İyunun 18-də “Bakı-2015” birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarının üçüncü günü də gərgin idman mübarizəsi şəraitində keçib.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışda Azərbaycanın iki kişi və iki qadın cütlüyü mübarizə aparıb. Belə ki, “H” qrupunda çıxış edən Neilton Santos – Yaroslav Rudix Fransanı təmsil edən Romein di Giantommaso – Maksime Tierci duetinə 2:1 hesabı ilə qalib gəliblər. Millimizin "A" qrupunda çıxış edən atletləri Bernardo Romano - Leonid Qritsai isə norveçli Morten Kvamsdal - Oevinid Horodik duetinə qarşı yarışda 1:2 hesabı ilə məğlub olublar.
Qadınların yarışında isə cütlüyümüz Yuliya Kərimova – Rakel Ferreyra Çexiyanı təmsil edən Diana Zolnerçikova – Martika Jakubsova duetinə 0:2, Zinaida Lyubimova – Vivian Cunha cütlüyü isə İtaliya təmsilçisi Laura Qiombini – Julia Tottiyə 1:2 hesabı ilə məğlub olub.
Azərbaycanın qadın çimərlik voleybolçuları bu yarışlarda mübarizəni dayandırıblar.