Bakı 2015 I Avropa Oyunları çərçivəsində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarında iştirak edəcək idmançılar artıq Mingəçevirdədir.
Teleqraf.com xəbər verir ki, 37 ölkədən 295 tanınmış idmançı bu mötəbər yarışlarda iştirak etmək üçün Mingəçevir şəhərinə gəliblər.
Komandaların üzvləri və onları müşayiət edən nümayəndə heyəti yüksək səviyyədə qarşılanıb və qonaqların Atletlər kəndində yerləşdirilməsi təmin olunub. Hazırda avropalı idmançılar Kür çayında yarışlara son hazırlıq məşqlərini keçirlər. Onlar təlim-məşq prosesini iyunun 12-13-də davam etdirəcəklər. İdmançıların Atletlər kəndindən “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək gediş-gəlişinin rahat şəkildə və fasiləsiz təmin olunması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. İdmançılarla yanaşı, hakimlər və rəsmi qonaqlar da artıq Mingəçevirdədir. Onlar “Kür” Olimpiya Tədris İdman Mərkəzinin otelində və Mingəçevirdəki digər 2 oteldə yerləşiblər.
Azərbaycan yığmasının üzvləri də Mingəçevirdəki Atletlər kəndinə gələrək olimpiya ailəsinə qoşulublar. Azərbaycan idmançıları da bu mötəbər yarışlara yüksək səviyyədə hazırlaşıblar. Avarçəkənlərimiz yarışlara hazırlıq məqsədilə bir müddət Qəbələdə təlim-məşq toplanışında iştirak ediblər.
Qeyd edək ki, iyunun 14-16-da Mingəçevirdə keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək əcnəbi idmançılardan 40 nəfəri olimpiya oyunlarının mükafatçılarıdır ki, onlardan 20 nəfəri qızıl medal sahibidir.