18 İyun 2015 13:24
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi artıq baş tutub. Eyni zamanda, Azərbaycan xalqı, dövləti və hökuməti olaraq çalışırdıq ki, I Avropa Oyunlarının yüksək səviyyədə təqdimatı olsun. Azərbaycanın, onun mədəniyyətinin dünyaya təqdimatı, dostluğu mühümdür. Bütün bunların hamısı reallaşdı. Eyni zamanda, ölkəmizin maraqlarını düşünürdük və istəyirdik ki, bu təqdimatdan əlavə olaraq idmançılarımız çoxlu medal qazansın, yüksək nəticələr göstərsin. Azərbaycanda idman sahəsində böyük işlər görülüb, idman hərəkatı mövcuddur. Bizim bacarıqlı və qürur duyulacaq idmançılarımız yetişib. Biz onlarla fəxr edirik”.

Bunu qəzetimizə müsahibəsində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib. Müsahibəni təqdim edirik.

- Məlahət xanım, artıq I Avropa Oyunlarına start verilib. Yarışları izləyirsinizmi?
- Təbii ki, izləyirik. Biz artıq istədiyimizi əldə edə bilmişik. Məsələn, I Avropa Oyunlarına ev sahibliyi etməklə bərabər, ən çox medal götürən dövlətlərdən biriyik. Səhv etmirəmsə, ikinci dövlətik. Bu, çox böyük nailiyyətdir. Hazırda idman yarışları davam edir və idmançılarımızdan yeni uğurlar gözləyirik. Ancaq bundan sonra qızıl götürməsək belə, istədiyimiz qədər medal əldə etmişik.

- Açılış mərasimini necə qiymətləndirirsiniz?
- I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi artıq baş tutub. Eyni zamanda, Azərbaycan xalqı, dövləti və hökuməti olaraq çalışırdıq ki, I Avropa Oyunlarının yüksək səviyyədə təqdimatı olsun. Azərbaycanın, onun mədəniyyətinin dünyaya təqdimatı, dostluğu mühümdür. Bütün bunların hamısı reallaşdı. Eyni zamanda ölkəmizin maraqlarını düşünürdük və istəyirdik ki, bu təqdimatdan əlavə olaraq idmançılarımız çoxlu medal qazansın, yüksək nəticələr göstərsin. Azərbaycanda idman sahəsində böyük işlər görülüb, idman hərəkatı mövcuddur. Bizim bacarıqlı və qürur duyulacaq idmançılarımız yetişib. Biz onlarla fəxr edirik. Yarışların başlamasından 6 gün keçir və istədiyimiz qədər uğur əldə etmişik. Bu mənada, Bakıda keçirilən I Avropa Oyunları Avropanın tarixinə şanlı bir idman səhifəsi yazdı. Əlbəttə, bu tarixi xalqımız, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yazdı. Mən bunu çox yüksək qiymətləndirirəm. Bu, ən böyük idman hadisəsidir.

- Vətəndaşlarımızın I Avropa Oyunlarına münasibəti sizi qane edirmi?
- Vətəndaşlarımız I Avropa Oyunlarında çox yüksək səviyyədə iştirak edir. İdman yarışlarının keçirildiyi bütün stadionlarda və zallarda yüksək səviyyədə iştirakçılıq var. Onlar əksər yarışları canlı izləməyə üstünlük verirlər. Bizdə idmana hər zaman müsbət yanaşılıb. Üstəlik, I Avropa Oyunlarının bağlanış mərasiminin biletləri də artıq satılıb. Bütün bunlar göstərir ki, azarkeşlər Oyunlarda aktiv iştirak edirlər. Mən bundan razıyam və məmnunam.

- Azərbaycan milli komandasında legioner idmançılar da var və bəzən bu, müzakirələrə səbəb olur. Bu haqda siz nə düşünürsünüz?
- Buna normal baxıram. Elə idman növləri var ki, bizdə olmayıb. Çünki bu ənənə olmayıb. Su polosu bizdə bir neçə il əvvəl yaradılıb. Bildiyim qədər, məşhur KVN komandasının qurucularından olan Bəhram Bağırzadə bu işləri həyata keçirib. Başqa sözlə, bir neçə il əvvəldən bizdə su polosu yaradılıb, inkişaf da edib. Düzdür, bu idman növü bizdə dünya su polosu məktəbi səviyyəsində inkişaf etməyib, amma faktiki olaraq var, bununla məşğul olurlar. Nəzərə almalıyıq ki, gənc dövlətik, müstəqilliyimizin yaşı 25 ildən çox deyil. Bizdə idmanın bəzi növləri üzrə tarixi ənənə olmayıb. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ildən başlayaraq idmanın bütün sahələrinə ciddi dəstək verilib, Milli Olimpiya Komitəsi yaradılıb. Məsələn, avarçəkmə idman növü bizdə olub. SSRİ zamanı Mingəçevirdə hər zaman avarçəkmə idmanı olub. Sonradan səngidi. Çünki buna şərait olmadı, SSRİ süqut etdi, durğunluq dövrü yaşandı, infrastruktur dağıldı və s. Ancaq bu idman növü ilə məşğul olurdular. İndi idmanla bağlı aparılan siyasət, idmana ciddi dövlət qayğısının olmasının nəticəsində avarçəkmədə də irəliləyiş əldə olunub. Bizdə yeni-yeni idman federasiyaları yaradılıb. Ümumiyyətlə, elə bir idman növü yoxdur ki, ora dövlətin qayğısı olmasın. Əminəm ki, yaxın gələcəkdə də yeni yaradılan, bizdə ənənəsi olmayan idman növləri ilə bağlı ciddi uğurlarımız olacaq. Çünki bizim xalqımız qabiliyyətli xalqdır. Üstəlik, bu sahələrə dövlətin qayğısı, diqqəti var və bu, dövlət siyasətinin tərkib hissəsidir. Yarışlarda da əldə olunan uğurlar buna bariz nümunədir. Bundan gözəl nə ola bilər ki?

- Avropa Oyunlarının açılış mərasiminə ilk dəfə olaraq dövlət səviyyəsində müxalifət partiyalarının sədrləri də dəvət edildi. Bunu necə qiymətləndirirsiniz?
- Bu, müsbət tendensiyadır, yüksək qiymətləndirirəm. Müxalifət partiyalarının sədrləri rəsmi olaraq Oyunlara dəvət edilib. Azərbaycan hökuməti hər zaman dialoqa və müzakirələrə açıq olub və bunu dəfələrlə vurğulayıb. Ölkə iqtidarı eyni zamanda vətəndaş cəmiyyəti institutlarına, söz azadlığına daima yüksək qiymət verib, bu sahələrə diqqət yetirib. Azərbaycan hökuməti bütün bunlara konstitusiya norması olaraq baxıb. Azərbaycan Konstitusiyasında elan edib ki, demokratik, dünyəvi dövlətdir, hüququn aliliyi prinsipinə diqqət edir. Bu mənada, çoxları deyir ki, ilk dəfə olaraq müxalifət rəsmi olaraq bu tədbirə dəvət olunub. Əslində, bu ilk dəfə deyil. Bütün beynəlxalq tədbirlərə müxalifət tərəfi də dəvət edilir. İndi onların bu tədbirlərə gəlib-gəlməmələri haqda bir söz demirəm. Çünki bu, onların öz işidir, istəyirlər gəlsinlər, istəmirlər gəlməsinlər. Mən heç onları da izləmirəm. Lakin müxalifət partiyalarının rəhbərlərinin I Avropa Oyunlarının açılış mərasiminə dəvət olunmasına çox müsbət yanaşıram. Çünki Azərbaycan demokratik ölkədir və burada demokratik təsisatların roluna da önəm verir.

- Bakıda I Avropa Oyunlarının davam etdiyi, minlərlə avropalı idmançının yarışlara qatıldığı ərəfədə Avropanın bəzi mərkəzləri, beynəlxalq qurumları və mediası ölkəmizlə bağlı kampaniya aparır. Bunu necə izah etmək olar?
- Bu, əslində yeni bir şey deyil. Azərbaycana qarşı hər zaman təzyiq, təqib, şər-böhtan, qərəzli tənqidlər olub. Təbii ki, bütün bunlar həm də ədalətsiz formada olub. Məncə, bunu normal qəbul etmək lazımdır. Siz görmüsünüzmü şam və ya iydə ağacına kimsə daş atsın? Əksinə, hər zaman bar verən ağaca daş atırlar. Azərbaycan təbii ehtiyatlarla zəngin bir ölkədir. Karbohidrogen ehtiyatlarımız var, ölkəmiz geosiyasi baxımdan əhəmiyyətli coğrafi məkanda yerləşir. Bundan əlavə, Azərbaycan dövlət başçısı, cənab Prezident İlham Əliyev müstəqil və balanslı xarici siyasət kursu həyata keçirir. Yəni Prezidentin apardığı siyasətdə Azərbaycanın milli maraqlarına qarşı olan zərrə qədər bir məqam belə yoxdur. Bu da kimlərisə narahat edir. Bilirsiniz ki, indi dünya bir neçə qurumun, dövlətin idarəçiliyinə salınıb. Bu mənada, cənab Prezident kimi müstəqil siyasət aparan dövlət liderlərinə qarşı belə narazılıqlar olur. Hesab edirəm ki, belə maneələr buna qədər olub və bundan sonra da olacaq. Azərbaycan dövlətinin xarici siyasəti ölkənin dövlət maraqlarına uyğundur. Qarşı tərəf də bunu gördüyü üçün təzyiqlər vasitəsinə əl atır. Ancaq bunun nəticəsi ola bilməz.

- Sizcə, Avropa strukturlarının anti-Azərbaycan kampaniyası davam edəcəkmi?
- Azərbaycan heç kəslə düşmən olmaq niyyəti güdən dövlət deyil. Azərbaycan bütün dövlətlərlə, qonşuları ilə balanslı siyasət aparır. Həmin dövlətlərdə də hansı rejimin olmasının fərqi yoxdur. Çünki bu həmin dövlətlərin əhalisinin öz seçimidir. Xalqlar hansı seçimi, liderini müəyyən edibsə, biz də onun daxili işlərinə müdaxilə etmirik. Bizim üçün İranın, Rusiyanın, Almaniyanın, Fransanın fərqi yoxdur. Biz bütün ölkələrlə dostluq, qarşılıqlı əməkdaşlıq çərçivəsində siyasət aparırıq. Bu da dünyanı idarə edən güclərin xoşuna gəlmir. Onlar deyirlər ki, bizim budan xoşumuz gəlirsə, sənin də xoşun gəlməlidir. Bizim nə qədər böyük və ya kiçik dövlət olmağımızdan asılı olmayaraq Qarabağ kimi problemimiz var. Amma biz Ukraynanın ərazi bütövlüyünü BMT-də dəstəklədik. Bu, asan məsələ deyildi. Belə cəsarətli addımlar dünyanı idarə edənlərin xoşuna gəlmir. Məsələn, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etdiyi dövrdə Fələstinin bir müstəqil dövlət olaraq təşəkkül tapması üçün ciddi qərarlar qəbul edildi. Təbii ki, bu da asan bir iş deyildi. Bu baxımdan, Azərbaycanın apardığı siyasət xalqımızın milli maraqları üzərində qurulub. Məsələn elə ölkələr var ki, onların adları dövlətdir, amma müstəqil siyasətləri yoxdur və başqa dövlətlərin bir əlavəsidir. Ermənistan buna sübutdur. Amma Azərbaycan müstəqil siyasət yürüdür və təzyiqlər də buna görədir. Lakin bütün bunlara baxmayaraq, biz gələcəkdə də müstəqil siyasətimizi davam etdirəcəyik.


Müəllif: