“The Nyu York Times” qəzetində Azərbaycanın Formula 1 yarışlarına hazırlaşdığı haqda məqalə dərc olunub.
Publika.az xəbər verir ki, “Bakı Formula 1 yarışlarında debüt etməyə hazırlaşır” başlıqlı məqalədə hazırda Azərbaycan paytaxtında I Avropa Oyunları kimi böyük idman yarışının keçirildiyi qeyd olunur: “I Avropa Oyunlarında idman xəritəsini yaradan Bakı gələn il öz küçələrində daha çox azarkeş kütləsinə malik olan Formula 1 yarışlarını qəbul edəcək. Azərbaycan Bakı Qranprisi adlandırılan bu yarışlar üçün indidən hazırlığa başlayıb”.
Bakı Qranprisi üzrə əməliyyat komitəsinin rəhbəri Çingiz Mehdiyev qəzetin əməkdaşlarına müsahibəsində bildirib ki, yarışlar üçün lazım olan hər şey həyata keçirilir: “Biz artıq başa çatmaqda olan layihə üzərində işləyirik. Lakin görüləsi işlər var və bunları mərhələli olaraq həyata keçirdirik. Bütün işlər yarışdan əvvəl plana uyğun şəkildə reallaşacaq”.
Məqalədə qeyd olunur ki, köhnə şəhərin möhtəşəm arxitekturası, şəhər mərkəzi və Xəzər dənizinin ətrafını əhatələyən yol artıq təsdiqlənib.
“Hesab edirəm ki, bu yarışlar fantastik olacaq. Avtomobillər dənizkənarı üzrə irəliləyərək UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan İçərişəhər ətrafından keçəcəklər. Bu sürücülər üçün geniş meydan deməkdir”, - deyə Mehdiyev vurğulayıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilmə tarixi yenidir, lakin Bakı öz potensialından çıxış edərək iddiasını irəli sürür.
“The Nyu York Times” gənclər və idman naziri Azad Rəhimovun “Röyters” agentliyinə müsahibəsində dediyi fikirlərə də yer verib: “Bizim üçün dünyanın idman xəritəsində yerimizi tutmaq vacibdir. Əslində biz idman üslubu olan ölkəyik. Ölkəmizdə böyük gənc nəsil var. Azərbaycan əhalisinin 66 faizinin yaşı 55-dən aşağıdır”.
Məqalədə bildirilir ki, hazırda Bakıda Avropa Oyunları səviyyəsində böyük idman yarışı keçirilir.
“Qarşıda Bakını digər böyük yarışlar da gözləyir. Misal üçün, 42-ci Şahmat Olimpiadası və futbol üzrə Avropa Çempionatının bir neçə qrup oyunları Azərbaycanın paytaxtında təşkil olunacaq.
Məqalənin tam variantı ilə burdan tanış ola bilərsiniz: