Millət vəkili Qənirə Paşayeva I Avropa Oyunları ilə bağlı proqramlar hazırlamaq üçün ölkəmizdə səfərdə olan “əl-Cəzirə” kanalının çəkiliş qrupu ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, görüş zamanı millət vəkili ölkəmiz, Azərbaycanda keçirilən I Avropa Oyunları barədə də danışıb və onun əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Çəkiliş qrupunun üzvləri açılış mərasiminin yüksək səviyyədə keçdiyini deyərək, Azərbaycanın çoxlu sayda medallar qazanmasını da xüsusi qeyd ediblər. Millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamət də daxil olmaqla bütün sahələrdə, o cümlədən qadınların cəmiyyətdə rolunun daha da genişləndirilməsi istiqamətində də məlumat verib, qanunverici orqanda və ölkədə görülən işlərlə bağlı sualları cavablandırıb. Hər seçkidə həm Milli Məclisə, həm də bələdiyyələrə seçilən qadınların sayının artdığını deyən millət vəkili qadınların cəmiyyətdə rolunun artması, təhsili, məişət zorakılığı ilə mübarizənin dövlət siyasətində önəmli yer tutduğunu, Azərbaycan Prezidentinin və birinci xanımın səylərinin çox yüksək olduğunu vurğulayıb.
Qənirə Paşayeva dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya mövzusu ilə bağlı suallara cavabında bu məsələ ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verildiyini bildirib və dünyanın hər bu qorxulu tendensiyaya qarşı sərt mübarizə aparılmasının vacibliyini qeyd edib. “Əl Cəzirə” kanalı təmsilçilərinə ingilis dilində Qarabağ həqiqətləri, Xocalı soyqırımı həqiqətləri ilə bağlı sənədli filmlər və materialları təqdim edən millət vəkili bu həqiqətlərin dünyaya yayılmasında KİV-lərin üzərinə böyük bir məsuliyyət düşdüyünü deyib.
Çəkiliş qrupunu evində də qonaq edən millət vəkili Qənirə Paşayev onlara Azərbaycan adət-ənənələri barədə də danışıb və Azərbaycan mədəniyyəti, musiqisi ilə bağlı materialları da hədiyyə edib.