Azərbaycanlı gimnastlar İlya Qrişunin və Svetlana Makştareva I Avropa Oyunları çərçivəsində batutda tullanma yarışlarında medal uğrunda mübarizə aparmaq niyyətindədirlər. Bu barədə Trend-ə idmançıların özləri məlumat veriblər.
İ.Qrişunin öz çıxışından razı qalıb: “Birinci məşqlərdən 60 faiz razı qaldım. Ona görə ikinci məşqlər zamanı bir az narahat idim ki, finala düşə bilmərəm. Ancaq nəticələr yaxşı oldu. Fnalda göstəricilərimi yaxşılaşdırmalıyam”.
S.Makştareva da çıxışından razı qaldığını qeyd edib: “Çıxışımdan çox razıyam. İkinci kombinasiyadan sonra məşqçinin məsləhəti ilə proqramın bəzi elementlərini dəyişdim. Qarşımıza qoyulan tapşırığı yerinə yetirdik, finalda daha yaxşı tullanmaq lazımdır, çünki finalda rəqiblərimiz çox güclüdür. Avropa çempionu Belarus idmançısı və Böyük Britaniyadan olan çox güclü gimnastla mübarizə aparmalı olacağam. Əlimdən gələni edəcəyəm və medal uğrunda mübarizə aparacağam”.
İ.Qruşinin bildirib ki, kişilər arasında da güclü final mərhələsi gözlənilir: “Finalda çox məşhur idmançılar iştirak edəcək. Rusiyalı Dmitri Uşakov Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Dünya çempionatının bürünc mükafatçısı və qalibi də mübarizədə iştirak edəcək. Lakin bu idmanın elə növüdür ki, əvvəlcədən proqnoz vermək olmur. Medala maksimum yaxınlaşmaq üçün 150 faiz çalışmaq lazımdır və bu, qarşımızda duran tapşırıqdır”.
Hər iki idmançı I Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini də qeyd edib. İ.Qruşinin müsahibəsində qeyd edib ki, bu Oyunlar karyerası boyu iştirak etdiyi ən böyük tədbirdir: “I Avropa Oyunlarının keçirilmə səviyyəsi çox xoşuma gəlir”.
S.Makştareva da hər şeyin mükəmməl təşkil olunduğunu dilə gətirib: “Heç nəyə irad tumaq olmur. Gənclərin Birinci Olimpiya Oyunlarında çıxış etmişəm, onunla müqayisə etsək, Bakıdakı Oyunlar dəfələrlə yaxşıdır. Azarkeşlərin dəstəyini isə sözlə ifadə etmək olmur”.