19 İyun 2015 19:05
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-də təntənəli açılış mərasimi ilə start verilən ilk Avropa Oyunlarının artıq 9-cu gününü yaşayırıq. Oyunlar nəinki Avropa qitəsində, eləcə də bütün dünyada geniş əks-səda doğurub. Avropa və dünya mətbuatında hər gün ilk Avropa Oyunları ilə bağlı çoxsaylı məqalələr yayımlanır. Teleqraf.com onların kiçik bir qisminin xülasəsini diqqətinizə təqdim edir.

Avstraliyanın traveller.com.au internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Groundvater Azərbaycandakı təəssüratları barədə yazıb. Azərbaycanı parlaq gələcəyə, sürətli inkişaf dinamikası və təbii gözəlliyə malik ölkə adlandıran müəllif buranı mədəniyyətlərin qovşağı adlandırıb. Şəhər barədə danışarkən Bakının tanınmış Avropa şəhərlərindən geri qalmadığını deyən müəllif, “Bura Romadır, Parisdir, yoxsa Londondur?!” deyərək heyrətini gizlətməyib.

Jurnalist binaların qərb memarlığına çox yaxın olduğunu, lakin şərq görkəmində olmasını heyrətamiz adlandırıb. Məqalədə Alov qüllələrinin müasir Azərbaycanın rəmzi olduğu vurğulanıb. Azərbaycanın zəngin ölkə olduğunu qeyd edən media nümayəndəsi ölkədə çoxlu sayda brend mağazaların olduğunu, onların əksəriyyətinin alıcılarla dolu olduğunu vurğulayıb. Məqalədə Bakı barədə “Yeni Dubay” kəlməsi işlədilir və ölkədə keçirilən Avropa Oyunlarının məqsədinin həm də, Azərbaycanın imicinin daha da yüksəltmək olduğunu yazır.

Azərbaycanlıların dünyada güləş və boksda fəal olması, eləcə də Avroviziya 2011-dəki qələbələri ilə yadda qaldığı, Azərbaycana gəlməyin turistlər üçün də rahat olduğu, viza proseslərində bəzi sadələşdirilmələr aparıldığı qeyd edilir. Ölkəyə hətta “Cristal holl”da keçirilən konsertlər üçün gələnlər olduğu da vurğulanır.
Ben yazır ki, Azərbaycanın zəngin mədəniyyətinin özünü yeməklərdə, xalçalarda, gözəl İşərişəhərdə və min illərlə yaşı olan Qız qalasında, eləcə də karvansaraylarda əks etdirir. Ölkədə 11 iqlimdən 9-nun yer aldığını deyən jurnalist regionlardakı təbii gözəlliyi də qeyd edir. Heydər Əliyev Mərkəzi isə Benin də ifadə etdiyi kimi, özünün bəyaz dalğaları ilə onu heyrətə gətirib. Azərbaycanın məhz bu mərkəz kimi, qeyri adiliyi və cəsarəti ilə yaddaşlarda qalan ölkə olduğunu vurğulayan müəllif Naftalan müalicəvi nefti, Qobustan dövlət qoruğu, Şəki şəhəri, Yanardağ və Şahdağ istirahət mərkəzini Azərbaycanda görməli yer kimi ilk “beşlik”də sıralayır.

Oyunlar türk mediasının diqqətində

Türkiyənin haberiniz.com.tr saytında ilk Avropa Oyunları ilə bağlı yazı dərc olunub. Yazı bir sıra başqa saytlarda da tirajlanıb. Yazıda oyunların təşkilindən danışılır, onun Azərbaycan mədəniyyətini Avropaya tanıtmaq üçün bir fürsət olduğu bildirilir. Həmçinin, qeyd olunur ki, “Bakı 2015” Avropa Oyunlarının marşı da Azərbaycanda və Avropa ölkələrində böyük maraq doğrub. Mahnının Samir Cəfərov və Sevda Ələkbərzadə ilə yanaşı, Türkiyə cəmiyyətinin “O səs Türkiyə” yarışmasından tanıdığı Elnur Hüseynov tərəfindən ifa olunduğu bildirilir. Xatırladılır ki, Elnur həm də bu il Azərbaycanı Avroviziyada təmsil edib.
Yazıda bildirilir ki, həm Azərbaycan, həm də ingilis dillərində oxunan mahnının sözləri Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova aiddir. Klipin ərsəyə gəlməsinə ASAN və BEGOC könüllüləri dəstək olublar. Daha sonra xatırladılır ki, ilk Avropa oyunlarına Türkiyədən 217 idmançı qatılıb.

“Bu, Azərbaycanda keçirilən ən genişmiqyaslı idman tədbiridir”

“Əl-Cəzirə Türk” televiziya kanalının saytında ilk Avropa Oyunları ilə bağlı məqalə yayılıb. Məqalədə deyilir ki, Azərbaycanın paytaxtı Bakı tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının ev sahibidir. Bu, Azərbaycanda indiyədək təşkil edilən ən genişmiqyaslı idman tədbiridir. Amma təbii ki, azərbaycanlılar daha çox belə möhtəşəm idman yarışlarına ev sahibliyi etmək niyyətindədirlər.

Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan son illərdə idmana qoyduğu investisiyalarla diqqəti cəlb edir. Burada 2002-ci ildən bəri 40-dək beynəlxalq idman yarışı keçirilib. Gələn il “Formula 1”, 2017-ci ildə 57 ölkənin iştirakı ilə “İslam Həmrəylik Oyunları” və 2020-də futbol üzrə Avropa çempionatının üç qrup, bir dörddəbir final mərhələsinin oyunları Bakıda olacaq.

Müəllif qeyd edir ki, dünyanın ən yaxşı futbol klublarından biri olan “Atletiko Madrid”in formasında da “Azərbaycanı ziyarət edin” yazan “Odlar Yurdu”nun əsl hədəfi idmanın gücündən istifadə edərək həm turizmi inkişaf etdirmək, həm də ölkənin belə tədbirləri keçirəcək qədər güclü olduğunu bütün dünyaya sübut etməkdir.

Məqalədə Azərbaycanın ən böyük turizm agentliklərindən biri olan “Millenium Turizm”in sahibi Ruslan Quliyevin fikirlərinə də yer verilib. O deyib: “Birinci Avropa Oyunları Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Bu, həm ölkənin dünyada tanınmasına, həm də turizm sənayesinin inkişafına təkan verəcək. Avropa Oyunları Azərbaycan turizmini 6-7 il qabağa salıb. Belə ki, infrastruktur dəyişib, əyləncə mərkəzləri, otellər açılıb, yollar salınıb. Gələn turistlərə, idmançılara ölkəmizi tanıtmaq, onlara mədəniyyətimizi göstərmək bizim üçün çox vacibdir. Azərbaycan sadəcə Bakıdan ibarət deyil, digər şəhərlər də çox gözəldir. Mədəniyyət və Turizm Nazırliyinin təlimatı ilə biz hamı üçün ölkəmizin başqa yerlərinə qısa turlar planlaşdırmışıq. Xidmətlərimiz ən yüksək səviyyədədir. Ölkəmizdə turistlərin sayı artdıqca turizm agentliklərinin də sayı artır. Bu il mövsümün axırına qədər Azərbaycana üç milyon turistin gələcəyini təxmin edirik. Bakıdan başqa bizim Qəbələ, Gəncə, Şəki, Lənkəran, Naxçıvan kimi önəmli mədəniyyət mərkəzlərimiz var. İnanıram ki, Azərbaycan idmandakı xidmətləri ilə bütün dünyaya nümunə olacaq. Biz ölkəmizi Avropanın idman paytaxtına çevirmək fikrindəyik”.

Məqalədə “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun da fikirlərinə yer verilib. O bildirib ki, Oyunlar üçün 60 televiziya kanalı ilə müqavilə imzalanıb və yarışlar 100-dən çox ölkədə canlı yayımlanır.

Oyunlar üçün Bakıya ilk mərhələdə atletlər və ailələrinin, idmansevərlərin və jurnalistlərin gəldiyini diqqətə çatdıran E.Səfərov Azərbaycanın turizm sahəsinin bəhrəsini indi deyil, 2-3 il sonra görəcəyini bildirib.

Fransanın məşhur idman saytında fotosərgi haqqında məlumat

Fransanın məşhur idman saytı – www.francsjeux.com-da Parisdə keçirilən, “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş fotosərgi haqqında məlumat yerləşdirilib. Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, yazıda deyilir: ““Azərbaycan: İdman diqqət mərkəzindədir” adlı fotosərgi artıq bir neçə aydır ki, Avropanı gəzib-dolaşmaqdadır. Hazırda o Parisdə, “Charlety” stadionunun yaxınlığında, CNOF qərargahının geniş dəhlizində sərgilənir”.
Avropa Azərbaycan Cəmiyyəti qeyd edir ki, sərgiyə daxil olan 65 fotoşəkil Azərbaycan idmanının nə dərəcədə geniş əhatəli və çoxşahəli olduğunu nümayiş etdirir. Bu fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi beynəlxalq müsabiqədən sonra seçilib.

Müsabiqədə peşəkar və həvəskar fotoqrafların iştirakı nəzərdə tutulmuşdu. Ümumilikdə, 50 fotoqrafın çəkdiyi 300-dən artıq fotoşəkil daxil olub. Münsiflər heyəti fotoqrafiyanın məşhur simalarından ibarət idi: VII fotoqrafiya agentliyinin həmtəsisçisi amerikalı Ed-Kashi, portret mütəxəssisi almaniyalı Filipp Ratmer və təbiət və portret fotoşəkilləri ilə bir çox mükafata layiq bilinmiş azərbaycanlı Ağdəs Bağırzadə.

Seçim geniş və çətin olub. Qızğın müzakirələrdən sonra münsiflər heyəti üç qalib müəyyənləşdirib. Onların adları fevralın 27-də Londonda OXO Qalereyasında keçirilən sərginin açılışında elan edilib. Azərbaycanlı peşəkar fotoqraf Dilavər Nəcəfovun çəkdiyi “Zirvəyə doğru” fotoşəkili müsabiqənin qalibi seçilib. Bu fotoşəkildə 2008-ci il Pekin Olimpiadasında bədii gimnastika üzrə mütəxəssis əks olunub. İkinci yerə fransız fotoqrafı Pol Robion layiq görülüb. O, Rio-de-Janeyronun “İnapema Beach” çimərliyində çəkdiyi futbolçuların fotoşəkilini təqdim edib. Üçüncü mükafat isə azərbaycanlı Rüfət Abbasa verilib. Onun təqdim etdiyi işdə yürüşdən bir neçə dəqiqə qabaq çəkilmiş avtomobil sürücüsü əks olunub. Fotoşəkil “Yekun təlimatlar” adlanır.
Fotomüsabiqənin, onun qaliblərinin və sərginin video təqdimatlarına Avropa Azərbaycan Cəmiyyətinin saytında (www.teas.eu) 2015 Avropa Oyunlarına həsr olunmuş bölmədə baxmaq olar.

Oyunlara Portuqaliya mətbuatı da biganə deyil

Birinci Avropa Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarında qızıl medal qazanmış Portuqaliya idmançısı Rui Braqança təəssüratlarını ölkəsinin mətbuatı ilə bölüşüb. O, karyerasında ən böyük uğuru Bakıda qazanmasından və ilk Avropa Oyunlarının qızıl medalının sahibi olmasından məmnunluğunu ifadə edib. “Observador” portalına müsahibəsində idmançı Bakının sanki sehrli bir şəhər olduğunu bildirib.
Rui Braqança taekvondoçu kimi ilk ciddi uğurunu da 2007-ci ildə Bakıda keçirilən gənclər arasında Avropa çempionatında qazandığını, o vaxt üçüncü yeri tutduğunu diqqətə çatdırıb.

Moşe Levin: “Avropada Azərbaycan kimi ikinci tolerant ölkə yoxdur”

Fransada yayımlanan və bu ölkənin yəhudi icmasını təmsil edən “Radio Şalom”un dəvəti ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Avropa Ravvinləri Konfransının icraçı direktoru Moşe Levin radioda çıxış ediblər.

Səfirlikdən bildiriblər ki, E.Əmirbəyov mayın 18-19-da Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair sualları cavablandırıb. Diplomat qeyd edib ki, Forumun keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərin və konfessiyaların nümayəndələrini bir araya gətirərək dünyada mövcud olan actual problemlərə və çağırışlara dair dialoq üçün platformanın yaradılmasıdır. Forumun keçirilməsi ideyası Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəstəklənib. Dünyada artan ekstremist hərəkətlər fonunda bu Forumun keçirilməsi xüsusi önəm daşıyır.
Sonra səfir ölkəmizin qədim tarixindən və zəngin mədəniyyətindən danışıb. O deyib ki, Azərbaycanın qitələrin, sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, xalqımızın dini, etnik və təbii zənginliyi ölkəmizdə tolerantlığa və qarşılıqlı hörmətə şərait yaradır. Azərbaycan xalqı özünəməxsusluğu qoruyub saxlamaqla yanaşı, ətrafında yaşayan hər xalqa hörmətlə yanaşır. Bu harmonik yaşam növü həm Azərbaycan xalqının özündən irəli gəlir, həm də dövlət tərəfindən dəstəklənir. Yəhudi icmasından bəhs edən E.Əmirbəyov qeyd edib ki, Azərbaycandakı yəhudi icması ölkəmizin inkişafına böyük töhfə verir. Bütün dünyada tanınan Mstislav Rastropoviç, Lev Landau, Rixard Zorge və digərləri azərbaycanlıdır.

Azərbaycanın yürütdüyü regional siyasətə dair sualları cavablandıran diplomat vurğulayıb ki, rəsmi Bakı Ermənistan istisna olmaqla bütün ölkələrlə dost münasibəti saxlayır. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini zəbt edib. İşğal olunan ərazilərdə aparılan etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

Azərbaycanın dünyəvilik modelindən danışan M.Levin qeyd edib ki, Avropada Azərbaycan kimi ikinci tolerant ölkə yoxdur. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini və hər səfərdən yalnız xoş xatirələrlə qayıtdığını deyib. “Həm müsəlman dünyası, həm də İsrail ilə dostluq edən Azərbaycan yeganə ölkədir ki, bu cür tədbirlərə ev sahibliyi edə bilər. Yəhudi icması isə heç bir zaman burada hər hansı ayrı-seçkiliklə rastlaşmayıb”, – deyə M.Levin bildirib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər