Birinci Avropa Oyunlarında qılıncoynatma yarışlarının ikinci günündə qadınlar rapira, kişilər şpaqada növdə mübarizə aparır.
Teleqraf.com-un məlumatına görə, bu gün bu növlərdə mükafatçılar bəlli olacaq.
Azərbaycan yığmasının 4 idmançısı da mübarizəyə qoşulub.
Qadınların rapira yarışında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparır. Bu növdə ölkəmiz təmsil olunmayıb.
Kişilərin mübarizəsinə 35 idmançı qatılıb. Onlar 5 qrupda qüvvəsini sınayır. Azərbaycan qılıncoynadanlarından Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edir.
A qrupunda yarışan Kənan Əliyevin ilk görüşü Macarıstan təmsilçisi Mark Hanczvikkel ilə olub. Görüş 5-4 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Bolqarıstanlı Deyan Dobrev ilə qarşılaşmada isə K.Əliyev cəmi 1 xalla rəqibindən geri qalıb: 4-5. Hollandiya təmsilçisi Bas Vervijlen ilə mübarizədə qılıncoynadanımız cəmi 1 xal toplaya bilib. Rəqibi K.Əliyevi 5-1 hesabı ilə məğlub edib. Estoniyalı Nikolai Novosjolovla döyüşdə rəqibi ilə bərabər irəliləyən şpaqaçı sonda aktivinə daha 1 xal artıraraq oyunu qalib başa çatdırıb. K.Əliyev növbəti döyüşünü danimarkalı Frederik Osten Vonderlə keçirib. Təmsilçimiz 3-5 hesabı ilə məğlub olub. İtaliyalı Qabriyel Cimini ilə son döyüşdə də K.Əliyev uduzub: 2-5.
Azərbaycanı B qrupunda təmsil edən Nəcəf Məhərrəmov ilk döyüşündə fransalı Yannik Borellə qarşılaşıb. Qılıncoynadanımız görüşdən 4-5 hesabı ilə məğlub ayrılıb. O, italiyalı Marko Fiçeraya da uduzub: 3-4. İsveçrəli Brus Brunoldla qarşılaşmada isə şpaqaçı cəmi 1 xalla rəqibindən geri qalıb: 4-5. İsrail təmsilçisi İdo Herpe ilə qarşılaşma isə təmsilçimiz üçün 1-5 hesabı ilə məğlubiyyətlə başa çatıb. Macarıstanlı Daniel Berta ilə döyüşün nəticəsi də N.Məhərrəmov üçün eyni olub: 1-5. Azərbaycan şpaqaçısının son görüşü rusiyalı Sergey Kodos ilə olub. Döyüşdən təmsilçimiz 2-5 hesabı ilə məğlub ayrılıb.
C qrupunda çıxış edən Vəkil Nəsibov İsveçrə təmsilçisi Mişel Nigler ilə birinci qarşılaşmada bərabər addımlasa da, sonda 1 xalla rəqibindən geri qalıb: 4-5. Fransalı İvan Trevejo ilə mübarizə də asan olmayıb. Qılıncoynadanımız 2-5 hesabı ilə rəqibinə uduzub. İtaliyalı Qabriyel Bino ilə döyüşdə isə təmsilçimiz cəmi 2 xal toplaya bilib. Döyüş 2-5 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Macarıstanlı Matyas Faylla yarışdan da V.Nəsibov məğlub ayrılıb: 3-5. Şpaqaçımız rusiyalı Sergey Bidaya isə 2-5 hesabı ilə uduzub. V.Nəsibov ukraynalı Boqdan Nikişinlə sonuncu döyüşdə heç bir xal qazana bilməyib. Görüş 0-5 hesabı ilə rəqibin üstünlüyü ilə nəticələnib.
E qrupundakı Mehrab Həsənov ilk görüşdə italiyalı Andrea Santarellini sınağa çəkib. Təmsilçimiz birinci döyüşündən 3-5 hesabı ilə məğlub ayrılıb. İsveçrə təmsilçisi Georg Kuhnla mübarizədə Azərbaycan şpaqaçısı cəmi 1 xalla rəqibindən geri qalıb: 4-5. Qılıncoynadanımızın finlandiyalı Niko Vuorinen ilə qarşılaşması ağır keçib. M.Həsənov döyüşdən 2-5 hesabı ilə məğlub ayrılıb. Rusiyalı Anton Qlebko ilə döyüşdə də şpaqaçımız uduzub: 1-5. Fransa təmsilçisi Daniel Jerent ilə görüş 2-5 hesabı ilə rəqibin üstünlüyü ilə başa çatıb. Sonuncu döyüşdə latviyalı Mixails Jefremenko ilə bərabər hesabla addımlayan M.Həsənov son anda 1 xal fərqi ilə məğlub olub: 4-5.
Heç bir təmsilçimiz 1/16 final mərhələsinə keçə bilməyib.
Nərgiz