İsveçrəli qadın triatlonçu Nikola Spiriq birinci Avropa Oyunlarının çempionu olub. O, çempionluğu 2 saat 28 saniyəlik nəticə ilə qazanıb.
Niderlandlı atlet Klamer Raçel 2 saat 1 dəqiqə 44 saniyə ilə ikinci, isveçli Norden Liza isə 2 saat 1 dəqiqə 46 saniyəlik nəticə ilə üçüncü yeri tutublar.
Çempion Nikola Spiriq “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün ölkəsinin Milli Olimpiya Komitəsinin təsnifat şəhadətnaməsini təmin edib.
14:32
Artıq yarışın ikinci mərhələsi də başa çatıb.
İdmançılar velosipedlə hər birinin uzunluğu 6,6 kilometr olan 6 dövrə vurublar. İkinci mərhələdə isveçrəli Nikola Sprinq birinci (1 saat 3 dəqiqə 37 saniyə), isveçli Liza Norden ikinci olublar (1 saat 3 dəqiqə 49 saniyə). Niderlandlı Rakel Klamer isə 1 saat 4 dəqiqə 6 saniyəlik nəticə ilə üçüncü olub.
Azərbaycan idmançısı Kseniya Levkovska ikinci mərhələdə 1 saat 5 dəqiqə 25 saniyəlik nəticə ilə 17-ci sırada qərarlaşıb.
İdmançılar keçidi ötərək sonuncu - qaçış mərhələsinə başlayıblar.
13:40
Artıq yarışın ikinci mərhələsi başlayıb. Bu mərhələdə idmançılar velosiped yarışında mübarizə aparırlar.
Atletlər velosipedlə hər birinin uzunluğu 6,6 kilometr olan 6 dövrə vuracaqlar. İdmançılar dövrənin sonunda keçiddən keçərək sonuncu mərhələyə başlayacaqlar.
13:15
Yarışın birinci mərhələsində - üzgüçülükdə ən yaxşı nəticələri niderlandlı Rakel Klamer (20 dəqiqə 16 saniyə), rusiyalı Anastasiya Abrosimova (20 dəqiqə 16 saniyə) və isveçli Liza Norden (20 dəqiqə 37 saniyə) başa vurublar.
Azərbaycan idmançısı Kseniya Levkovska isə birinci mərhələdə 21 dəqiqə 36 saniyəlik nəticə ilə 19-cu sırada qərarlaşıb.
12:37
Bakı, 13 iyun, Məhərrəm Əlioğlu, Məmməd İsayev, AZƏRTAC
İyunun 13-də Bilgəh çimərliyində birinci Avropa Oyunlarında qadınlar arasında triatlon yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, Bakıda ilk dəfə beynəlxalq səviyyədə qadınlar arasında keçirilən triatlon yarışında birinci Avropa Oyunlarının medallarını qazanmaq uğrunda 53 idmançı mübarizə aparır. Azərbaycanı yarışda Kseniya Levkovska təmsil edir. İdmançımız 32 nömrə altında çıxışa başlayıb.
Medala iddialı idmançılar arasında Olimpiya çempionu isveçrəli Nikola Spiriq və Olimpiadanın gümüş mükafatçısı isveçli Liza Norden də var. Bakıda keçirilən yarış onların London Olimpiya Oyunlarında təqribi bərabərliklərindən sonra ilk görüşü olacaq. Belə ki, N.Spiriq üç il əvvəl rəqibindən cəmi 15 santimetr öndə olmaqla qızıl medala yiyələnmişdi. Gələn il keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsi Bakıya salındığı üçün paytaxtımızda keçiriləcək yarış əzəli rəqiblərə eyni dərəcədə şans verir.
Qadınlar arasında ən böyük rəqiblərdən biri də dünya reytinqində altıncı yerdə olan iordaniyalı Aliyen Reydir. Medal qazanmağa namizəd olan digər idmançı isə niderlandlı Rakel Klamerdir. O, dünya çempionatında 12-ci yeri tutub, ötən il isə avropalı idmançılar arasında ilk sırada olub. Onun komanda yoldaşı Mayke Kaelers isə dünya çempionatlarında üçüncü nəticə göstərib.
Triatlon yarışında idmançılar əvvəlcə suda üzməli, sonra velosiped sürməli və daha sonra qaçaraq yarışı başa vurmalıdırlar.
Qadınlar arasında qalib idmançı "Rio-2016" yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün öz Milli Olimpiya Komitəsinin təsnifat şəhadətnaməsini əldə edəcək.