"Bakı-2015" məşəlinin Bakı səyahətində məşhur sənət adamlarının iştirakı davam edir.
Teleqraf.com-un məlumatına görə, iyun ayının 9-da məşəlin İçərişəhərdə səyahəti Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayıb, Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxıb.
Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edən məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də, İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.
Məşəl daşıyan sənət adamları içərisində müğənni Faiq Ağayev, aktyor Bəhram Bağırzadə, dirijor Yalçın Adıgözəlov, musiqiçi Ənvər Sadıqov, aktrisa Şəfiqə Məmmədova, "Bakı-2015"-in ulduz elçisi, müğənni Tünzalə Ağayeva olub. Ötən gün yəni iyun ayının 10-da məşəlin daşıyıcıları arasında pianoçu Fərhad Bədəlbəyli, aktyor Tahir İmanov, xanəndə Ağaxan Abdullayev, bəstəkar Faiq Sücəddinov, pianoçu Murad Adıgözəlov, müğənni Abbas Bağırov və Röya olub.
"Çox böyük fəxr idi"
Xalq artisti Faiq Ağayev məşəli qürurla daşıdığını bildirib: "O xoşbəxt azərbaycanlılar siyahısındayam ki, məşəl daşımaqı mənə də həvalə və etibar ediblər. Bu, mənim üçün böyük hadisədir. Çünki illər keçəcək və çox azsaylı azərbaycanlılar fəxarətlə söyləyə biləcəklər ki, o məşəli mən də daşımışam. Sözün həqiqi mənasında, bu, böyük fəxarət hissidir. İyun ayının 9-da məşəl daşımaq mənim üçün çox böyük fəxr idi. Məşəldar kimi İlk Avropa Oyunlarının məşəlini bir olimpiya çempionumuz Fərid Mansurovdan alıb, digər Olimpiya Çempionumuza - Elnur Məmmədliyə yetirdim".
Məşəli şərəflə daşıyan əməkdar artist Tünzalə Ağayeva hər kəsi Avropa Oyunlarında iştiraka dəvət edib: "Avropa Oyunlarının məşəli artıq Bakıdadır. Dövlət başçımız çox qürurla, həyəcanla xalqın qarşısında ailəsi ilə birlikdə bu məşəli daşıdı. İyun ayının 9-da mən şərəflə Avropa Oyunlarının məşəlini İçərişəhərimizdə Şirvanşahlar Sarayına daşıdım. Bununla fəxr edirəm. Yaxınlarıma, dostlarıma, onların ailəsinə, eyni zamanda, sevənlərimə, bütün insanlara çağırış edirəm, gəlib Avropa Oyunlarına tamaşa etsinlər, bu həzzi yaşasınlar. İdman həm siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət festivalı deməkdir. Bu mənada, Avropa Oyunları ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır və ölkəmizin imicinə müsbət təsir edir".
Nərmin Muradova