“Mən ona dedim ki, cənab Prezident əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Və söz vermişdim ki, bu medalı ona Silahlı Qüvvələrn yaranması günü hədiyyə edəcəm. Etdim də”.
Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında gözdən əlil kişi cüdoçular arasında qızıl medal qazanmış paracüdoçumuz, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev təltifetmə zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə olan qısa dialoqunu açıqlayarkən deyib.
Çempion qeyd edib ki, o, bu yarışın məsuliyyətini dərk edərək ona çox ciddi hazırlaşıb: “Bu yarışa çox ciddi hazırlaşırdıq. Mənə xəbər veriləndə ki, Avropa Oyunlarında güləşəcəm, bu məsuliyyəti dərk elədim. Mən uzun müddətdir olimpiya yığma komandasına hazırlaşırdım. Bir az xırda zədələr olsa da, Allaha şükür ki, onlar bizə bu yarışda ölkəmizi layiqincə təmsil etməyə mane olmadı. Bütün Azərbaycan məndən bu qızılı gözləyirdi”.
Avropa Oyunlarının qalibi qazandığı medalı dövlət başçısı, Azərbaycan xalqı və bu gün doğum günü olan oğluna hədiyyə etdiyini açıqladı: “Bu il Avropa Oyunları tarixi bir hadisə idi. Prezident İlham Əliyev və birinci xanım mehriban Əliyeva tərəfindən mənə iki missiya tapşırılmışdı. Birincisi Oyunların açılış mərasimində məşəli alovlandırmaq və yarışda Azərbaycanı təmsil etmək. Mən Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, ayın 26-sı güləşəcəm. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Söz vermişdim ki, Ali Baş Komandanımıza medal hədiyyə edim. Həmd olsun Allahın böyüklüyünə ki, bunun öhdəsindən gəldim. Bu medalı mən cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə və bütün xalqımıza həsr edirəm. Allah hamının balasını saxlasın. Bu gün bizim Həmzə balamızın da 2 yaşı tamam oldu. Atası tərəfindən ona da bu medal ən böyük hədiyyə olar”.
Paracüdoçumuz finalda qarşılaşdığı rəqibi barəsində də maraqlı hadisə danışıb: “Final döyüşündəki rəqibi ilə 2 il əvvəl Avropa çempionatında komanda yarışında qarşılaşıb. Hesab 2:2 olan zaman onunla üz-üzə gəlib və onu məğlub edərək komandamıza qələbə qazandırıb: “O mənə dedi ki, mən məşq edəcəm və səni udacam. Mən də dedim ki, get, məşq elə, baxarıq. Dünən tərəziyə, çəkiyə çıxanda mən onun qolundan tutdum, qolunu yoxladım. Dedim məni udmaq istəyirsən? O da gülərək dedi ki, İlham səni udmaq olar? Nəhayət, finalda da ki, mən nəticəni göstərdim”.
İlham Zəkiyev xarici KİV-lərdə özü haqqında yer alan məqalələrdə onun Qarabağ döyüşlərində iştirak etməsi və məhz bu zaman yaralanmasının yer almasına da münasibət bildirib: “Mən utanmıram yaralanmağımdan. Mən gözlərimin nurunu, əsgərlikdə olarkən, döyüş tapşırığını yerinə yetirərkən, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirmişəm. Hər yerdə də məndən soruşanda ki, zədəni harda almısan, mən fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm. Mən bundan utanmıram. Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha sübut etdik”.