24 İyun 2015 13:02
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qılıncoynatma yarışlarının ikinci günündə kişilər arasında fərdi şpaqa növündə mübarizədən məğlub ayrılan qılıncoynadanlarımız Teleqraf.com-a döyüşləri barədə şərh veriblər.

A qrupunda çıxış edən Kənan Əliyev cəmi 2 rəqibinə qalib gəlməyi bacarıb, lakin o, 1/16 final mərhələsinə yüksələ bilməyib.

Güclü rəqiblərlə qarşılaşdığını deyən Kənan Əliyev bildirib ki, döyüşdüyü şpaqaçıların hər biri titullu və reytinqli olub: “Yarışdığım A qrupunda Avropa çempionları, dünya kubokunun sahibləri vardı. Mübarizə aparmaq çətin idi. Azərbaycan kimi qılıncoynatma inkişaf etməmiş ölkədə bu cür rəqibləri qarşılamaq asan deyildi. Amma yenə də çalışdım ki, rəqiblərə boyun əyməyək, qafqazlı olduğumuzu göstərək. Əlimdən gələni etdim, amma təəssüf ki, növbəti mərhələyə adlaya bilmədim. Bir idmançı kimi bütün gücümü qoyuram ki, etimadı doğruldum”.

14 yaşından qılıncoynatma ilə məşğul olduğunu söyləyən K.Əliyev Qafqaz kubokunun sahibi olub: “4 dəfə Azərbaycan çempionu adını qazanmışam. Türkiyə və Gürcüstan kubokuna sahib olmuşam. Dünya kubokunda 5-ci, Avropa çempionatında isə 11-ci yeri tutmuşam. Bizim idman növündə idmançı sayı 100 nəfəri ötür. Azərbaycan təmsilçisinin ilk onluğa daxil olması prestijli bir nəticə hesab olunur. İlk 64-lüyə dünya reytinqində xal verirlər”.

Şpaqatçnın fikrincə, qılındoynadanlarımızın zəif çıxışına maddi problemlər təsir göstərir: “Sovet vaxtı Bakı məktəbi bütün dünyada məşhur olub. O dövrki məşqçilər indi dünyanın bir çox ölkələrində məşqçilik edirlər. İkiqat Olimpiya çempionu İlqar Məmmədov Rusiyada baş məşqçidir. ABŞ, Honkonqda və dünyanın müxtəlif ölkələrində Bakı məktəbini görmüş qılıncoynadanlar yığmalara məşq keçir. Təəssüf ki, onları vətəndə saxlamaq mümkün olmayıb. Çünki maddi problemlər buna imkan verməyib. İnşallah, gələcəkdə Azərbaycanı yenidən qılıncoynatma ölkəsi edəcəyik”.

K.Əliyev əlavə edib ki, Avropa Oyunlarının təşkilatçılığından razıdır: “Mən çox turnirlərdə iştirak edirəm, hətta bir neçə həftə əvvəl İsveçrədə Avropa çempionatında idik, Avropa Oyunlarındakı təşkilatçılıq oradakı turnirdən dəfələrlə yaxşı idi. İnanıram ki, Yay Olimpiya Oyunlarının ev sahibliyi hüququ Azərbaycana verilsə, o da yetərincə yaxşı təşkil ediləcək”.

Nəcəf Məhərrəmov də rəqiblərinin seçilmiş və yüksək reytinqi olan idmançılar olduğunu söyləyib: “Rəqiblərlə mübarizə çətin oldu. Digər idman növləri kimi qılıncoynatmaya da diqqət yetirilsəydi, biz şpaqaçılar uğurlu nəticələr göstərərdik. Beynəlxalq turnirlərdə az iştirak etdiyimizə görə təcrübəmiz yoxdur. Qılıncoynatma elə idman növüdür ki, burada təcrübə əsas rol oynayır. Bütün bunlarla müqayisədə nəticəmizin pis olduğunu deməzdim. Çünki öz gücümüzə hazırlaşıb yarışda iştirak etmişik”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər