19 İyun 2015 00:21
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışlarına yekun vurulub. Azərbaycan güləşçiləri “Bakı-2015”-də uğurla çıxış edərək ümumilikdə 15 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında güləş yarışlarının son günündə - iyunun 18-də sərbəst güləş üzrə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu Hacı Əliyev ilk görüşdə Ermənistan idmançısı Valodya Franqulyan üzərində qələbə qazanıb. Ardınca Slovakiya təmsilçisi Mikola Bolotnyuk da güləşçimizlə bacarmayıb. Yarımfinalda Rusiya güləşçisi Aleksandr Boqomoyevlə gərgin görüş keçirən Hacı Əliyev finala adlaya bilməyib. Ancaq həlledici görüşdə Türkiyə təmsilçisi Munir Recep Aktaşı asanlıqla məğlub edən Hacı Əliyev birinci Avropa Oyunlarının bürünc medalını qazanıb. Aleksandr Boqomoyev qızıl, gürcüstanlı Beka Lomtadze gümüş, Vasil Şuptar (Ukrayna) isə digər bürünc medala sahib olub.

Ruslan Dibirhacıyev (70 kq) Polşa idmançısı Maqomedmurad Hacıyevə uduzaraq yarışa uğursuz başlasa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Ardıcıl olaraq bolqarıstanlı Miroslav Kirov və macarıstanlı Zsombor Gulyası məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Davit Tlaşadze ilə qarşılaşan güləşçimiz yekunda üstün tərəf olub və Avropa Oyunlarının bürünc medalını qazanıb. Yarışda Maqomedrasul Qazımoqamedov (Rusiya) birinci, Maqomedmurad Hacıyev ikinci, türkiyəli Yakup Gör isə üçüncü olub.

Səksən altı kiloqram çəki dərəcəsində rusiyalı güləşçi Abdulraşid Sadulayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Moldovalı Pyotr Yanulov gümüş, Polşa təmsilçisi Radoslav Marçinkieviç və gürcüstanlı Sando Aminaşvili bürünc medallar qazanıblar.

Yarışda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Cəmaləddin Məhəmmədov ilk görüşdə Litva idmançısı Jonas Rudaviçiusu mübarizədən kənarlaşdırıb. Ardınca “Bakı-2015”-in beynəlxalq idman elçisi, Türkiyə güləşçisi Taha Akgüllə görüşdən məğlub ayrılan Cəmaləddin Məhəmmədov rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Polşa idmançısı Robert Baranla qarşılaşmada asanlıqla qələbə qazanan güləşçimiz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə Slovakiya idmançısı Soslan Qaqloevi də məğlub edən Cəmaləddin Məhəmmədov Avropa Oyunlarının bürünc medalına sahib olub.

Xatırladaq ki, sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə ediblər. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medala layiq görülüblər.

Güləş yarışının ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar.

Qadın güləşçilərin mübarizəsində isə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıblar.


Müəllif:

Oxşar xəbərlər