki, Qarabağa gedəcəyik. Və bütün dünyaya göstərəcəyik ki, 9 milyonluq əhali görün kimlərdir. Hansı gücə qadirdir. Mən sevinirəm ki, Avropa Oyunları məhz Azərbaycanda, bu balaca ölkədə keçirilir. Bu möhtəşəm tədbirin burada keçirilməsi ölkəmizin bütün dünyada tanınmasında misilsiz rol oynacaq. Bilirsiniz ki, Azərbaycan balaca, amma iqtisadi, mədəni cəhətdən çox güclü ölkədir, bu Oyunlar zamanı dünya dövlətinin diqqəti Azərbaycana yönələcək. İnanıram ki, Avropa Oyunları çox gözəl keçəcək və biz çoxlu medallar qazanacağıq. Ona görə mən idmançılarımıza uğurlar, qalibiyyət arzu edirəm".

Xanəndə bildirib ki, Azərbaycan Avropa Oyunları zamanı ölkəmizə gələn qonaqları təşkilatçılığı ilə yanaşı qonaqpərvərliyi ilə də təəccübləndirəcək: "Azərbaycan qonaqpərvər ölkədir. Bunu yarışlarda iştirak edən idmançılarla yanaşı ölkəmizə gələn turistlər də hiss edəcək. Onlar Azərbaycanı daha yaxından tanıyıb, sevəcəklər və qonaqpərvərliyimizə heyran qalacaqlar. Hesab edirəm ki, hər birimiz bu Oyunlara öz töhfəmizi verməliyik".

"O gün hər şey çox yaxşı keçdi"

Xalq artisti, xanəndə Aygün Bayramova: "Məşəli daşımaqla bağlı çoxdan məlumatlandırılmışdıq. Məşəlimi idmançı İqor Ponomaryov yandırdı. Məşəlin 2 kilo 3 qram ağırlığı var idi. Əvvəlcədə əlimizə götürüb məşq etmişdik. Məşəli sol əllə yandırıb, sağ əllə daşımalı idik. Sol əllə də insanlara öz münasibətimizi bildirməliydik. Mən elə bir əlimlə məşəli tutub qaçdım. Bir sözlə, o gün hər şey çox yaxşı keçdi. Hər şey xırdalığına qədər ölçülüb-biçilmişdi. Təəssüratım çox yüksək səviyyədədir. Öncə geyimlərimizi geyindik, sənət adamları, idmançılarla ünsiyyətdə olduq. Hələ də o təəssüratın təsiri altındayam. Elə idman formasında evə gəldim. Əminliklə deyirəm ki, Azərbaycanda baş tutacaq "Bakı-2015" Avropa Oyunları bayram ab-havasında çox gözəl keçəcək. Həm vətəndaş, həm də sənət adamı kimi çox sevindirici haldır ki, belə bir mötəbər tədbir Azərbaycanda gerçəkləşəcək. Düşünürəm ki, bu müddət ərzində ölkəmizə gələn idmançılar, qonaqlar, turistlər Azərbaycanda keçirilən Avropa Oyunlarından çox məmnun qalacaqlar. Bilirsiniz ki, Azərbaycan hər zaman qonaqpərvər, insansevər xalq olub. Belə mühüm tədbirlərdə isə xüsusilə... Sevinirəm ki, televiziya kanallarında, yazılı mediada oyunlarla bağlı materiallar hazırlanır, geniş təbliğat aparılır. Mən bütün bunları çox yüksək qiymətləndirirəm. Eyni zamanda, şəhərimizdə gedən abadlıq işləri, yolların təmiri bu oyunlara tam hazırlıqlı olduğumuzun göstəricisidir. Mən Azərbaycan xalqını bu oyunlarda yaxından iştirak etməyə, bilet alıb baxmağa çağırıram. İdmançılarımıza uğur, qələbə, medallarımızın sayının çox olmasını arzulayıram. Demirəm ki, hamısı qızıl medal olsun, xeyir, amma ümumi medalların sayı çox olsun. Düşünürəm ki, bizim ölkədə keçirildiyinə görə bu, idmançılara gözəl, uğurlu oyun nümayiş etdirmək üçün daha güclü motivasiya verir".

"Bakı-2015 Azərbaycan üçün çox uğurlu olacaq"

Xalq artisti, xanəndə Mənsum İbrahimov: "İyun ayının 7-də məşəlin Bakıya gətirilməsi tarixi hadisə kimi qəbul olunmalıdır. Mənim üçün bu tarixi hadisənin şahidi və iştirakçısı olmaq böyük xoşbəxtlik idi. Çünki mən məşəl daşıyanlardan biri idim. O hadisənin içərisində olmaq insanı həyəcanlandırır. O insan seli, idmançıların əhatəsində qaçmaq, məşəli yandırmaq, çəkiliş qruplarını görmək - bütün baş verənlər həyəcanla müşayiət olunurdu. Məşəli Bakıda Cənab Prezidentimiz qəbul etdi, daha sonra Mehriban xanım Əliyeva, övladları məşəli daşıdılar. Azərbaycanlı kimi qürur hissi keçirdim. İnanıram ki, "Bakı-2015" İlk Avropa Oyunları Azərbaycanımız üçün çox uğurlu olacaq. Oyunlar Azərbaycanın inkişafı, gələcəyi üçün əhəmiyyətli rol oynayacaq. Çox möhtəşəm layihədir və biz bununla yeni bir tarix yazırıq".

Onun sözlərinə görə, məşəl daşımaqla bağlı öncədən məlumatlanmışdılar:

"Öncə bizi Avropa Komitəsinə dəvət etmişdilər, bütün məlumatlar verilmişdi, məşəldən iki saat öncə də o mərkəzə yığıldıq, qruplara bölündük, geyimlərlə təmin olunduq, daha sonra təşkilatçılar necə hərəkət edəcəyimizi başa saldı. Orada məndən başqa bir çox sənətkarlar - Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, Səkinə İsmayılova, Ramiz Quliyev, Canəli Əkbərov, Azər Zeynalov və başqaları var idi. Mənim məşəl aldığım və verdiyim insanlar idmançılar idilər. Məşəlimi yandıran Gənclər Fondunun sədri Fərhad Hacıyev, məşəlini yandırdığım isə məşhur futbolçumuz İsgəndər Cavadov idi. Biz Kukla Teatrı ilə Bayraq Meydanı ərazisində məşəli daşıdıq. İndi həyəcanla Avropa Oyunlarının açılışını gözləyirik. Artıq biletlərimiz də var. Ailəvi "Bakı-2015" Avropa Oyunlarının açılışında iştirak edəcəyik və bu tarixi hadisəyə sevə-sevə şahid olacağıq".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər