Çin Xalq Respublikası hökumətinin rəsmi informasiya agentliyi Sinxua Bakıda birinci Avropa Oyunları haqqında informasiya yayıb.
İnformasiyada deyilir: “İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları tarixdə ilk belə oyunlardır. İdmanın 16 olimpiya və 4 qeyri-olimpiya növü üzrə ümumən 20 idman yarışı keçiriləcək. İdmanın 11 növündə (velosiped idmanı, kamandan oxatma, yüngül atletika, boks, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, çimərlik voleybolu, cüdo və atıcılıq) 2016-cı ilin Olimpiya Oyunları üçün lisenziyalar və lisenziya balları oynanılacaq.
Oyunların açılışına 10-dan çox dövlətin başçısı, o cümlədən Türkiyə və Rusiya prezidentləri gələcəklər. Avropa ölkələrinin hökumət başçılarının, parlament üzvlərinin, BOK-un nümayəndələrinin də Bakıya gələcəyi gözlənilir.
Azərbaycan Avropa Oyunlarının keçirilməsi hüququnu 2012-ci ilin dekabrında Romada Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında qazanıb. Səsvermədə iştirak edən 49 ölkədən 39-u Bakıya səs verib.
Bakıda 18 müasir idman kompleksi hazırlanıb. Bunların beşi sıfırdan inşa olunub.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin nümayəndə heyəti ilə görüşündə deyib: “Doğrudan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək”.