10 İyun 2015 01:42
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın nüfuzlu “24 Çasa” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimovdan Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı götürülən müsahibə əsasında məqalə dərc edilib. “Azərbaycan Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında iştirak edəcək 6000 idmançını qəbul etməyə hazırdır” sərlövhəli məqalədə səfir ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə danışaraq bu qərarın 2012-ci ildə Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunduğunu diqqətə çatdırır. Diplomat Oyunlarda 20 idman növündə 6000-dən çox atletin iştirak edəcəyindən, ümumilikdə, 253 medal dəsti uğrunda mübarizənin aparılacağından bəhs edir. Bundan əlavə, səfir Oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə 2013-cü il yanvar ayının 17-də Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalandığını diqqətə çatdırır.

E.Kərimov Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə olan “Bakı-2015”-in məşəlinin bu il aprelin 26-da alovlandırılması mərasimindən söz açaraq, Prezident İlham Əliyevin, xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin həmin mərasimdə iştirak etmələrindən, birinci Avropa Oyunlarının məşəlinin səyahətindən danışıb. Diplomat ilk Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri barədə də ətraflı məlumat verərək açılış mərasiminin yeni inşa edilmiş 68 min nəfərlik Bakı Olimpiya Stadionunda baş tutacağını qeyd edir. Vurğulanır ki, Oyunlar müddətində idmançılar və komanda rəsmiləri 7300 nəfərlik Olimpiya Kəndində yerləşdiriləcək.

Qeyd olunur ki, son 10 ildə ölkədə bir çox beynəlxalq yarışlar keçirilib. Bədii gimnastika üzrə dünya kuboku yarışları və Avropa çempionatı, boks üzrə dünya çempionatı, gənc qadınlar arasında futbol üzrə dünya çempionatı, sərbəst güləş üzrə Avropa çempionatı və s. buna misaldır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra idmana xüsusi diqqətin ayrıldığını, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradıldığını, gənclər və idman siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu diqqətə çatdıran E.Kərimov aparılan müdrik siyasət nəticəsində 1994-2003-cü illər ərzində Azərbaycan idmançılarının beynəlxalq və dünya yarışlarında 456 qızıl, 360 gümüş və 515 bürünc medal qazandıqlarını xatırladıb. Diplomat 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş dövlətimizin başçısı İlham Əliyevin gördüyü böyük işlər nəticəsində ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövrün başlandığını diqqətə çatdırır. O, Azərbaycanın Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlər haqqında da məlumat verir.


Müəllif:

Oxşar xəbərlər