“Bu uğurumu Olimpiya çempionluğu kimi qəbul edirəm”
“Karate olimpiya idman növü olmasa da, Prezidentimizin təşəbbüsü nəticəsində Avropa Oyunlarına daxil edilib”. Bunu Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran Firdovsi Fərzəliyev deyib.
Karatenin kumite yarışında 60 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxan 21 yaşlı idmançı bu yarışın onlar üçün çox önəmli olduğunu söyləyib: “Doğma divarlar arasında barağımızı qaldırmaq böyük önəm daşıyırdı. Azarkeşlərimizə minnətdarlıq bildirirəm. Hər dəfə döyüşə çıxanda onların alqışları bizə əlavə güc verirdi. Müəllimlərimə də minnətdarlığımı bildirirəm. Üzərimizdə çox əməkləri var, bizimlə birlikdə əziyyət çəkiblər. Özümdən sonrakı mükafatçıları da təbrik edirəm. Qarşıdakı yarışlarda da idmançılarımıza qızıl medal arzu edirəm”.
Keçirdiyi döyüşlər barədə məlumat verən Fərzəliyev ən asan döyüşünün final olduğunu qeyd edib: “Bu yarışda 5 döyüş keçirdim. Qrupdakı italiyalı rəqibimə Avropa çempionatında uduzmuşdum. Evdə ona qarşı mübarizəyə yalnız qələbə arzusu ilə çıxmışdım. Final döyüşüm isə çətin olmadı. Məşqçinin tapşırığına əməl edib, qələbə qazandım”.
Gənc idmançı sonda Olimpiya çempionu olmaq arzusunu da gizlətməyib: “Çox istərdik ki, karate Olimpiya Oyunlarına daxil olsun. Bu baxımdan məyusluq hissi var. Axı hər bir idmançının arzusu Olimpiadada iştirak etmək, qızıl medal qazanmaqdı. Amma mən Avropa Oyunlarındakı nailiyyəti də Olimpiya çempionluğu kimi qəbul edirəm”.
İlhamə