17 İyun 2015 16:31
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, çoxsaylı dövlət və hökumət başçılarının yarışların açılış mərasimində şəxsən iştirak etməsi, 50 Avropa ölkəsini təmsil edən 6 mindən artıq idmançının 17 gün davam edəcək Oyunlarda mübarizə aparması dünyanın diqqətini paytaxt Bakıya yönəldib. Bütün dünya Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının həyəcanını yaşayır, idmançıların bu yarışlarda iştirakını, medallar uğrunda mübarizəsini böyük maraqla izləyir. Sözsüz ki, bu oyunları yerli jurnalistlərlə yanaşı, ölkəmizə akkreditasiya olunan min nəfərə yaxın əcnəbi media mənsubları da diqqət mərkəzində saxlayırlar. Baş verən bütün idman hadisələri, həmçinin idmançıların qələbəsi, məğlubiyyəti, onların saxlanma şəraiti, qidalanması və sair bu kimi xəbərlər dünya mediasında yer alır.

Təbii ki, bu, I Avropa Oyunlarının, paralel olaraq da Azərbaycan reallıqlarının təbliği baxımından müsbət addımdır. Ancaq əfsuslar ki, bəzi xarici təşkilatlar, ermənipərəst dairələrin təsiri altında olan media qurumları bütün bu işlərə kölgə salmaq üçün müxtəlif vasitələrə əl atırlar. Anti-Azərbaycan şəbəkə ölkəmizdə insan haqları, söz və mətbuat azadlığı, vətəndaş cəmiyyətinin vəziyyəti barədə təhrif olunmuş məlumatlar yayır, bununla Azərbaycan barədə qeyri-obyektiv rəy formalaşdırırlar. Bu yalanlar ifşa edildikdə, heç bir nəticə vermədikdə isə onlar təxribatlara da yol verir, özlərindən “faktlar” uydurur, bundan yararlanaraq şər-böhtan kampaniyası aparırlar.

Buna misal olaraq, “Red Pepper” adlı sarı mətbuatın nümayəndəsi kimi Avropa Oyunlarını “işıqlandırmaq” məqsədi ilə Azərbaycana səfərə gələn Emma Hyuzun ölkəmizə buraxılmamasını göstərmək olar. Bu adam “Platform London” adlı Britaniya mənşəli QHT-nin nümayəndəsi olduğu halda bilərəkdən bunu akkreditasiya üçün təqdim etdiyi sənədlərdə gizlədib, özü barəsində yanlış məlumat verib. Heç şübhəsiz, E.Hyuz çox gözəl bilib ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara əsasən, KİV nümayəndəsi özü haqqında yanlış məlumat verərsə, onun akkreditasiyasına etiraz edilə bilər. Lakin o, qəsdən belə addım atmaqla özünün Azərbaycana girişinə əngəl yaradıb və Qərb mediasına tənqid üçün “yeni mövzu” verib.

Böyük Britaniyanın “The Guardian” qəzetinin idman redaksiyasının rəhbəri, Azərbaycanı daim aşağılayan, ermənipərəst və qərəzli mövqeyi ilə tanınan Ouen Gibson da analoji addım atıb. O, ilk dəfə Azərbaycana 2014-cü ilin dekabr ayında səfər edib və məqsədinin I Avropa Oyunlarına hazırlıq prosesini işıqlandırmaq olduğunu göstərib. Bunun üçün ona hər cür şərait yaradılıb.


Lakin o, Böyük Britaniyaya qayıtdıqdan sonra idman və I Avropa Oyunlarına hazırlıqla bağlı bir kəlmə də olsun yazmayıb. Əvəzində isə təhrif edilmiş “faktlarla” zəngin siyasi materiallar hazırlayıb və xarici mediada ictimailəşdirib. Sonradan O.Gibsonun fəaliyyəti araşdırılarkən məlum olub ki, bu adamın imzası ilə indiyə kimi xarici media üçün heç bir siyasi xarakterli yazı hazırlanmayıb. O, təxribatçı davranışı ilə ilk debütünü Azərbaycan səfərində reallaşdırıb. Bu cür qərəzli və yalan üzərində qurulan mövqeyinə görə də növbəti dəfə onun Azərbaycana akkreditasiyasına “yox” cavabı verilib.

BBC-nin əməkdaşı Rayhan Dmitriyə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini öz yazılarında təhrif etdiyinə, işğal altındakı ərazilərə Azərbaycanın icazəsi olmadan səfər elədiyinə və ermənipərəst mövqe sərgilədiyinə görə akkreditasiya verilməyib. Çox təəssüf ki, bəzi xarici media qurumları bu 3 şəxsin Azərbaycana buraxılmamasının əsl səbəbini təhrif edərək, onlar barəsində yanlış təsəvvür formalaşdırır. Sonradan isə bu “problemlərdən” yapışaraq Azərbaycan əleyhinə təbliğat aparırlar.

Xarici anti-Azərbaycan şəbəkənin daha bir təxribatçı fəaliyyəti isə hazırda Azərbaycana akkreditasiya olunmuş bəzi əcnəbi jurnalistlərə konkret sifarişlər verməsidir. Məhz bu sifarişlər əsasında bir neçə nəfər əcnəbi jurnalist, o cümlədən Maks Seddon Bazfid, Ceyms Ellinqvors, Andrey Kolesnikov, Endryu Konnely kimi media mənsubları hazırladıqları materiallarda I Avropa Oyunlarından, idmançıların necə yarışmasından daha çox “siyasi faktlara” üstünlük verirlər. Buradan da görünür ki, onlar I Avropa Oyunlarının əhəmiyyəti, bu yarışlarda medallar qazanan, qalib olan idmançılar barədə öz ölkəsinin vətəndaşlarına məlumat verməkdə maraqlı deyillər. Həmin şəxslərin hazırladığı yazılar “The Guardian” tipli - Azərbaycanı qaralamağa hesablanmış, siyasi sifariş əsasında ərsəyə gələn, həqiqətdən uzaq “materiallardır”. Həmin “materialları” oxuyan şəxsdə elə təsəvvür yaranır ki, guya Azərbaycanda vəziyyət qeyri-stabildir, iqtisadiyyat çöküb, dövlət büdcəsi tükənib, insanların yaşayışı həddən artıq pis vəziyyətdədir, polis zorakılığı, insanların itaətsizliyi ölkəni vətəndaş müharibəsinə aparır və sair.

Görünən dağa bələdçi lazım olmadığı kimi, bu yalanları təkzib etmək üçün də hər hansı faktları sadalamağa lüzum görmürük. Ancaq gəldiyimiz qənaət budur ki, I Avropa Oyunlarını işıqlandırmaq üçün jurnalist adı altında akkreditasiyadan keçən bəzi əcnəbi jurnalistlər Azərbaycana gəlməzdən əvvəl xüsusi təlim keçiblər. Onlar qarşısında konkret vəzifələr qoyulub və I Avropa Oyunlarının davam etdiyi 17 gün ərzində yalnız bu vəzifələrin icrası ilə məşğul olmaq tapşırılıb. Bunun nəticəsidir ki, həmin əcnəbi jurnalistlərin bu günə qədər hazırladıqları yazılarda idman yarışları, idmançıların nailiyyəti, Azərbaycanın beynəlxalq əhəmiyyətli bir tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi barədə məlumatlara rast gəlmək qeyri-mümkündür.

AZADİNFORM Analitik Qrupu


Müəllif:

Oxşar xəbərlər