Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimi və Oyunların özü dünyanın diqqət mərkəzindədir. Son günlər ərzində beynəlxalq mediada anti-azərbaycançı mərkəzlərin müəllifi olduğu məqalə və çıxışlarla yanaşı, Azərbaycanın dostu olan, ən əsası isə ölkəmizə qərəzlə yanaşmayan qüvvələrin də yazı və çıxışlarının sayı artıb. Onlardan bir qisminin icmalını diqqətinizə təqdim edirik.
“www.theatlantic.com” internet qəzetində məqalə və fotosessiya yerləşdirilib
ABŞ-ın “www.theatlantic.com” internet qəzeti Azərbaycanda keçirilən I Avropa Oyunlarına həsr olunmuş məqalə və fotosessiya yerləşdirib. Avropa Oyunlarının Pan-Amerika və Asiya Oyunları kimi genişmiqyaslı idman yarışı olduğunu qeyd edən sayt oyunlar və bağlanış mərasimi ilə bağlı məlumat verib. Daha sonra açılış mərasimi, keçirilən yarışlar və Bakının müasir və unikal memarlıq nümunələrinin fotoları təqdim edilir.
“Jerusalim Post” İsrail yığmasının I Avropa Oyunlarındakı çıxışından yazıb
“Jerusalim Post” qəzetində I Avropa Oyunlarında ritmik gimnastika üzrə İsrail komandasının gümüş medal qazanması ilə bağlı yazı dərc edilib. Yazıda komanda üzvlərinin yaxşı nəticə göstərərək yalnız Rusiyadan geri qaldıqları bildirilir. “Biz qazandığımız nailiyyətdən qürur duyuruq. Heç zaman medal barədə deyil, daha yaxşı oyun nümayiş etdirmək haqqında düşünmüşük”, - deyə İsrailin ritmik gimnastika üzrə yığmasının baş məşqçisi Koşevatski bildirib.
Yazıda həmçinin qeyd olunub ki, Avropa oyunlarında İsrail yığmasının üzvləri - güləşçi İlana Kratiş gümüş, atıcı Sergey Riçer isə bürünc medal qazanıb.
İrlandiya saytı Bakıya həsr olunmuş geniş məqalə dərc edib
İrlandiyanın irishtimes.com saytı Bakıya həsr olunmuş geniş məqalə dərc edib. Ian O’Riordan imzası ilə dərc olunmuş məqalədə Heydər Əliyev Hava Limanından Media Kəndinə qədər yolda görünən mənzərənin gözəlliyi, yolun kənarlarında salınmış yaşıllıqlar təsvir olunub: “Azərbaycan başdöndürücü sürətlə inkişaf edir. Günəşin şüaları altında bərq vuran Xəzər dənizinin sahilində yerləşən Bakı gözəlliyi ilə insanların gözünü qamaşdırır. Bir müddət əvvəl şəhərin mirvarisi sayılacaq Bakı Olimpiya Stadionu tikilib istifadəyə verilib”.
O’Riordan Azərbaycan paytaxtının Oyunlara hazırlıqla bağlı çox böyük iş gördüyünü və bu Oyunların onu ölkənin hüdudlarından kənarda da tanıtdığını qeyd edib.
Rusiyalı deputat: “İnsanlar hər zaman birinci Avropa Oyunlarını xatırlayacaqlar”
“Rusiya və Azərbaycanı dövlət suverenliyi, milli təhlükəsizlik və adət-ənənələrin qorunması birləşdirir”. Bunu “Parlamentskaya qazeta”da keçirilən “Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt” adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Elm və texnologiya komitəsinin sədr müavini Axmet Erkenov deyib.
O bildirib ki, Avropa Oyunlarının keçirilməsi ənənəsi davam etsə də, insanlar hər zaman I Avropa Oyunlarını xatırlayacaqlar: “Əminəm ki, Avropa oyunları təkcə idman deyil, dünyəvi məna daşıyır. Tikilən otellər, idman kompleksləri iqtisadiyyatı inkişaf etdirir”.
A.Erkenov Avropa Oyunlarının açılış mərasimində təkcə Rusiya prezidentinin deyil, 20-yə yaxın dövlət başçısının iştirak etdiyini xatırladıb.
Avropa Oyunlarındakı Rusiya parlament nümayəndə heyətinin koordinatoru Darya Qrevtsova isə bu yarışların sayəsində Azərbaycanın turizmlə bağlı qarşısına qoyduğu məqsədə çatdığına əmin olduğunu söyləyib.
“Avropa Oyunlarının keçirildiyi vaxtda Bundestaqda anti-Azərbaycan qətnaməsinin qəbulu anlaşılan deyil”
“Azərbaycan gəncliyi Rusiya ilə dostluğa köklənib”.
Bunu isə “Parlamentskaya qazeta”da keçirilən “Azərbaycanda Birinci Avropa Oyunları: Siyasi aspekt” adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Larisa Yakovleva bildirib. “Əminəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qorunub saxlanılacaq. Orada uşaqlıqdan rus dilini öyrədirlər”, - deyə o, söyləyib.
Dəyirmi masada çıxış edən digər rusiyalı deputat, ictimai birliklər və dini təşkilatlar üzrə komitənin sədr müavini Olqa Kazakova Avropa Oyunlarının keçirilməsinin bütün dünya ictimaiyyəti üçün xeyirli olduğunu vurğulayıb: “Yarışların yaxşı perspektivi var. Çox yaxşıdır ki, Azərbaycanda keçirilən Birinci Avropa Oyunları belə yüksək nəticə verdi. Oyunların açılış mərasimi ”ailəvi" və dostcasına alındı".
Açılış mərasiminin möhtəşəm təşkil olunduğunu qeyd edən Olqa Kazakova bu işdə “qadın əli”nin hiss olunduğunu deyib: “Həmin vaxtda Bundesataqda anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi anlaşılan deyil. Hesab edirəm ki, biz və avropalılar azərbaycanlı həmkarlarımıza oxşamağa çalışmalıyıq”.
Rusiyalı deputat Avropa Oyunlarının talismanları barədə də danışıb: “Ceyran və nar. Bundan yaxşısını fikirləşmək olmazdı. Azərbaycanda keçirilən Avropa Oyunları birləşdirə bilən idman hadisəsinə daha bir addımdır”.
Britaniya mətbuatı “Bakı-2015"-i işıqlandırmaqda davam edir
Böyük Britaniyanın hər gün 1 milyona yaxın insan tərəfindən oxunan “Evening Standard” qəzetinin 17 iyun tarixli nömrəsində bu ölkənin “Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində taekvondo və avarçəkmə yarışlarında iştirak edən idmançılarından bəhs edilib.
Yazıda idmançıların “Bakı-2015"-də əldə etdiyi nailiyyətlər, onların oyunlardakı hədəfləri və gələcək məqsədləri barədə məlumat verilib.
“BBC” Böyük Britaniya komandasının qazandığı qələbələri işıqlandırır
Böyük Britaniyanın “BBC” telekanalı bu ölkənin komandasının “Bakı-2015" birinci Avropa Oyunlarında qazandığı uğurları geniş işıqlandırır. Taekvondo üzrə yarışlarda britaniyalı Çarli Meddokdan sonra Ceyd Cons da birinci Avropa Oyunlarının çempionu tituluna sahib çıxıb. C.Consun uğuru ”BBC" kanalının rəsmi portalında geniş işıqlandırılıb. Portalda yerləşdirilən məqalədə bildirilir ki, 57 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən 22 yaşlı C.Cons ilk dəfə keçirilən Oyunlarda qalibiyyət sevincini “BBC Sport”un müxbiri ilə bölüşərək deyib: “Qızıl medal qazanmaq özümə olan inamımı daha da artırır. Yenidən fəxri kürsünün birinci pilləsində olmağıma görə çox xoşbəxtəm. Yeniyetmələrin Olimpiya Oyunları, Olimpiada və Avropa Oyunlarının qalibiyəm. Bu, yuxu kimidir”.
Qeyd edək ki, titullu taekvondoçu həm də “Bakı-2015" birinci Avropa Oyunlarının beynəlxalq atlet elçilərindən biridir. O, müsahibəsində birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edir.
“Associated Press” birinci Avropa Oyunlarından yazır
“Associated Press” agentliyi “Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı məqalə yayıb. ”Azərbaycan Avropa Oyunlarının uğurunu bəyan edir" sərlövhəli məqalədə gənclər və idman naziri Azad Rəhimova istinadən “reallıq bütün gözləntiləri doğruldub” deyə yazılır.
Məqalədə həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə istinadən Azərbaycanın Olimpiya Oyunlarını təşkil edə biləcək hazırlıq səviyyəsində olması vurğulanır.
“Corriere della Sera”: Azərbaycan ilk Avropa Oyunlarının təşkilini yüksək səviyyədə həyata keçirir
İtaliyanın “Corriere della Sera” qəzetinin saytında Azərbaycanın ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsindən bəhs olunur.
Məqalədə bildirilir ki, bu Oyunların təşkilatçılığını layiqincə həyata keçirən Azərbaycan bununla da Avropaya olan yaxınlığını nümayiş etdirir. Odlar Yurdu Azərbaycanın paytaxtı, küləklər şəhəri hesab olunan Bakı hazırda bütün Avropanın diqqət mərkəzindədir. Son illər bu şəhərdə göz qamaşdıran arxitektura nümunələrinin, müasir tikililərin sayı artmaqdadır. Bu sırada “Alov qüllələri” kompleksini və Heydər Əliyev Mərkəzini xüsusi qeyd etmək lazımdır. Həmçinin bu şəhərdə keçmişin izlərini daşıyan abidələr də çoxdur. Dünyada sənaye üsulu ilə ilk neftin çıxarıldığı Bakı hazırda təmiz və parlaq küçələri ilə göz oxşayır.
İtaliyanın “Goal” saytı: İdmanın gələcək paytaxtı - Bakı
İtaliyanın “Goal” saytında “İdmanın gələcək paytaxtı - Bakı” sərlövhəli məqalə və reportaj yerləşdirilib. Müəllif diqqətə çatdırır ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir. Bununla da bu ölkə önəmli idman tədbirlərini təşkil etmək iqtidarında olduğunu bir daha göstərdi. “Avro-2020"nin final mərhələsinin oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə də Azərbaycan daha önəmli idman yarışlarına ev sahibliyi etməkdən məmnun olar.
Yazıda AFFA-nın baş katibi Elxan Məmmədovun fikirlərinə də yer verilib: “Regionun ən böyük stadionu Azərbaycandadır. Biz futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının finallarına ev sahibliyi etmək haqqında da düşünə bilərik”. Formula-1 (F1) üzrə Avropa “Qran-pri” yarışlarının da Bakıda keçiriləcəyinin vurğulandığı məqalədə “Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestounun sözləri də yer alıb: “Bakı çox gözəldir. Bu şəhərə ilk dəfə gəldikdə çox təəssüratlandım. Əminəm ki, bu yarışların da təşkilini Bakı yüksək səviyyədə həyata keçirəcək”.
Sonda vurğulanıb ki, şübhəsiz Bakı önəmli bir idman erasına qədəm qoyub. Avropanın ən möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün bu şəhərin potensialı böyükdür.
Səxavət HƏMİD