Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə növbəti ənənəvi görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və Olimpiya çempionu Nazim Hüseynov iştirak edib. Görüşdə iyunun 19-da - yarışın VIII günündə, yəni dünən fəxri kürsüdə öz yerlərini almış idmançılar iştirak edib.
Xatırladaq ki, ötən gün millimiz 1 medal qazanıb. Qızıl mükafat əldə edən taekvondoçu Radik İsayev (+80 kq) MOK rəsmiləri tərəfindən mükafatlandırılıb.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Avropa Oyunlarında dünən uğur qazanan hər bir idmançımızı təbrik edib və Azərbaycanın qazandığı medal sayından məmnun qaldıqlarını deyib.
Sonda Radik İsayev xüsusi şərəf lövhəsinə imza atıb.