Azərbaycan birinci Avropa Oyunlarında medalların sayını 7-yə çatdırıb.
AZƏRTAC xəbər verir ki, yeddinci – gümüş medalı komandamıza 80 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Rafiq Hüseynov qazandırıb. O, finalda rusiyalı Yevgeni Saleevə məğlub olaraq ikinci yerlə kifayətlənib.
Bu çəki dərəcəsində bürünc mükafatlara bolqarıstanlı Daniel Aleksandrov və Belarus güləşçisi Viktor Sasunouski layiq görülüblər.
İndiyədək Azərbaycan idmançıları hamıdan çox – 7 medala sahib olublar. Hazırda Azərbaycan yığması komandasının hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc medal var.
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan 27 yaşlı Rafiq Hüseynovun idman karyerası 1996-cı ildə başlayıb. O, Avropa çempionu və dünya kuboku yarışlarının qalibidir. Rafiq türk, rus və ingilis dillərində sərbəst danışır.