Mən yarışın təsiri altındayam, bu oyunda qələbəmizə görə çox sevinirəm. Biz Hollandiya komandasına 3:0 hesabı ilə qalib gəldik və bu mərhələdə qarşıya qoyduğumuz məqsədə nail olduq – yarımfinala çıxdıq.
Bu sözləri Azərbaycanın qadın voleybol yığmasının üzvü Odina Bayramova AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.
Hollandiya komandası üzərində qələbədən sonra təəssüratlarını bölüşən Odina Bayramova deyib: “İkinci partiyada oyun gərgin oldu, amma komandamıza inanıram. Yığmamız çox güclüdür. Bizi maraqlandıran yalnız qələbədir. Komandamız qızıl medala layiqdir. Bizim vəzifəmiz finala çıxmaq və birinci olmaqdır”.
Voleybolçu Odina Bayramova sözünə əlavə edərək bildirib ki, iyunun 25-də Türkiyə ilə oyun olacaq. Bununla əlaqədar idmançı deyib: “Bu, rəqibə qalib gəlmək üçün əla imkandır. Keçən dəfə biz səhvlərə yol verdik, ona görə də türklər qələbə qazandılar. İndi isə biz qalib gəlməliyik”.