“Açılış mərasimi dəyərlərimizin təbliğində əhəmiyyətli rol oynadı”
“Ümummilli lider Heydər Əliyev siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin idman sahəsinə diqqət və qayğısı öz bəhrəsini verir. İlk Avropa Oyunları ölkəmizdə idmanın inkişafının, Azərbaycanın iqtisadi gücünün, siyasi nüfuzunun göstəricisi olmaqla yanaşı, beynəlxalq aləmdə respublikamıza göstərilən yüksək inam və etimadın təsdiqidir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Televiziya və Radiosunun səsyazma evinin direktoru, musiqi kollektivlərinin bədii rəhbəri, vokalçı Ramil Qasımov deyib. Onun sözlərinə görə, neçə gündür davam edən birinci Avropa Oyunları ölkəmiz haqda təsəvvürləri tamamilə dəyişib: “Bu gün bütün dünyanın diqqəti Azərbaycandadır. Avropa ölkələrindən yarışlara qoşulmaq üçün gəlmiş idmançılar və xarici turistlər Bakının gözəlliyindən, burada gedən quruculuq işlərindən heyrətlə danışırlar.
Hələ yarışlar başlanmazdan əvvəl Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əminliklə demişdi: “Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq. “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri olacaq”. Avropa Oyunlarının başlandığı ilk gündən sonra dünya mətbuatı bu fikirləri bir daha təsdiq etdi. Bakıda doğrudan da, heyrətamiz idman bayramı yaşanır. Azərbaycan bu gün əsaslı şəkildə dəyişib. Sovet dövründə yaşayan insanlar deyirlər ki, nə vaxtsa, Azərbaycanın bu qədər inkişaf edəcəyi, uğur qazanacağı heç ağlımıza da gəlməzdi. Bütün bunlar yuxuya bənzəyir. Bu oyunlar Bakının şöhrətini dünyaya yaydı. Bu Oyunların belə yüksək səviyyədə keçirilməsində Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri danılmazdı. Onun yüksək təşkilatçılıq bacarığı bu oyunların belə möhtəşəm keçirilməsinin qarantına çevrilib. Azərbaycan hər sahədə sürətlə inkişaf edir. Güclü ordumuz, iqtisadiyyatımız, təhsil, elm, mədəniyyət, paralel olaraq müxtəlif sahələrdə əldə etdiyimiz uğurlar, həqiqətən də, insanı valeh edir. İlk Avropa Oyunlarına mədəniyyət işçiləri də öz töhfələrini verməyə çalışırlar. Birinci Avropa Oyunlarının açılış mərasimi milli-mənəvi dəyərlərimizin təbliğində əhəmiyyətli rol oynadı. Dünya şöhrətli muğam ustası Alim Qasımovun ecazkar ifası, böyük Nizami dünyasına səyahət, “Odlar yurdu”nun təbii gözəllikləri iştirakçıları və milyonlarla televiziya tamaşaçısını heyrətə gətirdi. Eyni zamanda, Avropa Oyunlarınına həsr olunan Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri tərəfindən hazırlanmış musiqi nömrələri (“Zəfər nəğməsi”, “İlk Avropa Oyunları”, “Gözəl diyar”, “Ellər sevinir”, “Qələbə bizimlədir” və “Avropa Oyunları”) idmançılarımıza əsl mənəvi- psixoloji dayaq olur. Azərbaycan istedadlar ölkəsidir.
Müstəqillik dövründə bu istedadların üzə çıxarılması üçün münbit şərait yaradılıb.Mən Azərbaycan Televiziyasında çalışıram və yaradıcı gənclərə ölkə rəhbərinin necə yüksək qayğı və diqqət göstərdiyinin şahidiyəm. Elə idman sahəsində də çalışan gənclərə belə yüksək diqqət vardır. Birinci Avropa Oyunlarının cari nəticələri də bunu təsdiq edir. Bakıya təşrif buyuran əcnəbi qonaqlar bu gün konsert müəssisələrində, televiziyada, teatr və kino müəssisələrində bizim mədəniyyət və musiqimizlə yaxından tanış olurlar. Onlar şəhərimizin gözəlliyindən, mədəniyyətimizdən, qonaqpərvərliyimizdən ağız dolusu danışırlar. Bütün bunlar ölkədə həyata keçirilən uğurlu mədəniyyət siyasətinin real nəticəsidir”.
Nərmin