Ölkəmizdə fəaliyyət göstərən sol partiyaların fəalları ilk Avropa Oyunlarına start verilməsi ilə əlaqədar bu gündən etibarən bir sıra maraqlı aksiyalara start verəcəklər.
Publika.az xəbər verir ki, sosialistlər paytaxtın bir sıra yerlərində kitab aksiyası keçirəcəklər. Məqsəd birinci qitə oyunlarında iştirak etmək, habelə yarışları izləmək üçün respublikamıza gəlmiş idmançıları və turistləri Azərbaycan ədəbiyyatı, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə tanış etmək, məlumatlandırmaqdır. Solçu könüllülər xarici qonaqlara ingilis və rusca ölkəmiz barəsində ətraflı məlumat verəcəklər.
Aksiya habelə əcnəbi dillərdə ölkəmiz barəsinbdə müxtəlif məlumat vərəqələrinin paylanılması, tarixi mədəniyyət abidələri haqda ətraflı məlumatların verilməsi ilə davam etdiriləcək. ASP sədri Elşən Həsənovun əməkdaşımıza verdiyi məlumata görə, solçular bununla yanaşı, şəhərimizi gəzməyə çıxan turistlərə könüllü bələdçilik xidməti də təklif edəcəklər. Yarışlarda iştirak edəcək üzvlər üçün oyunların loqotipi olan xüsusi 150 ədəd paltar dəsti də sifariş edilib.