“Bakı-2015” Avropanın elit idmançılarını bir araya gətirib. Gələn il Avropada velosiped idmanı üzrə ilk dəfə çempionat keçiriləcək.
Fikrimcə, birinci Avropa Oyunlarında topladığımız təcrübə bu çempionatın yüksək səviyyədə təşkilinə imkan yaradacaq.
Bu sözləri Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen Azərtac-a deyib.
O, ilk Avropa Oyunlarına ən yaxşı idmançıların gəldiyini, hətta onların sırasında Olimpiya çempionunun da olduğunu diqqətə çatdırıb.
David Lappertyen gələcəkdə Azərbaycanda elit idmançılar arasında Avropa və dünya çempionatlarının keçirilməsinin mümkünlüyünü vurğulayaraq deyib: “Niyə də olmasın? Hazırda Azərbaycanda velosiped idmanı üzrə beynəlxalq standartlara uyğun infrastruktur yaradılıb. Sizin güclü velosiped komandanız var. Ölkənizdə yüksək səviyyədə “Tour d'Azerbaidjan” yarışları keçirilib. Bütün bunlar elit kateqoriyalı idmançılar arasında Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsinə imkan verir”.