Bu gün -67 kq çəki dərəcəsində ukraynalı Marina Koniyevaya uduzan Azərbaycan taekvondoçusu Marina Tedeyeva məğlubiyyətinin səbəbləri barədə danışıb.
Teleqraf.com-a açıqlama verən M.Tedeyeva deyib ki, bacardığını etsəydi, qalib gələrdi: “Çox məyusam. Öz günahım ucbatından uduzdum. Məşqçimin məsləhətlərinə qulaq assaydım, nəticə belə olmayacaqdı. Əgər rəqibim finala qədər irəliləsə, bürünc medalı qazanmaq üçün var qüvvəmlə çalışacağam”.
Onun sözlərinə görə, Avropa Oyunlarında təşkilati işlər yüksək səviyyədə görülüb: “İştirak etdiyim yarışların heç birində bu cür ideal təşkilatçılıq görməmişəm”.
Qeyd edək ki, 10-4 hesabı ilə təmsilçimizə qalib gələn Ukrayna taekvondoçusu Marina Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.