14 İyun 2015 23:30
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 14-də “Bakı-2015” birinci Avropa Oyunlarının güləş yarışlarında Azərbaycan idmançıları üç medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarının üçüncü günündə yunan-Roma güləşçiləri 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində mübarizə aparıblar.

Avropa və dünya çempionu Həsən Əliyev (66 kq) gürcüstanlı Saçino Davitaia, xorvatiyalı Daniel Janeciç, Belarus idmançısı Mixail Siamionau üzərində qələbə qazansa da, yarımfinalda ermənistanlı Miqran Arutunyana məğlub olub.

Üçüncü yer uğrunda görüşdə Həsən Əliyev Serbiya təmsilçisi Aleksandr Maksimoviçə qalib gəlib.

Finalda isə Rusiya güləşçisi Artyom Surkov Ermənistan təmsilçisini məğlub edib.

Digər bürünc medala isə slovakiyalı İstvan Levai sahib olub.

Yetmiş beş kiloqram çəki dərəcəsində yeniyetmələr arasında dünya çempionu Elvin Mürsəliyev Riçard Riqo (Slovakiya), İonel Puskasu (Rumıniya), Çingiz Labazanov (Rusiya) və Zurabi Datunaşviliyə (Gürcüstan) qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə serbiyalı Viktor Nemesə üstün gələn E.Mürsəliyev Avropa Oyunlarının çempionu adını qazanıb. Rusiyalı Ç.Labazanov və Ukrayna güləşçisi Dmitri Puşkov yarışı üçüncü pillədə başa vurublar.

Yarışda 85 kiloqram çəki dərəcəsində final görüşü Rusiya güləşçisi Davit Çakvetadze və ukraynalı Jan Beleniuk arasında keçirilib. Görüş rusiyalı idmançının qələbəsi ilə yekunlaşıb. Türkiyəli Metehan Başar və Almaniya güləşçisi Ramsin Azizsir bürünc medal qazanıblar.

Digər idmançımız - 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan çempionu Sabah Şəriəti finala gedən yolda Mikola Kuçmi (Ukrayna), Yakobi Kajaia (Gürcüstan) və Yoseb Çuqoşvilini (Belarus) məğlub edib. Finalda isə türkiyəli Rza Kayaalpa məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənib.

Belarus güləşçisi Yoseb Çuqoşvili və Estoniya təmsilçisi Heiki Nabi yarışı üçüncü pillədə başa vurublar.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi birinci Avropa Oyunlarında ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.


Müəllif:

Oxşar xəbərlər