11 İyun 2015 17:43
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtında “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində Varşava şəhəri ictimaiyyətinin nümayəndələrinə və universitet tələbələrinə I Avropa Oyunlarına aid jurnallar, məlumat bukletləri, üzərində “Bakı-2015” yazılmış köynəklər, eləcə də Azərbaycan bayraqları və Oyunların loqosu əks olunmuş bayraqlar paylanılıb. Şəhər sakinlərinə Avropa Oyunları barədə ətraflı məlumat verən aksiya təşkilatçıları Azərbaycan və “Bakı-2015”-in bayraqlarını müxtəlif obyektlərə də paylayıb, varşavalılara Azərbaycana aid müxtəlif suvenirlər təqdim ediblər.

“I Avropa Oyunlarında Bakı sizi gözləyir” şüarı altında keçirilən aksiyada şəhərin mərkəzi parklarında sakinlərlə söhbət aparılıb. Varşavalılar qitənin Olimpiya Oyunları barədə məlumatlı olduqlarını deyərək, Bakının I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə və Avropa Oyunları üçün yaxşı ənənə yaradacağına inandıqlarını bildiriblər.

Aksiya təşkilatçıları Varşava Dövlət Ali Psixologiya Universitetində də olublar. Burada universitet rəhbərliyi ilə görüş keçirilib. Azərbaycan və Bakı haqqında çox eşitdiklərini deyən universitet təmsilçiləri ölkəmizə səfər etməyi arzuladıqlarını bildiriblər. Daha sonra universitetin akt zalında davam edən tədbirdə orada məzun sertifikatları alan tələbələrə “Bakı-2015”-ə aid müxtəlif materiallar və hədiyyələr verilib. Gənclər bu Oyunlara böyük maraq göstərdiklərini və yarışları televiziya vasitəsilə izləyəcəklərini deyiblər. Polşalılarla yanaşı, digər Avropa ölkələrindən olan tələbələr də “Bakı-2015” birinci Avropa Oyunlarına aid jurnallara böyük maraq göstəriblər. Onlara Oyunlara aid videoçarxın yer aldığı disklər də hədiyyə olunub.

Aksiyada digər diqqətçəkən vasitələrdən də istifadə olunub. Belə ki, səhər saatlarından etibarən Varşavanın müxtəlif küçələrində yerləşən mağaza və iaşə obyektlərindən “I Avropa Oyunlarında Bakı sizi gözləyir” şüarı yazılmış bannerlər asılıb. İngilis və polyak dilində yazılmış bu şüardan tələbələrlə keçirilən görüşlərdə də istifadə olunub.

Aksiya olduqca böyük maraqla qarşılanıb. Varşavalılar Azərbaycanı salamlayıb, I Avropa Oyunlarının iştirakçılarına və xüsusən də Polşa təmsilçilərinə uğurlar arzulayıblar.


Müəllif: