İordaniyanın "Əl-Düstur", "Əl-Rəy" qəzetləri, "Petra" informasiya aqentliyi və "jbcnews.net" internet portalında, eləcə də Misirin "Əl-Əhram" qəzeti və bir sıra nüfuzlu mətbuat orqanlarında “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın iki saat ərzində öz zəngin tarixini, mədəniyyətini və ədəbiyyatını dünyaya təqdim etməsi barədə materiallar yayılıb.
Materiallarda Xəzərin sahilində yerləşən Azərbaycan haqqında, birinci Avropa Oyunlarının əhəmiyyəti, yarışlarda 50 Avropa ölkəsindən 6 min idmançının 253 medal dəsti uğrunda mübarizə aparması barədə maraqlı məlumatlar yer alıb. Eyni zamanda, Avropa Oyunlarının açılış mərasimində bir çox ölkələrin dövlət və hökumət başçılarının, o cümlədən İordaniya Krallığının Şahzadəsi Feysəl ibn Əl-Hüseynin və digər yüksək səviyyəli rəsmilərin iştirak etdikləri diqqətə çatdırılır.
Həmçinin bildirilir ki, Birinci Avropa oyunları dünya idman tarixində olduqca mühüm və yaddaqalan hadisədir.
Məqalələrdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin açılış mərasimindəki çıxışında bu hadisəni rəhbərlik etdiyi qurumun tarixində ən fərəhləndirici məqam adlandırdığı xüsusi olaraq qeyd edilir.