Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun “Hürriyet” qəzetinin ingilis dilli versiyasında ilk Avropa Oyunları haqda məqaləsi dərc olunub.
Publika.az xəbər verir ki, məqalədə bu gün bütün dünyanın diqqətinin ilk Avropa Oyunlarının keçirildiyi Azərbaycanın paytaxtı Bakıya yönəldiyi deyilir: “Bu idman tədbiri ilk növbədə gərgin əmək sərf edərək hazırlaşan idmançılara müxtəlif ölkələri və məddəniyyətləri təmsil edən digər idmançılarla görüşmək və qızıl medal qazanmaq şansı verir. İlk Avropa Oyunlarının böyük iqtisadi önəmi də var. Bu oyunlar onun keçirildiyi ölkənin iqtisadiyyatına birbaşa təsir göstərir, o cümlədən, makroiqtisadi göstəriciləri artırır və davamlı iqtisadi sabitliyə töhfə verir”.
Məqalədə qeyd olunur ki, ilk Avropa Oyunları hər şeydən öncə daha çox turizm sektorunun inkişafına təsir edir: “Avropa Oyunları ilə əlaqədar Azərbaycana çoxlu turistin gələcəyi gözlənilir. Beynəlxalq standartlara görə, hər bir turist bir həftə ərzində orta hesabla 1,000 ABŞ dolları xərcləyir. Nəzərə alsaq ki, oyunlar iki həftə davam edəcək, deməli hər bir turist Azərbaycanda olduğu müddətdə 2,000 ABŞ dolları pul xərcləyəcək. Azərbaycana gələn turistlər təkcə paytaxtda qalmayacaq, eyni zamanda, müxtəlif regionlara da səfər edəcək. Onlar müxtəlif xidmətlərdən istifadə edəcək ki, bu da yerli əhalinin əlavə gəlir mənbəyi deməkdir. Bu baxımdan, Avropa Oyunlarından turizm sektorunun birbaşa gəlir əldə edəcəyini deyə bilərik”.
Məqalədə bildirilib ki, Avropa Oyunlarından kiçik və orta sahibkarlar da qazanc əldə edəcəklər.
“Müxtəlif ölkələrdən Azərbaycana gələnlərin sayı artdıqca əlavə xidmətlərə də təlabat artır. Bu xidmətləri isə əsasən kiçik və orta müəssisələr təklif edirlər. Turistlərin çoxluğu tərcüməçilərə təlabatı artırır, o cümlədən, bundan kafe və restoranlar, həmçinin nəqliyyat və bank sektoru da gəlirlər əldə edir. Bununla yanaşı, Avropa Oyunları öncəsi paytaxtda və regionlarda yaradılan infrastruktur oyunlardan sonra da ökədə qalır. Azərbaycan qarşıdakı illərdə Formula 1, İslam Həmrəyliyi Oyunları və 2020-ci ildə futbol üzrə Avropa Çempionatının yarımfinal oyunlarını qəbul edəcək. Bu isə o deməkdir ki, ilk Avropa Oyunları üçün yaradılan müair infrastruktur gələcəkdə böyük idman yarışlarının təşkilinə imkan verəcək və Azərbaycana əlavə gəlirlər gətirəcək. Yaradılan infrastrukturun uzunmüddətli istifadəsi ilk dividentdir. Bununla yanaşı, mükəmməl infrastrukturun inkişafı Azərbaycana xarici kapitalın axınına da səbəb olacaq. Xüsusilə, Azərbaycanda rəqabət qabiliyyətli mühitin olması xarici sərməyadarlar üçün əla imkandır. Bu isə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək. Xarici investisiyanın qeyri-neft sektoruna axını öz növbəsində daxili istehsalın genişlənməsinə və qeyri-neft məhsulların ixracının artmasına kömək edəcək. Başqa sözlə, Avropa Oyunları Azəraycana xarici investisiyaların axınını daha da artıracaq. Azərbaycan Oyunlar zamanı yayımdan, bilet satışı və reklamdan da gəlirlər əldə edəcək”, - deyə səfir məqaləsində vurğulayıb.