12 İyun 2015 14:55
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) “Bakı-2015” I Avropa Oyunları ilə bağlı Avropa Parlamentinə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, minlərlə idmançının səbirsizliklə gözlədiyi I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan, ölkənin rəhbərliyi bütün imkanlarını səfərbər edib.

Müraciətin müəllifləri “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsini xatırladaraq Azərbaycanın belə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu parlamentarilərin diqqətinə çatdırırlar.

Vurğulanır ki, xalqlar arasında dostluğu möhkəmləndirmək, gəncləri birləşdirmək, mehriban qonşuluq siyasətini inkişaf etdirmək, nəhayət, SSRİ-nin dağılmasından sonra dünyanın müstəqillik qazanmış ən gözəl ölkələrindən birini tanıtmaq üçün beynəlxalq idman yarışları və mahnı müsabiqələrinin təşkili təqdirəlayiqdir. Ermənistanla müharibə şəraitində olmasına, 20 faizdən artıq ərazisinin işğal edilməsinə baxmayaraq, Azərbaycan I Avropa Oyunlarına erməni idmançılarını da dəvət edib, çünki idman hər zaman siyasətdən kənarda olub və siyasətçilər idmançıların işinə qarışmamalıdır. İdman və mədəniyyət sözdə deyil, əməldə sülhə və dostluğa xidmət etməlidir. Amma Avropa Parlamentində baş verən son hadisələr göstərir ki, bir çoxları idman yarışlarını özlərinin siyasi intriqalarını gerçəkləşdirmək məqsədilə istifadə etməyə cəhd edir.

Müraciətdə İsrailin də uzun illər boyu bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən sərt tənqidlərə məruz qaldığı, lakin bütün müharibələrdən şərəflə çıxdığı xatırladılır. Ölkəmizi bu baxımdan İsraillə müqayisə edən təşkilat üzvləri qeyd edirlər ki, Azərbaycanın sərvətləri, güclü iqtisadi imkanları, müharibə şəraitində olmasına baxmayaraq, davamlı inkişaf etməsi, bölgədə iqtisadi və siyasi liderliyini təsdiqləməsi faktı ilə barışa bilməyənlər bu gün bu ölkəyə qarşı qarayaxma kampaniyası aparmağa cəhd edirlər. Şübhəsiz ki, Azərbaycanın ünvanına yağdırılan böhtanlar hələ çox danışılacaq. Çünki Uinston Çörçilin təbirincə desək, həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolanır.

Müraciət müəllifləri inandıqlarını bildirirlər ki, Azərbaycan ikili standartlar dünyasında öz nüfuzunu qorumaq uğrunda mübarizə aparacaq.


Müəllif:

Oxşar xəbərlər