Birinci Avropa Oyunlarında iştirak edəcək Almaniya, İsveçrə, İsveç, Ukrayna, Kipr, Polşa, Monteneqro, Estoniya, Hollandiya, Slovakiya, Macarıstan və İslandiya idmançıları da iyunun 11-də Azərbaycana gəliblər.
AZƏRTAC xəbər verir ki, əcnəbi atletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar. Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər Kəndinə yola salınıb.
“Bakı-2015” birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlərin daha bir qrupu da Azərbaycana gəlib. Xarici media nümayəndələri xüsusi avtobuslarla Media Kəndinə aparılıb.
“Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah bütün gün ərzində fasiləsiz fəaliyyət göstərir.